HÜQUQLARIMIZ
BOŞANMAQ AYIB DEYİL - Araşdırma Tarix : 25 Yanvar 2019, 20:59
Hər axşam gurultudan dik atılırdıq evdə. Qapıbir qonşumuz Qulam kişi içkili gəlib dava salırdı, arvadını döyürdü. Sonra arvad-uşağı çölə atıb qapını bağlayır, xorhaxor yuxuya gedirdi. Xorultusunu divarın bu tayında eşidirdik. Anam çölə atılan ailəni evimizə çağırırdı. Sona xala səhərədək həyatından giley edir, ağlayırdı. Ancaq boşanmırdı. Ona elə gəlirdi ki, ərsiz olmaq daha betərdi. İt olsun, qurd olsun, ancaq ər olsun. Cəmiyyət onu belə tərbiyə etmişdi. Siyasiləşmiş dini qadağaların təsirindən formalaşan mentalitet ailə zorakılığına səbəb olur. Dini təmsil etdiyini iddia edənlər abır və əxlaq mövzusunda məsuliyyəti bütünlüklə qadının üstünə yıxır. Deyirlər ki, yaxşı qadın ərinə tabe olar, onu öz Tanrısı sayar. Abırlı qadın qapanıb gözəgörünməz olar. Bunun təsirinə düşən cəmiyyət yığışıb qadını, əslində, onun cinsiyyət orqanını mühafizə edir. Qadın uşaqlıqdan üzərində nəzarət görür.  Bu nəzarət öncə valideynlərin əlində olur, daha sonra ərə ötürülür. Buna görə də qadın ərsiz qalmağın nəsə çox ayıb, pis bir şey olduğunu düşünür. Belə cəmiyyətlər qadına qürurlu olmaqdan başqa hər şey aşılayır. Buna görə də qadın bütün aşağılamalara dözür. Minlərlə "Qulam və Sona” hekayəsi var.  
      
Qulam yenə bir axşam döydü, xoruldadı, səhər də qayıdışsız getdi. İllər sonra sallana-sallana geri döndü. Sona onu bağışlamaq istəyirdi. Oğlu araya girdi. Aciz, balaca oğlan artıq boylu-buxunlu, azad bir gənc idi. Atanı iti qovan kimi qovdu. Oğul həmin an atasından miras qalan travmalardan güc alırdı.
      
Ailə dramı təkcə ailə üzvlərini zəhərləmir, övladda hətta valideynə qarşı amansız duyğular oyadır. Həmin zəhər, aqressiya cəmiyyətə ötürülür. Təcrübə göstərir ki, zorakılıq olan ailələrdə böyüyən uşaqlar öz oyuncaqlarına qarşı aqressiv olur. Qarşılaşdığı insanlarla rahat ünsiyyət qurmaqda çətinlik çəkir və mütləq öz ailələrində ciddi problemlər yaşayırlar. Bu, bir halqadı.   
 
    
Rəsmi adı  - "ailə (məişət) zorakılığı” olan problem
Qeydə gərək varmı, bilmirəm, statistikaya görə, bu cür zorakılığa doxsan beş faiz məruz qalan tərəf qadınlardı. Bu hal təkcə döyülmə, aşağılama ilə bitmir. Yüzlərlə qətl hadisəsi  törədilir.  Bu günlərdə Bakının Səbail rayonunda növbəti belə bir  olay baş verib. Dörd dəfə həbsdə yatan, iki dəfə evlənən, nigahın birindən üç, digərindən iki övladı  olan adam növbəti dəfə həbsdən çıxıb və ikinci həyat yoldaşını qısqanclıq adıyla öldürüb.  Qanunla bu adam istəsə, təkrar evlənə, uşaq sahibi ola bilər. Ancaq bu doğrudumu?
 
Bu kontekstdə ortaya sual çıxır. Ailə - (kiçik dövlət) qurmağa hazırlaşan hər kəsin yaşam tərzi, fiziki, mənəvi, maddi imkanları, ən azı ibtidai bilgisi, minimum tərbiyəsi  dövlətə köməkçi mexanizm təqdim etməyə, cəmiyyət üçün vətəndaş yetişdirməyə yetirmi? BMT-nın nizamnaməsində və Azərbaycan Konstitusiyasında təsbit olunduğu kimi, insanın təməl azadlıqları, o cümlədən özünə həyat yoldaşı seçmək hüququ var. Ancaq bütün azadlıqların cəmiyyətin-dövlətin uğuru üçün sərhədlənməsi şərtdi. Fransız filosof  Jan Jak Russonun "İctimai anlaşma” da dediyi kimi,  insan öz daimi rahatlığı, yaşam təminatı, təhlükəsizliyi uğruna müəyyən güzəştlərə gedərək  azadlığına sərhədlər qoydu və dövlət yaratdı. Dolayısıyla insanın individuum kimi azadlığı sonsuz ola bilər, ancaq sosium kimi onun cəmiyyət qarşısında öhdəlikləri var. 
Ailə yalnız mənəvi hadisə, adət deyil. Ailə sosial hadisədi.
Dövlət nikahı mentalitet üçün rəsmiləşdirmir. Əksinə, mentalitet dövlətin işində bəzi hallarda əngəl yaradan faktordu. Ailə institutu dövlətin işini yüngülləşdirmək üçün yaranıb. Qanunları, proqramları tətbiq etmək asanlaşsın, cəmiyyətin uğurları üçün görüləcək işlərdə insanlar kompleks şəkildə iştirak etsin, cəhalətin, xaosun, neqativliyin, zorakılığın qarşısı alınsın, sistemli bir cəmiyyət formalaşsın deyə; dövlət sağlam idarəçilik üçün, nikah bağlanması və qanunlarla tənzimlənən birgəlik tərəfadarıdı. 
Onu döy...
İnsanların ailə haqda bilgisizliyi ailə və insan dramına səbəb olur. Zorakılıq təkcə fiziki anlam daşımır. Psixoloji zorakılıq, mənəvi terror zəhər kimi cəmiyyətin iliyinə işləyir. Bunu nəsillər irsi xəstəlik kimi bir-birinə ötürür, virus kimi bir-birinə yoluxdurur. Bu virusun dərmanı sağlam cəmiyyəti formalaşdıran  dəyərlərdi;   cinsi ayrı-seçkilik olmadan insanlıq prinsiplərinə söykənmək.
Azərbaycanda daha çox cəmiyyətin sifarişi, kənar təsirlər, valideynlərin istəyi, ailə qurmağın ənənəyə çevrilməsi kimi səbəblər iki insanı bir araya gətirir.  Sevgidən və ya başqa səbəbdən fərq etməz, bütün hallarda insanın ailə qurmağa da,  boşanmağa da tərbiyəsinin yetməsi şərtdi. Əks halda, tərəflərin qarşılıqlı ittihamları, düşmənçilik, zorakılıq kimi neqativ hallar ortaya çıxır. İnsanlar ailənin nə olduğunu bilmirlər. Zorakılığın əsas səbəbi budu. Qapalı cəmiyyətdə böyüyən adam stereotiplərə anlamadan robot kimi  əməl edir.
Boşanma ayıbdırmı? 
Boşanma hüquq elminin ən uğurlu seçimlərindən biridi. İnsanlar  bir-birini öldürməsin, incitməsin, əzab içində birgə yaşamağa davam edərək cəmiyyətə zəhər ötürməsin və ən önəmlisi, bu dramın şahidi olan travmalı uşaqlar - vətəndaşlar yetişməsin deyə dövlətlər rəsmi boşanma aktını düşünüb tapıblar. Boşanma hüquqi mədəniyyətdi.
Kinomatoqraf nə deyir? 
Kinorejissor Steven Spielbergin "The color purple” (bənövşəyi) filmini xatırlayaq. Ömründə özgür qadın görməyən oğlan arvadının hökmlü olmasına öyrəşə bilmir. Qadını müti deyil, çalışır, ev və təsərrüfat işlərinə baxır. Ərindən də hər işdə ona kömək etməsini tələb edir.  Əri isə nə anasını sağ ikən hökmlü, nə onun yerinə gələn analığının səsinin çıxdığını  görüb deyə ona elə gəlir ki, həyatında nəsə qaydasında deyil. Bu halda analığından məsləhət alır: Onunla nə edim? Qadın qorxa-qorxa deyir: "Onu döy". Bu filmdə qəhrəmanlar çıxış yolunu zorakılıqda görürlər. Çünki heç kim başqa cürünü bilmir, yaşamayıb. Analığı həmişə döyüldüyü üçün qadının sərbəst davranışının normal olmadığını düşünən oğulluğuna belə məsləhət verir. Onlar ətrafımızda yaşayan çoxluğun filmdəki əksidi.
Təkliflər     
Birinci təklif: Hüquqi dövlətdə qanunlar hegemonluq edir, cəmiyyətin yaşam tərzinə çevrilir. Başqa sözlə, qanunların hegemonluğu cəmiyyətin özünün özünü idarə etməsi anlamına gəlir. Bu həm hakimiyyətin, həm də əhalinin xeyrinədi. Qanunların sərtləşməsi hüquqi dövlətə keçid üçün zəmin yaradır. Bu isə təkcə ailədaxili zorakılığın deyil, cəmiyyətdə bir sürü problemlərin həlli deməkdi. Hətta insan azadlığı mövzusunda radikal mövqeyi ilə seçilən ATƏT belə məişət zorakılığının ağır zinayətlər sırasına daxil olunması təklifini irəli sürüb.  Bu təkliflə son illər Bolqarıstan, Qırğızıstan, Ukrayna və Gürcüstan kimi ölkələr məişət zorakılığını kriminallaşdıran qanunvericiliyi qəbul edib. Dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu bu sırada Azərbaycanın da olmasını istərdik. 
İkinci təklif: Vətəndaşı ailəyə hazırlamaq üçün orta təhsil ocaqlarında yuxarı sinif şagirdləri üçün bir illik xüsusi tədris proqramına yer vermək vacibdi. Psixoloqların, həkimlərin, hüquqçuların, pedaqoqların və ailə-məişət sahəsində uzmanların hazırladığı dərslik vasitəsilə "ailə”nin- birgəyaşayış, qarşılıqlı anlaşma, humanizm, empati duyğusu (özünü başqasının yerinə qoya bilmək) insanlarla davranış qaydası, uşağın inkişaf mərhələsində, tərbiyəsində, onunla davranışda diqqət ediləcək məqamlar, zorakılığın, aqressiyanın fəsadları, ailə harmoniyası, mütaliənin önəmi, sayğı, anlayış  kimi məsələlərin öyrədilməsi.   
Üçüncü təklif: Məktəblərdə psixoloq xidmətini gücləndirmək, əlavə olaraq uşaq hüquq müdafiəçisi ştatı yaratmaq ailədaxili zorakılıqla üzləşən uşaqlara və bütünlükdə problemin özünü çözməyə daha optimal imkanlar yaradar.  
   
Dördüncü təklif: Vətəndaşın nikaha yararlı olub-olmamasının araşdırılması  çox önəmlidi. (Örnək: Tibbi göstəricilərdən əlavə,  psixoloq rəyi, sosial durumun, dövlət və ya hər hansı bir qurum qarşısında  öhdəliyin olub, olmaması haqda bilginin toplanması).
Bütün bunları kimsə dövlətin despotik müdaxiləsi kimi qiymətlədirə  bilər. Ancaq  qanunu adətə, ədaləti hakimə çevirənədək bu müdaxilə qaçılmazdı.
Filosoflar nə deyir? 
Bir nəfər Pifaqordan soruşur: Oğlumu necə tərbiyə edim? Pifaqor cavab verir: Ədalətli cəmiyyətdə böyüyürsə, heç necə.  
Qızına, övladına, həyat yoldaşına zor tətbiq edən, mənəvi terrorla məşğul olan adam buna görə qanun qarşısında cavab verməyə borcludu. Cəmiyyət zordan, haqsızlıqdan yox, ədalətdən (oxuyun: qanun) qorxsun gərək. Təcrübə göstərir ki, inkişaf etmiş Qərb dövlətləri məhz bir neçə illik sərt qanunlar dövlətindən keçərək indiki "qanun mədəniyyəti” mərhələsinə çatıblar.
Qadın sünnəti
BMT-nin Baş Assambleyasının  25 noyabrı  "Dünyada Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü” elan etməsi təsadüfi deyil.  1961-ci il noyabrın 25 də  Dominikan Respublikasında prezident Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb.  Dünya tarixində qadına qarşı hər cür zorakılığın örnəkləri var. Elə ölkələr var ki, orda qadın olmaq belə günah sayılır.  BMT-nin Uşaqlar Fondu, UNİSEF-in hazırladığı hesabata görə Orta Şərq və Afrika ölkələrində 125 milyon «sünnət» edilmiş qadın yaşayır. Nanoəsrdə (nanotexnologiya çağı)  inanca görə qadını ömürlük şikəst qoymaq kimi bir adətin olması  yolverilməzdi.
Qadın sünnəti nədir? 
Qadın sünnəti klitorun, cinsiyyət dodaqlarının kəsilməsi, vaginanın yenidən yalnız menstrual sikl üçün azca yer saxlamaq şərtilə tikilməsi şəklində olur. Bu dəhşətli zorakılığı ailələr azyaşlı qızlarının üzərində aparırlar. Onların dini inancına görə bu "günah orqanı” qadının seksual istəyini məhv etmək üçün kəsilir. Üstəlik, prosedur antisanitariya şəraitində aparılır.
Hesabata əsasən, Keniya və Tanzaniyada bu 3 dəfə azalsa da, Somali, Qvineya və Cibuti kimi ölkələrin statistikalarında dəyişiklik olmayıb. Hesabatda bildirilir ki, qadın sünnəti ağır qanaxma, uroloji problemlər, yoluxmalar, xərçəng, sonsuzluq, ölüm kimi ağır sonuclara səbəb olur. UNİSEF bunu «cinsi orqanın travması» adlandıraraq dayandırılmasını tələb edir.  
      
Azərbaycanda ailədaxili zorakılıq (döyülmə, öldürülmə və s.) faktları  az deyil. Ancaq qızların sünnəti faktına rast gəlinməyib.  Aydınların, bəşəri düşüncədə olan siyasi və ictimai xadimlərin çabaları hesabına biz şərqdə qadın hüquqları və uğurları ilə bağlı bir çox ilklərə imza atmışıq. 100 il öncə milyonçu Hacı Zeynalabdin Tağıyev müsəlman dünyasında ilk qızlar məktəbini açması, 1918-ci ildə bir çox Qərb ölkələrindən öncə Azərbaycan Respublikasının qadınlara səs hüququ verməsi kimi misallar var. Şərqin ilk qadın bəstəçisi bizim Şəfiqə xanım Axundovadı. Örnəklər çoxdu. Azərbaycanın böyük maarifçiləri və siyasi xadimləri qadınların öndə olmasına çalışıb.
       
1995-ci ildə Azərbaycan CEDAW konvensiyasına (qadınlara münasibətdə hər cür ayrı-seçkiliyin ləğvi) qoşulub. 2010-cu ildə öhdəlik kimi "Məişət zorakılığı haqqında” qanun qəbul edilsə də,  bu qanunu icra etmək çətindir. Bir tərəfdən Azərbaycanda kök salmış ənənəvi qadın-kişi münasibətləri, insanların məişət zorakılığına "kişi döyər, qadın dözər”, "it olsun, ancaq ər olsun” kimi yanaşımı əngəl yaradır. Kimsə şikayətçi olub işinin axırına çıxmır. Digər tərəfdən, qanunun icrası üçün mexanizmlər müəyyənləşdirməkdə çətinlik var. 
 
 
Ədəbiyyat 
Modernist ədəbiyyatda adı qızıl hərflərlə yazılan Vircinia Vulf  "Özünə aid otaq” əsərində xanımlara belə bir mesaj verir: Özünüzə bir otaq ayırın. Bu "otaq” öz dünyanız anlamına gəlir. Qadının həyatında yalnız özünə aid bir dünyası -  odasının olması önəmlidi. Qadın bütün xoşbəxtliyini kiminsə arvadı, kiminsə anası, kiminsə bacısı və s. olmaqda tapmasın gərək. Öncə özünü bir insan kimi tapmaq önəmlidi. 
Problem təkcə ər deyil
Ailəsində atası, qardaşı tərəfindən zorlanan qadınlar da var. Onların yaşantılarını heç nə ilə tutuşdurmaq olmaz. Türkiyəli yazar Əlif Şəfəq "Baba və bic” romanında  səbəbi ailənin ağız-ağıza yaşaması ilə bağlayır. Səbəblər çoxdu. İlk növbədə cəhalət, mentallıq, mövhumat... Adamların seksual azadlıqları, doyumluluqları yoxdu, vəhşi instinktin qarşısını ala bilmirlər, yabanı, ilkin ehtirasla  yaşayırlar.  
Sonda
Bütün məsuliyyəti dövlətin üstünə yıxmaq kimi bir amacda deyilik. İctimaiyyətin də bu məsələdə aktiv olması önəmlidi. Qonşuluqda, tanışlıqda zorakılığa uğrayan qadınlar varsa, onlara yardım etmək hər birimizin üzərinə düşür. Yazar əsərində, aydın fikirlərində, siyasətçi çıxışlarında, ictimai xadım təkliflərində bu məsələyə diqqət çəksə, effekt olar. Şəxsən mənim üçün bütünlükdə "ailə”  həssas mövzu olduğuna görə tez-tez bu haqda yazıram.  Qadına insan yox, mentalitet predmeti kimi yanaşdıqca aqressiv, depressiv və zorakı cəmiyyətdə yaşamağa davam edəcəyik.  Əsas problem problemin özü deyil, onu yaradan səbəblərdi. Bizim işimiz bu səbəbləri yox etməyə çalışmaqdı. 
 
Aysel Əlizadə 
qadinkimi.com