BURA / ORA
Bir müddət heç kimlə kəlmə də kəsmədim - Döyüşçü İqbal Səfərov Tarix : 03 Dekabr 2020, 11:41

İkinci Qarabağ savaşının iştirakçısı, taqım komandiri, baş leytenant İqbal Səfərovdan danışaq. Sağ qalan qəhrəmanımızdan...     

Azərbaycan Dövlət Neft Akademiyasını "Gömrük ekspertizası” üzrə qırmızı diplomla bitirib. Naxçıvan Gömrük İdarələrində müxtəlif vəzifələrdə işləyib. Gömrük mayoru kimi işdən ayrılıb. İndi isə yaradılacaq Qarabağ Gömrük İdarəsində çalışmağı arzulayır, işinə geri dönmək istəyir. 

ABŞ-da Meksika sərhədində İdalgo gömrüyündə təlimlərdə olub. ATƏT-in sərhədlərarası təlim proqramlarında iştirak edib. Dəfələrlə fəxri fərman alıb. Səkkiz il gömrük sahəsində çalışıb. 

İtaliyada Roma Sapienza universitetində, Macarıstanda Budapeşt Biznes Məktəbində əyani əsaslarla magistratura qazanıb. ABŞ və Kanadada yaşayıb. Kanadada Global Safarov Traders şirkəti qurub. Sonra Azərbaycana qayıdıb. Yenidən Kanadaya getmək ərəfəsində Tovuz döyüşləri başlayıb. Hərbi Komissarlığa könüllü kimi üz tutub. Kanadaya gedişini ertələyib. Hərbi xidməti Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində zabit kimi başa vurduğu üçün taqım komandiri olaraq ehtiyatda idi. İkinci Qarabağ savaşı başlayanda yenidən komissarlığa gedib. Savaşa yollanıb. Füzuli, Xocavənd, Hadrut, Laçın dəhlizi və Şuşa döyüşlərində iştirak edib. 

Komandir heyəti...
Şuşada 40 km məsafəni dağ, meşə yollarını, soyuq yağışlı havanı geridə buraxaraq təyin olunan vaxtda əsgərlərlə birgə döyüşə girdik. Şəhidləri bütün çətinliklərə baxmayaraq meydanda buraxmadıq. Verilən ilk tapşırıq əsgər heyətinin maksimum təhlükəsizliyi idi. Ali Baş Komandan döyüşü birbaşa özü idarə edirdi. Generallar, komandir heyəti ön cəbhədə döyüşürdü. Bu da əsgərlərdə və bütün orduda qələbəyə yüksək inam yaradırdı. 

 
Qələbədən başqa yolumuz yox idi...
Xalqın həmrəyliyi, dözümü, birliyi arxa cəbhədən gələn yardımlar, dəstək insanların evindəki son çörəyi göndərməsi bizə qələbədən başqa yol buraxmadı. Dövlət hər cür dəstək olsa da insanların qayğısı, əllərindən gələni etməsi də orduya böyük güc verirdi. Bütün Azərbaycanı aramızda hiss edirdik. Şanslıyıq. Gələcək nəsillərə, uşaqlarımıza bu problemi saxlamadıq. Alnı açıq çıxdıq döyüşdən. Başımız ucadı uşaqlarımızın önündə. Birliyimizi hər kəs gördü və bizimlə hesablaşmaq zorundadılar artıq. 

Əsgərlərin nağılı...
Hava şəraiti uyğun olmasa da əsgərlər ümidlidi. Bizə olanlar yuxu kimi gəlir. Otuz ildən sonra torpaqlar alındı. Keçdiyimiz yola inana bilmirik. Bəzən bir-birimizə deyirik: Qarabağı aldıq e! İnanırsız? Nağıllardayıq sanki. Ən təsirli anlar soyuqda-yağışda Şuşa meşələrində yaralılarla ac-susuz qalmağımızdı. Günlərlə titrəyib, yaş paltarların əynimizdə qurumasını gözləyirdik. Qızınmaq üçün ocaq qalamaq şansımız belə yox idi. Hələ də elə bilirik yağış yağır... 

Uşaqlar atasız böyüyəcək. Sevdikləri qadınlar həyatlarına onlarsız davam edəcək. Evlərindəki saatın əqrəbləri onlarsız irəliləyəcək... 
Göz önündə necə oğullar itirdik. Şəhidlərimizin ruhu şad olsun. Onlara borcluyuq. Onların sayəsində qələbə çaldıq. Evimizə, doğmalarımızın yanına dönəcəyimiz günləri gözləyirik. Qəribədi, döyüşdə vaxt daha tez keçirdi sanki. İndi istər-istəməz darıxırıq. Şəhid ailələrinin durumundan narahatıq. Bilirəm ki, dövlət onları tək qoymaz. Yenə də insan narahat olur. Onlara baş çəkmək, kömək etmək borcumuzdu.  O uşaqların gözlərinə baxa bilmərəm. Cəsarətim çatmaz. Travma alaram. Düşünəndə belə təsirlənirəm. Hələ də psixikam yerində deyil. İndi əvvələ baxanda çox yaxşıyam. Bir müddət heç kimlə kəlmə də kəsmədim. Danışıb içimi tökmək istəmirdim. İndi hiss edirəm ki, həyat davam edir. İndi danışmaq ehtiyacım da yaranıb...

 
Şuşa döyüşü...
Relyefinə görə alınmaz görünürdü. Qayalıq, sərt relyef, ağır hava şərtləri... Düşmən əvvəlki döyüşlərdən qaçmağa məcbur olmuşdu deyə elə bilirdi biz də bu sadaladıqlarıma görə geri çəkilərik. Yüksəkliyin öz xeyirlərinə olduğuna inanırdılar. Döyüşdə texnika, silah önəmlidi. Ən önəmlisi isə ürəkdi. O ürək xalqımızda var. Düşmən öz qarşısında ölümə susamış nizami ordu görəndə çaş-baş qaldı. Onlar Birinci Qarabağ savaşında silahsız xalqı qırmağa öyrəşmişdilər. Kimsəsiz insanların üstünə getməyi kişilik bilmişdilər. 

Erməni mifinin dağılması 
Öz meyitlərinin altına qumbara bağlayanlardan nə gözləyəsən...Doğmalarının meyitlərinə bomba qoyan bir ordudan igid çıxmaz. Quru görüntü idi, yalançı igidlikləri ifşa olundu. Axırda qoyub qaçdılar.

 
Anam... 
Döyüşə gedəndə anamdan gizlətmişdim. Bakıda təlim kurslarına qatıldığımı demişdim. Anam yalanımı hiss etmişdi. Bir də ki, döyüşə gedənlərin də anası anadı demişdim ona. Məni yola salanda qucaqlayıb bunları söylədi: "Düz deyirsən, mən heç bir anadan artıq deyiləm. Hara gedirsən get, sağ-salamat qayıtmaq nəsib olsun”. Arxamca su atdı.

 
Atam...
Atama isə düzünü dedim. Fikirləşdim hər şey ola bilər, qoy bilsin. Atam Neft Daşlarında rəhbər vəzifədədi, növbədə idi həmin gün, üz-üzə görüşmək imkanımız olmadı. Telefonda dolduğunu hiss etdim, bildirməməyə çalışırdı. Qismətində nə varsa o da olacaq dedi. Get, kişi kimi də qayıt! Sözlərindən ruh aldım. Atam Naxçıvanda Sədərək döyüşlərində könüllü olaraq iştirak edib. Savaşın nə olduğunu yaxşı bilir. O vaxt veteran kitabçasını kimə gəldi satırdılar. Atam sənədini almağa gedəndə ondan rüşvət istəmişdilər. Atam isə canımı qoyduğum döyüşlər üçün pulla kitabça almaram deyib veteran kitabçasından imtina etmişdi. Mən belə atanın oğluyam. Hamı veteran kitabçasının dəyərini yaxşı bilir, başqa sözə ehtiyac görmürəm... 

Qadınlarımız...
Onlar da könüllü yazılırdılar. Amma bizim gərək sonuncu kişimiz ölsün, sonra qadınlarımız döyüşə girsin. Xəstəxanalarda həkim qadınlarımız gecə-gündüz demədən yaralıların keşiyində dayandılar. Onların da haqqı ödənməz. Eləsi vardı, körpəsini kiməsə tapşırıb gəlmişdi. Günlərlə ev-eşik tanımadı. Eləsi var, evində xəstəsini qoyub gəldi. Haqlarını halal etsinlər. Şəhid analarının "Vətən sağ olsun, yalnız irəli” demələri də bizə bu zəfəri yaşatdı. Birləşdik. Birliksiz qələbə qazanmaq olmur. Hərə bir cür döyüşdü. Peraşki bişirib cəbhəyə yollayan nənələrimizdən tutmuş "yaşasın ordumuz” deyən uşaqlaracan hamı ruh verdi. 

 
Gecələr çox soyuq olur deyə gündüzlər yatırıq. Göyün altında gecə-gündüz ayaqdayıq, nə ev var, nə daldanacaq. Köhnə yerlərimiz arxadadı. Orda hər şey var idi. İndi yeni yerlər tikiləcək. Elə bilirəm həftəyə qayıdacağıq...gözləyirik. 
  
]
Aysel Əlizadə 
qadinkimi.com