DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) 2017- ci ildən etibarən Bakıda təşkil olunan film festivalıdır. Festivalın növbəti nüsxəsi 4-9 oktyabr, 2018-ci il tarixləri arasında keçiriləcək. Tədbirdə dünyanın müxtəlif yerlərində mükafatlara layiq görülmüş sənədli filmlər nümayiş etdiriləcək.
Bu ilki DokuBaku festivalı qadınlara həsr edilib.
Azərbaycanlı auditoriyanı sənədli film janrı ilə tanış etməkdən əlavə, DokuBaku BSFF yeni filmlərin çəkilməsini və nümayişini təşviq edərək yerli filmmeykerlərə dəstək olmağı özünə məqsəd qoyub. Film nümayişlərinin ardından, rejissorların və auditoriyanın iştirakı ilə, filmlərdə ələ alınan müxtəlif sosial məsələlərlə bağlı müzakirələr və debatlar da təşkil olunacaq. İnanırıq ki, DokuBakuda nümayiş olunan filmlər və təşkil olunan tədbirlər, çeşidliliyi və əhatə etdiyi mövzular sayəsində Azərbaycanın mədəniyyət sferasında böyük bir boşluğu dolduracaq və yerli kinonun inkişafına töhfə verəcək.
Qısa Film Müsabiqəsi 2 - Qadınlar
Qadınlar, onların yaşadıqları ölkələrdə keçdiyi həyat yolları, mübarizələri, cəsarətləri və bəzən vəziyyətlə barışmaları ilə bağlı hekayələr.
Nümayiş
Şənbə 6 oktyabr | 16:30 |
Sığınacaq
Məryəm Mirzəyeva | Azərbaycan | 2018 | 34 dəq | Azərbaycan dilində EN subtitrlərlə
Sığınacaq filmi Bakıda yerləşən qadın və uşaq sığınacağı haqda sənədli filmdir. Filmdə sığınacağın sakinlərinin həyatları ilə yaxından tanış olub, onları buraya gətirən hekayələri eşidirik. Sığınacaqda baş tutmuş xeyriyyə tədbiri filmdə işıqlandırılır. Uzun müddətdir getməyə başqa yerləri olmadığından bu məkandan çıxmayan insanlar üçün bu tədbirin olduğu gün çox xüsusi bir gün idi.
Qarlı Yollar
Hayedeh Moradi | Iran | 2018 | 30 dəq | Azərbaycan dilində EN subtitrlərlə
Ərdəbil ailədə və təhsil sistemində qızlarla oğlanlar arasındakı ayrıseçkiliyin açıq-aşkar olduğu sərhəd şəhərlərindən biridir. Əyalətin 1855 kəndindən yalnız 224-ündə qızlar üçün tam orta məktəblər var; yəni qızların 95%-i məktəbi erkən tərk etməyə məcburdurlar. Ənənələrə bağlı ailələrdən gələn təzyiq bir yandan, təhsil sisteminin əskiklikləri digər yandan bu qızları həyatlarını anaları və nənələri kimi yaşamağa məcbur edir. Film bu şəraitdə yaşayan üç uşağın həyatını işıqlandırır.
A WoMan
Gülnar Səlimova | Azərbaycan | 2017 | 10 dəq | Azərbaycan dilində EN subtitrlərlə
Qadın olmaq nə deməkdir? Çox yaxınlaradək transgender qadınlar həqiqi qadınlar sayılmırdılar. 30 yaşlarında bir qadın kimi, qadın olmağın nə olduğunu unutmuşam, qadın dostlarımdan da bunun necə bir şey olduğunu eşitmirəm. Bu film-essedə qadınların daxili dünyasına, filmin əsas qəhrəmanların olan, gündəlik olaraq kimlikləri uğrunda mübarizə aparan transgender qadınlar üzərindən səyahət edirik.
Tanya
Mariya Sediayeva | Rusiya | 2017 | 5 dəq | Rus dilində EN & AZ subtitrlərlə
Təyyarəyə minir və ağlayır. Bir neçə saata yeni həyat başlayacaq amm bu həyatı necə yaşayacağını bilmir.
Cahanın Dünyası
Lalə Əliyeva | Azərbaycan | 2018 | 40 dəq | Azərbaycan dilində EN subtitrlərlə
Gürcüstanın Kvemo Kartli vilayətinin Fəxrəli kəndində yaşayan etnik azərbaycanlı 62 yaşlı qadının gündəlik həyatına yaxından baxış. O, eyni zamanda ana, həyat yoldaşı, fermer, zəhmətkeş işçi, dost və baxıcıdır. Onun adı Cahandır. İstədiyi yeganə şey işlərini bitirib bir az dincəlməkdir.