Azad, hürr yaşamaq üçün hər şeyimiz var. Əlində bayraq olan süvari qızcığazın altında günəşə doğru səkən kəhər atdan tutmuş düşmən qanına boyanmış əsgər çəkmələrinə qədər hər şey. Və şəhidlər...
"Bütün zirvələrin o üzü uçurumdu” demişdim nə vaxtsa. İndi həmin fikrə böyük bir əlavə edirəm: "Bircə şəhidlik zirvəsindən başqa”. Bütün zirvələrdən sonra eniş başlayır. Bircə şəhidlik zirvəsindən sonra eniş yoxdu. Bütün zirvələr nəyinsə sonudur. Ən uca zirvə ən böyük arzunun qatilidi. Şəhidlik zirvəsi özü təşnələrçün ən böyük arzudu…
Deyirlər Allahın övladı olmur. Bəs şəhidlər kimdi?
Şəhidlik, vətəndaşın vətənə çevrilməsidir. Bir Məmləkətin və xalqın torpaqdan sonra ən müqəddəs olanı şəhidləridi. Bəlkə də vətən, torpaq, işğal olmasaydı, bir başa Allah dərgahında doğulası adamlardı şəhidlər. Bəlkə də Allah öz seçdiklərini dərgahında görmək üçün səbirsizlənir deyə başlayır Azadlıq Müharibələri. Adı Səbir olanın dərgahda səbirsizliklə gözlədiyi insanlardı şəhidlər.
Əlbəttə ki, pisdi, qatildi müharibə. Gör nə qədər can alır. Amma Azadlıq Müharibəsi... Təkcə zəfər, şan-şöhrət deyil, həm də müqəddəs Anadı Azadlıq Müharibəsi. Gör nə qədər Şəhid doğur. Allah dərgahının nuruna nur verən, Cənnətin gözəlliyinə gözəllik qatan şəhidlər. Anlayan cəmiyyətin başının tacı, ədalətli dövlətin qanunlar qədər and yeri, inancı şəhidlər.
Məmləkətin ayağında torpağa düşən bir damla Şəhid qanı Məmləkətin başınadək hopar da hər daşı-çınqılı belə müqəddəsləşdirər. Yerdən-odun alovun içindən keçib yuxarı, Allah dərgahına millənən yoldu şəhidlik yolu. Ananın qucağından Allahın ağuşuna yönələn yol. Bayraqdan kəfən, gözlərdən nur, dillərdən "Vətən bölünməz” eyni vaxtda Məmləkətə yağanda Cənnətin qapıları taybatay açılır göylərdə.
Dünənki Şəhidi hormətlə, ehtiramla yad edib, dünənin qazilərini qəlbin tutunca sevəcəksən ki, totpaq bu gün üçün də Şəhid və Qazi olmağa hazır övladlar yetişdirsin. Nə yazıqlar ki, biz dünənin nə şəhidini, nə qazisini müqəddəslikləri qədər dəyərləndirə bildik. Çox şükürlər ki, bu əməlimizdən nə torpaq qısırlaşdı, nə də əvvəlki müharibənin qaziləri, Şəhid Ata-Anaları kin saxladı. Hələ üstəlik, dünənki qazilər özlərini yetirib bugünküləri savaşda da, şəhidlikdə də böyüksüz qoymadılar. Bir qismi sonradan doğulanlara qoşulub onların getdiyi məkana getdilər. Hələ geriyə "Dünyanıza doğulan Allah qonaqlarının qədrini bilin, nə bilirsiniz kim bu dünyanın qapısını hansı görəvlə açır?” mesajını da verdilər gedəndə. Yaşa – başa baxmaz şəhidlik, nə qədər yeniyetmə, gənc, ahıl olsalar da, hamısı bir qövmdür: Allahın uşaqları.
Bir uşağın könlünü açmaq üçün bəzən bir ailə min oyun çıxarır. Amma yenə də alınmır bəzən. Bir dəstə cavan yolustu bu dünyaya baş çəkib, yüz ilin küskününün - otuz ilin töhmətindən həsrətindən qovrulan bir xalqın könlünü açıb getdi. O torpaq onların qoxusundan niyə bihuş olmasın ki? O xalq onların arxasınca niyə həsədlə baxmasın ki? O cəmiyyət onları gözünün nurunda, könlünün Allah köşəsində, qəlbinin işığında niyə yaşatmasın ki?..
Bu bilirsiniz nəyə oxşayır? Çəmənlikdə çoxlu evlərdi. Hərəsi də rəngbərəng. Hamısı da göylərdən qonaq gəlməsini arzulayır. Birdən göylərdə-buludların yanında bir dəstə - bir vətən qucağı dolusu ağ göyərçin peyda olur. Uçub gəlib göy, qırmızı yaşıl rəngli dama qonurlar, hürriyyət, azadlıq nuru səpirlər üstünə, gedirlər...
Bir xalq özü yaşaması üçün mənəvi dəyərləri ilə yanaşı həm də şəhidini yaşatmalıdı. Şəhidi ölən xalq, millət özü çoxdan ölmüş, dövlət mənən çökmüş deməkdir nə qədər qüdrətli olsa belə. Yoxdu şəhiddən kənarda nə sərvət, nə qüdrət. Əxlaqında şəhidə, şəhid əqrəbasına hörmət olmayan cəmiyyətin nə namusu qara qəpiyə dəyər, nə ədaləti.
Analar övladlarını ikinci dəfə doğurlar, şəhid xəbəri gələndə. Bu dəfə Allahın ağuşuna doğurlar o uşaları. Həmin gün analar özləri də ikinci dəfə doğulurlar bu dünyaya. Bu dəfə "Şəhid Anası” kimi. Şəhid anaları bu dünyanın ən müqəddəs ağacları da sayıal bilər. Şəhid bitirib, yetirib Cənnətə sovqat göndərən ağaclar.
Bu Vətən Müharibəsindən sonra, diqqətlə baxsanız, səma fərqlidi, fərqlənir başqa səmalardan, bulud fərqlidi, yağış fərqlidi. Bu qışın qarı başqa olacaq. Gələn yaz başqa yaz olacaq. Yay da həmçinin. Payızda bu fərqliliyin bir ili tamam olacaq. Elə azadlığımızın da. Elə 1988-dən bəriki bütün şəhidlərimizin də. Günəş hər gün fərqlidi. Amma bundan sonra tamam fərli olacaq. Çünki altındakı torpaq fərqlidi artıq. Çünki bütün bunları özündə birləşdirən insanlar fərqlidi artıq. Başqa cür nəfəs alırlar, başqa cür sevinirlər Azadlıq Müharibəsindən zəfərlə çıxmış insanlar, xalqlar. Xoşbəxt toplumun ətrafındakı təbiət mütləq fərqli olur başqa təbiətlərdən. Otuz ildi Qarabağda kəsik qalan ağaclar görün nə tez böyüyəcək. Kəhrizlərin gözü açılacaq. Sular, ağaclar, yarpaqlar öz yerlərini tutacaq. Lap ev sahibi səfərdən qayıdanda hamı öz yerini tutduğu kimi. Otlar, güllər, çiçəklər qayıdacaq. Özləri ilə arıları da gətirəcəklər. Arılar gəldisə... Gəl də gör nə cəlalı varmış qırx dörd günə üç minə yaxın Şəhid qanı ilə qüsullanmış bu Məmləkətin...
P.S.Şəhidlərin ruhunu şad eləməyin bir yolu onların azad etdiyi torpağı qorumaq, bir yolu onların xatirəsini, doğmalarının xətrini əziz tutmaqdırsa, bir yolu da Qazilərin dəyərini verib, hörmətini saxlamaqdır. Bu olmazsa, ha medal ver, ha xatirə tədbirləri düzənlə. İstəməzlər, qəbul etməz şəhidlər. Torpaq kimi, qazilər də şəhidlərin canı, qanı ilə qoruyaraq bizə əmanət qoyub getdiyi insanlardı. Unutma vətən övladı! Şəhidi ilk ağlayan da Qazidi, son görən də Qazi. Hər şəhid qanı nə qədər qazi göz yaşı ilə birgə hopur torpağa, bir bilsən. Üstündə gəzdiyimiz torpağı vətən eləyən şəhidin qanı ilə yanaşı qazinin qanı, qolu, qılçı, gözü və ən azı şəhid qanına qarışan göz yaşıdı…
İlqar Rəsul
23.12.2020