HƏR ŞEY / HEÇ NƏ
Bu gün Nəsib bəyin ölüm günüdür Tarix : 08 İyul 2018, 16:11
Yazar : Qadinkimi.com

Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncə gimnaziyasında alıb. 1902 -ci ildə Odessa şəhərindəki İmperator Novorosiyski Universiteti hüquq fakültəsinə daxil olub, amma universiteti bitirə bilməyib. Tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti universtiteti müvəqqəti bağladıqdan sonra Nəsib bəy Bağçasaray (Krım) şəhərinə gedib və burada İsmayıl Qaspiralının Tərcüman qəzeti ilə əməkdaşlıq etməyə başlayıb.

Burada o, özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının əsərlərini səhnələşdirir. 1908-ci ildə Nəsib bəy İstanbula köçərək publisistik fəaliyyət göstərməklə bərabər Türk dərnəyi cəmiyyətinin təşkili ilə də məşğul olur. Az sonra İsmayıl Qaspiralının qızı Şəfiqə Soltan xanımla ailə həyatı quraraq bir müddət İstanbulda qalır.

1909-cu ildə Gəncəyə qayıdaraq, şəhər bələdiyyəsində çalışmışdır. 1911-ci ildə Molla Nəsrəddin jurnalına və qəzetlərə məqalələr göndərir,Müsəlman xeyriyyə cəmiyyəti Müsəlmanların maariflənməsi cəmiyyəti, Aktyorlar cəmiyyətinin fəaliyyətlərində yaxından iştirak edir. Bu zaman o, Məmməd Əmin Rəsulzadə ilə tanış olmuş və ictimai siyasi fəaliyyətə başlamışdır. 1917-ci ilin mart ayında Nəsib bəy Yusifbəyli öz yaxınları ilə Gəncədə Milli Federalistlərin Türk Partiyası nı yaradır. Yeni yaradılan partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili idi. 1917-ci ilin iyulunda bu partiya M.Ə. Rəsulzadənin başçılığı ilə Müsəlman Demokratik Müsavat Partiyası ilə birləşərək Müsavat adlandırılmağa başlayır və onun proqramlarında millətçi federalistlərin əsas tələbi – Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması saxlanılır.

M.Ə.Rəsulzadə Müsavat Partiyasının mərkəzi komitəsinin sədri seçildikdən sonra Gəncədə partiyanın rəhbəri N. Yusifbəyli olur. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlayır. Nəsib bəy Yusifbəyli Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində – maarif naziri, Azərbaycan Demokratik Respublikasının hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin martına kimi maarif naziri olmuşdur.

1919-cu il martın 14-də N. Yusifbəyli Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri, bir qədər sonra - aprel ayından isə həm də daxili işlər naziri kimi fəaliyyətə başlayıb. Aprel ayının 14-də o, yeni yaratdığı kabinetin üzvlərini Azərbaycan Cümhuriyyəti Parlamentinə təqdim edib. 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan tutulduqdan və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühacirətə getmək üçün Bakını tərk edir, lakin 31 may 1920-ci ildə yolda, Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilir.