BURA / ORA
Cəbhədən hərbi həkim Rəşad Sultan yazır: "Görməyən bilməz, biz isə qələbəyə inanırdıq, çünki..." Tarix : 23 Noyabr 2020, 13:17

Əslində, müharibə haqqında ilk yazım bu olmayacaqdı. İnsanın hər davranışını bioloji cəhətdən və ibtidai insandan bu günə qədər gəlişən tarixi mərhələ ilə izah etməyə çalışan biri olaraq, müharibəyə də daha geniş fikir bildirəcəkdim, əlbəttə, bildirəcəyəm.

Qələbə haqqında məni yazmağa vadar edən atəşkəs bəyanatındakı hanısa bəndlərə yönələn subyektiv fikirlər və iradlar oldu. Bəzən də bu fikirlər həddini aşaraq "bu sonuc qələbə deyil” deyəcək qədər şişdi, böyüdü.

Sözləri insan yaradır, onlara mənanı insan yükləyir. Mənim yaşıl dediyimi sən bəlkə də narıncı görürsən. Qələbə də səninçün fərqli məna daşıya bilər: Sərhədin bir az o yandan keçməsi, müqavilədəki hansısa vergül, sülhməramlıların dəbilqəsində hansısa yazı, düşmən təmsilçisinin hansısa provokativ hərəkəti səninçün qələbəyə kölgə sala bilər. 

Bəs mənimçün nədir qələbə?

Tarix dərsi keçən hər bir uşaq da bilir ki, müharibə siyasi proseslərin tərkib hissəsidir. Otto Bismark demişkən, "Müharibə hərbçilərə etibar edilməyəcək qədər incə məsələdir”. Hamı anlayır ki, böyük dövlətlərin qurduğu ssenarilər kiçik dövlətlərin taleyini həll edir və sülh müqavilələri də bu ssenaridəki sonluğa uyğun olur. 

Bəs o zaman nədir bu Vətən müharibəsindəki qələbə?

Müharibədə iştirak edən, ön xətdən mərmi yağışı altında yaralı daşıyan, əsgərlərlə birlikdə torpaqda yatan bir həkim kimi deyim:
Bir xalq döyüşə bilirsə, bir torpaqda şəhid məzarı varsa, o xalq artıq qalibdir.

Əlindəki silahın metalının soyuqluğu iliyinə işləsə də, postda dayanan çəlimsiz əsgərin gözünü nişangahdan çəkməməsidi qələbə. Qələbə odur ki, arxaya baxdığını görmədim heç bir əsgərin.

 
 
Sülh dövründə özündən xəstəlik uyduranlar ilk atəşdən sonra bir döyüşçü, bir qəhrəman oldular. Xəstəlik görmədim mən 45 gündə. Tibb məntəqəsinə apara bilmirdim minaatanı. Deyirdi, koordinat veriblər, təcili atəş açmalıyıq. 

Apara bilmirdim tank heyəti üzvünü. Mən tuşlayıcıyam, qızdırmadan ölsəm də, burda olmalıyam deyirdi. 

Bunları görməyən, əlbəttə, bilməz qələbə nədir.

 
 
Mənim sanitar maşınımın sürücüsü deyirdi: "Xalqın balası yaralı halda məni gözləyir, mən mərmi atəşinin bitməsini gözləyəcəm?! Bəlkə dəqiqələrin söhbəri var onun həyatını xilas etməkçün”. 

Bunları görəndə artıq qalib hesab edirdim özümü. Ona görə də qalib gələcəyimizə ilk gündən heç birimizdə şübhə yox idi.

Özü çöldəykən şəxsi heyəti sığınacağa doldurub qoruyan zabitlər gördüm. Ən çox nədən yoruldum, bilirsiz? Mülki əhalidən gələn dərman yardımlarını yerbəyer etməkdən. Hələ isti geyimləri, qidaları demirəm.

Bəs, hərbi maşına əsgər salamı verən uşaqlar?! "Allah qorusun” deyən yaşlılar?! Qələbə deyil bu?!

"Bizim millət düzələn deyil” söyləyənlər 20 yanvar, Birinci Qarabağ müharibəsi şəhidləri kimi bu müharibənin şəhidlərinə də ayıb edirlər. 

 
Şuşa qələbəsi dastandı, dastan.
Kimin qələbəsidi? Əlbəttə, Azərbaycanın. Kənddə-kəsəkdə cəmi iki ay öncə ayağı palçıqda yer əkib, mal otaran kəndçinin qələbəsi.

Alınmış hər qarış torpaq qələbədir.
Döyüşə atılmaq özü qələbədir.

 
Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir
Nə də günəşlər kimi parlayıb sönməməkdir.
Bunun üçün ölümə bir atılış gərəkdir,
Atıldıqdan sonra da bir daha dönməməkdir.

Qorxu üzərində qələbədir bu.

Bəxtiyar Vahabzadə demişkən:
 
Xalqın qəlbindəki qorxu mülkünü 
O gecə dağıdıb sökdü şəhidlər.

Özü özünü yendi bu müharibədə Azərbaycan xalqı.

 
 
Yalançıları yendi, qorxaqları yendi, şəhərdə zurna çalan "neqodnıları” yendi, rüşvətxor məmurları yendi.

"Yoxdur artıq o rüşvətxor mentalitet, cəhənnəmə getdi o sistem, gora getdi o sistemsizlik, gorbagor oldu o məmur özbaşınalığı”.

Bu xalqın qarşısında artıq kim dura bilər?!

Yüz minlik qazi ordusu var bu gün Azərbaycanın. Qalib ölkəmin qalib ordusu. Çıxsın bu qazilərin qabağına bir rüşvətxor məmur, bir harınlamış məmur balası, görüm necə çıxır.

Özəlliklə həmişə hökumət əleyhinə yazanların yazılarını incələdim: ancaq Şuşa, ancaq əsgərlər, ancaq ordudur mövzu.
Özəlliklə dövlət başçısının hər çıxışını, hər müsahibəsini oxudum: daxili siyasətdən bir kəlmə yoxdur.

Atatürk demişkən: "Mövzu vətəndirsə, gerisi təfərrüat”.

Qələbəni siyasi müqavilələrdə axtarmayın. Qələbəni çevrənizdə, özünüzdə axtarın.

Qələbəmiz mübarək!
Qarabağ Azərbaycandır!
Rəşad Sultan Qadinkimi üçün
23.11.2020
Ağdam. Qarabağ. Azərbaycan.
qadinkimi.az