YAZI / DÜŞÜNCƏ
Bu zaman Stalinin otuz doqquz, Nadejdanın on yeddi yaşı vardı. Tarix : 21 İyul 2020, 09:38
Stalinin ikinci həyat yoldaşı Nadejda Sergeyevna Alliluyeva 1901-ci ildə Bakıda doğulmuşdu. Onun atası Sergey Yakovleviç peşəkar inqilabçı idi.
Stalinlə Sergey köhnənin tanışları idilər. Hətta, Nadejda uşaq olarkən gənc Koba bir müddət Bakıda onların evində yaşamışdı. Bir çox tarixçilər gənc inqilabçı ilə yaşlı Sergeyin arvadı Olqanın çox yaxın münasibətdə olduğunu da yazırlar. Onlar yaşıd idilər. Sergey Alliluyev gənclərin bu "dostluğuna” xüsusi əhəmiyyət vermirdi.
Stalinlə Nadejda 1918-ci ildə ailə qurdular. Bu zaman Stalinin otuz doqquz, Nadejdanın on yeddi yaşı vardı.
Bu izdivacdan onların iki övladı dünyaya gəlmişdi: Vasili və Svetlana.

Nadejda bir müddət milli münasibətlər komissarlığında Stalinin yanında, habelə "İnqilab və mədəniyyət” jurnalında, "Pravda” qəzetində işləmişdi. Onun fəaliyyətinin böyük bir qismi Xalq Komissarları Soveti (XKS) ilə bağlı olub. Nadejda Semyonovna burada Leninin katibliyində çalışırdı. Hətta, deyilənə görə, Stalin onun vasitəsilə Leninə gələn gizli, məxfi məktubları əldə edərək qarşılayıcı tədbirlər görürmüş.
 
Stalin kobud, kinli, qisasçı bir adamdı. Məsələn, o, 1921-ci ildə bir müddət arvadı ona "siz” deyə müraciət etmədiyi üçün danışmayıb. Həmin il Nadejda partiyadan azad edilib bir müddət sonra yenidən bərpa olunmuşdu. 
Bir dəfə növbəti ailə mübahisəsi zamanı Nadejda ərinə demişdi: "Sən başqasına əzab verməkdən həzz alırsan. Öz öğlunu, öz arvadını, hətta bütün ölkəni əzməkdən feyziyab olursan”.
 
Nadejda "Promakademiya”da oxuyarkən rektordan başqa heç kəs onun Stalinin arvadı olduğunu bilmirdi. İşə və dərsə ictimai nəqliyyatla gedib-gəlirdi.
Zəruri qeyd. Sonralar Sov.İKP MK-nın lideri olan Nikita Sergeyeviç Xruşşov Nadejdanın tələbə yoldaşı olub. O zaman gənc Xruşşovu ərinə məhz Nadejda təqdim edib.
 Nadejda Alliluyeva təbiətən ürəyiyumşaq, emosional, azadlıqsevər bir qadındı. O, tələbə və iş yoldaşlarını dəfələrlə repressiyanın cəngindən xilas edə bilmişdi. Amma bəzən cəza idarələri onu eşitmirdi. Bir dəfə növbəti xahiş zamanı OQPU-nun rəhbəri Henrix Yaqoda onun xahişini yerinə yetirməkdən imtina edib: "Mən artıq heç nə edə bilmərəm. Çox şey mənim imkanım xaricindədir”.
O, Leninqradda yaşayan valideynlərinə, Xarkovdakı bacısına tez-tez baş çəkirdi. Daim sadə adamların arasında olurdu. Ölkədə baş verən faciələrin, yaranan xofun, həyata keçirilən repressiv tədbirlərin şahidi kimi hədsiz əzab çəkirdi. O, yeganə adam idi ki, ərinə öz iradını deyə bilirdi. Bu "iradlara” görə Stalin onu bir neçə dəfə təhqir etmişdi.
 
Nadejda Alliluyevanın iki yaxın rəfiqəsi vardı. Sonralar Stalin hər iki qadını amansız şəkildə cəzalandırdı. Bunlardan biri Polina Semyonovna Jemçujina Stalinin silahdaşı, SSRİ-nin Xarici İşlər naziri və Baş naziri olmuş Vyeçeslav Molotovun arvadı idi.

Zəruri qeyd. Jemçujinanın əsl ad-soyadı Perl Karpovskayadır. Yəhudi ailəsində doğulub. 1921-ci ildə Vyaçeslav Mixayloviç Molotovla ailə qurub. Jemçujina yüksək dövlət postlarında olub. SSRİ balıq sənayesi naziri, habelə yüngül sənaye naziri vəzifəsində çalışıb.
 
48-ci ildə partiyadan xaric edilmiş, 1949-cu ildə "yəhudi millətçiləri ilə uzun illər cinayət əlaqəsinə görə” maddəsi ilə həbs olunub. Onunla bərabər bir sıra yaxın qohumları, habelə qardaş və bacısı da həbs edilmiş və məhbəsdə həlak olmuşlar. Stalin ölən günün səhəri Beriyanın əmri ilə həbsdən azad olunaraq partiyaya bərpa olundu. Ömrünün sonunacan Stalin ideyalarına sadiq qalıb. 1970-ci ildə vəfat edib.

Nadejdanın digər rəfiqəsi Stalinin əvvəlki arvadının qardaşı Aleksandrın həyat yoldaşı Mariya idi.

Zəruri qeyd. Opera müğənnisi Mariya Anisimovna Svanidze (Korona) 1939-cu ildə həbs olunmuş, 1942-ci il mart ayının üçündə "NKVD”-nin çıxardığı qərara əsasən güllələnib. Onun bacısı Mariko da "xalq düşməni” kimi ölümə məhkum olunub.

Aleksandr Semyonoviç Svanidze 1886-cı ildə Gürcüstanda doğulub. Stalinin birinci arvadının qardaşı, opera müğənnisi Mariya Anisimovna Svanidzenin (Korona) əri. Stalinin ən yaxın dostlarından biri. Tanınmış bolşevik, tarixçi və iqtisadçı. Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan” poemasını gürcü dilindən ruscaya tərcümə edib. 1937-ci ildə ildə "yejovçu” və "alman casusu” kimi şərlənərək həbs olunmuşdu. Həbsxanada ona təklif olunub ki, Stalinin adına əfv məktubu yazsa, qaynı onu bağışlayacaq. Aleksandr Semyonoviç əsəbiləşərək deyib: "Axı mən Stalindən nə üçün əfv olunmağımı xahiş etməliyəm? Bəyəm bir cinayətim olub?” O, bağışlanma xahişi etmədi. Müharibə başlayandan az sonra, 1941-ci il avqust ayının 20-də güllələndi. Stalin qaynının əfv ərizəsi yazmadığını eşidərkən istehza ilə belə deyib: "Bir buna bax, gör necə qürurludur, ölümü xahişdən üstün bilib”.

İntihara səbəb kimi bir gün əvvəl - 1932-ci il noyabrın 7-də Voroşilovun mənzilində ziyafət zamanı ər-arvad arasındakı kiçik mübahisə də qeyd olunur. Bütün partiya rəhbərliyi Kliment Varaşilovun evində inqilabın onbeş illiyini qeyd edirdi. Məclisdə Nadejdadan başqa hamı içirdi. Stalin guya zarafat edirmiş kimi narıngi qabığını arvadının üstünə ataraq qışqırıb: "Ey, sən də iç”. Qadın əsəbiləşib ona sərt cavab vermişdi: "Mən səninçün nə "ey”əm, nə də "sən”...”.

Deyilənə görə, Nadejda Alliluyeva mübahisədən sonra ziyafəti əsəbi halda tərk edərək evə qayıdıb, Stalin isə bağa gedib. Gecə Nadejda bir neçə dəfə Stalinə zəng vursa da, o, bu zənglərə məhəl qoymayıb. Stalin səhəri gün də evə gəlməyib. Sonralar nəzarətçilərin dediyi kimi, sevdiyi xanımın yanına gedibmiş.

Zəruri qeyd. Həmin xanım məşhur opera müğənnisi Vara Davıdova olub. Onun əsl soyadı Mçedlidze idi.

Təbiəti etibarilə çox ailəcanlı və qısqanc Nadya ərinin müğənniyə sevgisindən xəbərdar idi. Noyabrın səkkizindən doqquzuna keçən gecə Alliluyeva vaxtilə ona hədiyyə olunmuş silahı - "Valter” tapançasını götürüb alnına dirəyir. İntihar edir. Səhər  bayram konserti olacaqdı.

Nadejda Alliluyevanın xaç atası görkəmli partiya və dövlət xadimi Avel Safranoviç Yenukidze olmuşdu. Stalin arvadı dəfn olunan gün Yenukidzeni çağırıb dedi: "Onu sən xtistian etmisən, get indi özün dəfn elə”.

Zəruri qeyd. Yenukidze 1937-ci ildə "xalq düşməni” kimi güllələndi.

Nadejda Alliluyevanın intiharı və ya öldürülməsi ilə bağlı hələ Stalinin öz sağlığında çoxlu fikir və şayiələr yayılmışdı.

Rəsmi "Pravda” qəzetində Stalinə verilən başsağlığında Alliluyevanın kor bağırsaqdan əməliyyat olunarkən vəfat etdiyi göstərilirdi.

Müəmmalı olümlə bağlı digər versiyalar da mövcuddur. Hətta, deyilir ki, Nadejda Alliluyevanı elə Stalinin yanında Budyonnı güllələyib.

Bəziləri Alliluyevanın özünü öldürməsinin səbəbini ərinin törətdiyi repressiyaların doğurduğu dəhşətlərlə bağlayırlar.

Nadejdanın Stalinin birinci nikahdan doğulmuş oğlu Yakovla yaxın əlaqəsinin olduğunu və buna görə hiddətlənən Stalin tərəfindən güllələndiyini deyənlər də var.

Nadejdanın yaxın rəfiqəsi və Stalinin qaynı arvadı, bayaq haqqında söhbət açdığımız Mariya Svanidze öz gündəliyində yazırdı ki, bu hadisədən Stalin hədsiz dərəcədə sarsılmışdı. Həmin xanım onu da yazır ki, Nadejda son vaxtlar erkən klimaks və kəskin başağrılarından əziyyət çəkirdi.

Stalinin qızı Svetlananın yazdığına görə bu intihara səbəb anasının psixoloji halı-səhhəti olub.

Həmin məclisdə iştirak edən Molotov öz gündəliyində bu intiharı qısqanclıqla bağlayır və yazırdı: "Onun damarından qaraçı qanı axır”.
Stalinin arvadının dəfni noyabrın onbirində baş tutdu. O, Novodeviçye qəbristanlığında torpağa tapşırıldı.
 Stalinin bioqrafiyasının tədqiqatçısı Dmitri Volkaqonov yazır ki, Nadejda ərinə ölümqabağı məktub yazıbmış. Sonralar bu məktub yoxa çıxdı.
Bir çoxları "ellər atasının” dəfndə iştirak etmədiyini yazsalar da, bu yanlış informasiya sayıla bilər; çünki Baş katibin cangüdəni yazır ki, Stalin öz arvadının dəfnində sonacan iştirak etmişdi.

Baş katibin arvadının faciəli həyatı




Bir müddət sonra Nadejda Alliluyevanın məzarının üstündə ağ mərmərdən heykəl qoyuldu. Orada bu sözlər yazılmışdı: "Nadejda Sergeyevna Alliluyeva-Stalina /1901-1932/ ÜK(b)P-nin üzvü. İ.V. Stalindən xatirə”.
 
 
Firuz Mustafa, yazıçı-dramaturq
 
qadinkimi.com