Qələbə-söz özü sözəgəlməz duyğular yaşadır.
Qalib olmaqdan gözəl nə var?
Adicə dərs prosesində təkrar və ya mövzuyla bağlı sorğu keçirirsən "kim birinci olacaq” deyə. Qalibin üzündəki ifadə yaşamaq gücü verir. Sabaha aparır. İnam yaradır.
Qalib olmaq ağrılardan, ağırlıqdan qurtulmaqdır. Qalib olmaq zəncirləri qırıb atmaqdır.
Qələbə namərdlik edən, vəhşiliyi ağla sığmayan, illər, əsrlər boyu torpağına göz dikən düşməndən torpaqlarını almaqdır. Belə düşmənin varsa, qələbə asan olmayacaq, qurbanlar verəcəksən. Canından keçməyə hazır olacaqsan. Vətən Savaşının igidləri kimi:
Ərənlərim...
Sizdən sonra yağış yağır...
Sizdən sonra dayanmır yağış,
dəyişib yağış da...
Ana, ata, bala,
sevgili səsi var yağışda.
Sizdən sonra danışır yağış.
Sizdən sonra çoxalıb yağış.
Arzulara hopub qarışır torpağa
Azadlıq ətri gəlir torpaqdan...
Azadlıq ətri nə gözəldi. İşğalda olan torpaqların azadlığı ruhun azadlığıdır elə bil. Var olmanın azadlığıdır.
Müharibələri insanların insanlığa xəyanəti hesab edirəm əslində. Kaşki insanlıq-sülh qalib olaydı. Amma qonşun xaindisə, torpağına göz tikirsə, silahı yerə qoymayacaqsan. Ləyaqətini ləyaqətsizdən qoruyacaqsan. Qonşun xaindisə, unutmayacaqsan xəyanətlərini. Unutmayacaqsan! Namərdlə qonşusansa, ayıq-sayıq olacaqsan! Əslində yaşadıqlarımız bizə unutqanlığımızın cəzasıdır.
Erməni xəyanəti, vəhşiliyi əsrlərin yaddaşıdır artıq. Tariximizdir. Öyrəndikcə onlara deyil, özümüzə heyrət edirəm. Necə bu qədər unutqan ola bilmişik? Bu qədər bağışlamışıq? Güzəştə getmişik.
Hər şeyi unutmaq, həmişə bağışlamaq olmur. Bağışlamağın sonucu həmişə böyüklük deyil.
İllərdi dövlətimizin rəhbəri Ali Baş Komandan sülh yolu ilə, danışıqlarla, bütün insani qanunlarla Ermənistanın işğal etdiyi torpaqlarımızdan çıxmasına çalışır. İllərdi atəşkəsi qorumağa çalışır dövlətimiz.
Müharibənin fəlakət olduğunu bilirik. Amma fəlakət qonşundusa, bir gün səbrin daşar və yumruğun qalxar, dəmirə dönər, düşmənin başına enər. Nə yaxşı ki!
Bu güclü olmanın göstərisi deyil. Bu haqqını qorumaqdır.
Bu həm də güclü olduğunun göstərisidir.
Nə olursa olsun, dövlətini qorumalısan, torpağını qorumalısan.
Adın gələndə nəfəsim dayanır Vətən. Sənin uğruna yaşamaqdan gözəl nə var? Səni azad görməkdən ötə nə olar?
Torpaqlarını xainlərin xəyanətindən azad etməkdən uca hansı qəhrəmanlıq var? Bunu yaşamaqdan üstün hansı duyğu var?
Sənin uğruna Qalib olmaq müqəddəslikdir!
Qələbə günü müqəddəsdir.
Qələbən mübarək, əziz xalqım.
Kamalə Abiyeva
qadinkimi.az