24 may 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilib.
Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul Azərbaycan Polisi Günüdü.
Qadinkimi platforması olaraq xüsusilə qadın polislərimizin çox olmasının dövlətə və cəmiyyətə sivillik gətirəcəyinə inanırıq.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi Azərbaycanda 2 minə yaxın qadın polis əməkdaşı, 800-dən çox qadın zabit çalışdığını açıqlayıb. Rəsmi məlumata görə, qadınlar əsasən yetkinlik yaşına çatmayanlarla bağlı işlər şöbəsində çalışırlar.
Azərbaycanda qadın polislər Daxili İşlər Nazirliyi orqanlarında əsasən 102 qaynar xətt, statistika, kadrlar, istintaq və digər bölmələrdə yer alır. Son illər polis orqanlarında çalışan xanımların sayında artım var.
DİN Polis Akademiyasına qəbul olunan qızların sayında da irəliləmə var. Ümumilikdə Daxili İşlər Nazirliyi sistemində 2855 qadının xidməti fəaliyyət göstərdiyi bildirilir.
Onların 1350 nəfəri xüsusi rütbəsi və vəzifəsi olan qadınlardır. Bu isə Daxili İşlər Nazirliyinin ümumi heyətinin 11 faizini təşkil edir. Xidmətdə uğur qazanan xanım əməkdaşlar rəhbər vəzifələrə təyin edilir, rütbələr alır, mükafatlanırlar.
Kişi kolleqaları ilə bərabər cinayətkarlığa qarşı mübarizə, əsayişin və təhlükəsizliyin qorunması kimi önəmli vəzifələri icra edirlər.
İdarə rəisi, idarə rəisinin köməkçisi, poliklinika rəisi, xidmət, şöbə, bölmə və hissə rəisləri kimi rəhbər vəzifələrdə də yer tutan qadınlarımız var.
Azərbaycanın ilk qadın komandiri Qarabağ müharibəsi iştirakçısı, polis mayoru Aida Şirinova polis qadınlarla bağlı arzusunu belə ifadə edib: "Çox istəyirəm ki, polisdə qadınlar çox olsun. Saxlanılan insanların hamısı kişi deyil. Onların arasında qadın da olur. Bəzən o qadınlarla qadın kimi danışmaq, məsləhət vermək lazım olur. Bəzən o qadınların bir qadınla söhbət etməyə ehtiyacı olur. Bir dəfə mağazada müğənni Elnarə məni gördü və çox təəccüblə dilləndi: "A, Azərbaycanda da qadın polis var?”. Mənə onun indiyə qədər qadın polis görməməsi qəribə gəldi".
Dövlətin və millətin keşiyində durmağı vəzifə borcu sayan bütün polislərimizin peşə bayramını təbrik edirik! Onlara vətən və millət önündə üzüağ olmağı arzulayır, bu çətin işdə sağlamlıq və möhkəm iradə diləyirik.
qadinkimi.com