Cəlaloğlunun "Qadınlar niyə əsgər getmir" sualına tutarlı cavab - Səid Əfəndi yazır Tarix : 03 Sentyabr 2020, 15:47
 
Sərdar Cəlaloğlunun məşhur müsahibəsini yəqin hamı xatırlayır. Həmin müsahibəni 20 mindən çox adam səhifəsində paylaşmışdı.
S.Cəlaloğlu müsahibəsində Mircəfər Bağırov tonu, Mircəfər Bağırov zəhmi, kobudluğu ilə soruşurdu: "Sizi (qadınları) əsgərliyə aparırlar? Heç fikirləşirsiniz ki, qanun qarşısında bərabəriksə, bizi (qadınları) niyə əsgər aparmırlar? Qanun qarşısında bərabəriksə, mən (kişi) niyə gedib cəbhədə ölməliyəm, sən (qadın) yox?! Qadınlar bu suala cavab verə bilər? İsraildə, Norveçdə, Amerikada qadınları əsgərliyə aparırlar, Azərbaycanda yox." 

Sərdar bəyin qarşı tərəfin tez-tez sözünü çox kobud şəkildə kəsməsi gizli də olsa qadınlara belə bir mesaj verir: "Gedin "kuxnaya" qabıVızı yuyun". 

Nitqdə aşağılama, mədəni olmayan münasibət açıq-aşkar hiss edilirdi.

Ölkədə savadlı feminist az olduğundan həmin vaxt Sərdar Cəlaloğluna tutarlı cavab verən olmadı. Lakin Aysel Əlizadənin "Qızlar ağlamaz" kitabında buna çox güclü əks arqumentlər göstərilir.

Əsər haqqında yazmadan öncə qeyd edim ki, dünyada ən dəhşətli müharibə İkinci Dünya Savaşı olub ki, 10 minlərlə qadın ön cəbhədə kişilərlə bərabər döyüşüb.

Qarabağ döyüşündə də yüzlərlə qadın ön cəbhədə düşmənlə döyüşüb. Çox sonralar isə deputatlardan biri onları fahişə, ər axtaran, boşanan adlandırdı. Halbuki ölkənin bu günə düşməsi də, Qarabağın itirilməsi də qadınlara görə yox, dostunu, mənliyini, şərəfini, vicdanını, sevdiklərini, vətənini satan, mənəviyyatca fahişə olan kişilərə görədi. Deputatın da etiraf elədiyi kimi, o dövrdə hətta pozğun sayılan qadınlar da torpağı qorumaq üçün müharibəyə gedirdilər.

Aysel Əlizadə "Qızlar ağlamaz" kitabında yazır:

"Gəlin, savaşlar zamanı qadınların hansı faciələr yaşadıqlarına baxaq. Qadınlar əsir düşür, zorlanır, aşağılanırlar. Kişi savaşır, ən böyük zərbəni qadın alır. Osmanlı haranı basıb, ordan öz hərəmxanasına qadın gətirib. Monqollar haranı yağmalayıb, qadınlara cumublar. Hələ də bəşəriyyət bu cümləni böyük iş olubmuş kimi işlədir: "Dünyanın hər yerində Çingizxanın törəmələri var". Hara gedib qadın zorlayıb... Bir-birinin torpağına girirlər, əzabını qadınlar çəkir. Əsgəri də qadına doğuzdururlar. Əsirlikdə də daha çox qadın alçaldılır. Evdə qoyduqları ailəyə qadın baxır. Uşaqlarını böyüdür. Qarabağ savaşında əsir düşən qadınlar... onların taleyindən xəbərimiz varmı?
İkinci Dünya Savaşında qadınlara edilən zülmün əvəzini dünya ölkələri hələ də ödəyə bilmir. Fransada alman əsgərlərinin zorladığı qadınları, azmış kimi fransızlar özləri də alçaldırdılar. Bir insanı necə aşağılamaq mümkündürsə, o cür.

Hamının gözü önündə işgəncə verirdilər. Meydana toplaşanlar əllərinə gələni atır, söyür, tüpürürdülər. "Xəyanətkar" deyirdilər o qadınlara. Sanki almanları fransaya onlar buraxmışdı. Çılpaq soyundurub bədənlərini svastika ilə damğalayırdılar. Bəzilərini güllələyirdilər, bəziləri dözməyib özünü öldürürdü. O qadınların almanlardan doğulan uşaqları üzərində tibbi təcrübə aparıldığı da deyilir. Fransada 20 mindən çox qadına bunlar edilib. Norveçdə də eynən- 15 min qadın yaşayıb bu dəhşəti.

2005-ci ildə savaşın bu günahsız qurbanları yaşadıqlarına görə kompensasiya aldı. 2018-ci ildə Norveç hökuməti alman zabitlərə görə repressiyaya uğrayan qadınlar və onların ailələrindən rəsmən üzr istədi.

Sovetlər Birliyində də eyni şey baş verib..."

Sərdar Cəlaloğlunun dediyi 2-ci məsələyə elə kitabdan çox maraqlı əks arqumentlər gətirməklə fikrimi bitirmək istəyirəm, məncə əlavə sözə ehtiyac qalmır: "Qızlarımızın hərbi qulluğa getməsi mental səbəbdən qadağan edilməyib...Qadınların hərbiyə getdiyi ölkələrdə əsgərlik bildiyiniz zülm-zillət, ehtiyac, kir-pas deyil. Orada əsgəri öldürüb ailəsinin üstünə heç nə olmamış kimi göndərmirlər. İsraildə qızlar da hərbi təlim keçir. Ümumən bütün əsgərlər təlimdən sonra evdə gecələyə bilir. Əsgər qızın gələcək həyatı təmin edilir. İstədiyi universitetə girə bilir. İş verilir, imtiyazları olur. Batalyonda hansı qızdan soruşsaz, "vətəni qorumaq təkcə kişilərin yox, qadınların da işidi", - deyəcək. Ölkəni birgə ayağa qaldırırlar - qadınlı-kişili. Qısası, inkişaf etmiş ölkələrdə hərbi xidmət fərqlidir. Orada kütləvi hərbi xidmət deyilən anlayış yoxdur. Hərbiçilik peşədir". 

Səid Əfəndi
qadinkimi.com