BURA / ORA
Boliviya Prezidenti Evo Morales etirazlardan sonra istefa verib Tarix : 11 Noyabr 2019, 08:10
Yazar : Qadinkimi.com
Bolivia Prezidenti Evo Morales kütləvi etirazlardan sonra 14 illik hakimiyyətindən getdiyini açıqlayıb və istefa verib.

Evo Morales üç dəfə Prezident olduqdan sonra dördüncü dəfə üçün də seçkilər keçirdi, amma kütləvi etirazlardan sonra istefa verməli oldu.

Son seçkilərdə qələbəsini elan etdikdən sonra etirazlar zamanı ordu rəhbərliyi də ona getməsini çağırış etmişdi.

Seçki müşahidəçiləri seçkilərdə saxtakarlıq aşkar ediblər, ancaq Evo Morales dövlət çevrilişinin qurbanı olduğunu bildirib.

O, siyasi müttəfiqlərinin evləri yandırılandan sonra onların ailələrini qorumaq üçün hakimiyyəti tərk etdiyini deyib.

Evo Morales televiziya ilə çıxışında etirazçılara müraciət edərək "bacı-qardaşlarınıza hücum etməyin, yanğınları və hücumları dayandırın" deyib.
 


Qeyri-müəyyən günlər

Paytaxt La Pazda milyonlarla boliviyalı regionun ən uzun müddətli prezidentinin hakimiyyətdən getməsinin belə tezliklə baş verməsini bayram edir.

Ən axırda ordu Evo Moralesə müraciət edərək Boliviyanın stabilliyi üçün getməli olduğunu bildirib.

O, çoxları üçün anti-demokrat lider olsa da digərləri üçün, xüsusən də kasıb boliviyalılar üçün milyonlara söz haqqı verən prezident olub.

Boliviyanın ilk yerli rəhbəri olan Evo Morales dərin bərabərsizlik olan cəmiyyəti daha əhatəli hala gətirməyə müvəffəq olub.

Onun tərəfdarları bu hadisəni dövlət çevrilişi olaraq görsələr də, onun tənqidçiləri bunu tiranın sonu olaraq adlandırır. Bu günlər Cənubi Amerikanın ən kasıb xalqı üçün qeyri-müəyyən günlərdir.

Prezidentdən sonra vitse-prezident Alvaro Garcia Linera və Senatın Prezidenti Adriana Salvatierra da istefa veriblər.

Etirazçılar küçələrdə qələbələrini "hə, biz bacardıq" şüarları altında alov ətrafında qeyd edirlər.
 


Proseslər necə oldu?

Boliviyada seçkilərdə saxtakarlıq iddiaları ilə həftələrdir ki, hakimiyyətə qarşı etiraz aksiyaları keçirilirdi.

İlk gərginlik prezident seçkisinin axşamı nəticələrin hesablanmasının 24 saat dayandırılmasından sonra alovlandı.

Seçkinin son nəticəsində Evo Moralesə seçkinin ilk turunda açıq-aşkar qalib gəlməsi üçün lazım olan 10 faizlik səsdən bir qədər çox nəticə verildi.

Bundan sonra yaranan qarşıdurmalar zamanı ən azı üç nəfər öldü. Aksiya iştirakçılarına bəzi polis geyimli adamlar da qoşuldu.

Bazar günü seçkiləri izləyən Amerika Dövlətləri Təşkilatı məlumatların geniş miqyaslı manipulyasiyasına dair sübutlar tapdığını və əvvəlki sorğuların nəticələrini təsdiq edə bilmədiyini söyləyib. 

Kimdir Evo Morales?

Cənab Morales Boliviyanın ilk yerli prezidenti olub və 2006-cı ildən bəri hakimiyyətdə idi.

O, oktyabr seçkilərində konstitusiya məhkəməsinin prezidentlik müddətinin məhdudlaşdırılması ilə bağlı mübahisəli qərarından sonra ardıcıl olaraq dördüncü dəfə namizəd oldu.

2016-cı il referendumunda bir çox boliviyalı prezidentlik müddətinin artırılmasına "yox" demişdi.

Bundan sonra cənab Morales-in partiyası, müddət məhdudiyyətlərini tamamilə ləğv etmək üçün konstitusiya məhkəməsinə müraciət etdi.
 
 
 
Mənbə: bbc.com
qadinkimi.com