Bir gün yaşlı qadın bir antikvar dükanından aldığı əsrlik fincanı ehtiyatla qonaq otağının pəncərəsinə qoydu. Fincanın forması, üzərindəki işləmələr, rənglər onun bir sənət əsəri olduğundan xəbər verirdi. Ödədiyi qiyməti xatırladı; yox, yox, heç də baha deyildi. Heyranlıqla fincana baxmağa davam etdi.
Sonra birdən fincan dilə gəldi və qadına dedi:
- Mənə heyranlıqla baxdığını bilirəm. Amma bilməlisən ki, mən həmişə belə olmamışam. Yaşadığım sıxıntılar məni bu hala salıb.
Qadın mat-məəttəl qalmışdı. İlahi! Qarşısındakı qəhvə fincanı danışırdı!
Kəkələyərək "Necə yəni? Başa düşmədim?" deyə bildi yaşlı qadın.
- Demək istəyirəm ki, mən bir zamanlar palçıqdan ibarət idim və bir sənətkar gəldi. Məni əlinə götürüb əzdi, döyəclədi, yoğurdu. Çəkdiyim acıya dözə bilməyib: "Bəsdir! Lütfən dayan artıq!” deyə qışqırmaq məcburiyyətində qaldım.
Amma usta gülümsəyərək "Hələ yox!" deyə cavab verdi.
Sonra məni götürüb bir taxtanın üstünə qoydu. Burda fırlanmağa başladım. Taxta döndükcə başım da döndü. Və mən yenə qışqırdım:
"Xahiş edirəm, məni bu şeydən uzaqlaşdır. Mən artıq fırlanmaq istəmirəm!"
Amma usta mənə baxıb gülümsəyirdi: "Hələ yoox!"
Sonra məni qaldırıb sobaya qoydu. Qapını bağladı və istiliyi artırdı. Mən onu indi sobanın pəncərəsindən görürdüm. Soba getdikcə qızırdı. Fikirləşirdim: Məni yandırıb öldürəcək.. Mən sobanın divarlarını döyəcləyib qışqırdım:
"Usta, usta! Lütfən, icazə ver burdan çıxım!" Pəncərədən onun üzünü görə bilirdim. O, hələ də gülümsəyərək "Hələ yox!" deyirdi.
Bir saatdan sonra o, sobanı açıb məni çölə çıxardı. İndi rahat nəfəs alırdım, sobanın qızmar istisindən azad olmuşdum. Məni stolun üstünə qoyub, biraz boya və fırça gətirdi.
O, boyalı fırça ilə mənə yüngülcə toxunmağa başladı. Fırça hər tərəfimdə gəzişir və bu vaxt mən qıdıqlanırdım.
"Lütfən, usta! Etmə, mən qıdıqlanıram!" dedim. Onun cavabı isə eyni idi: "Hələ yox!”
Sonra yavaşca məni tutdu və yenidən sobaya doğru apardı. Qorxudan öləcəkdim.
"Yox! Məni bir daha sobaya qoyma, xahiş edirəm!” deyə qışqırdım.
O, sobanı açıb məni itələdi və qapını bağladı. İstiliyi iki dəfə artırdı. "Bu dəfə məni deyəsən doğrudan yandıracaq!" deyə düşündüm. Pəncərədən bayıra baxıb çarəsizcə ona yalvardım, amma o yenə "Hələ yox!” deyirdi.
Ancaq bu dəfə ustanın yanaqlarından bir yaş süzüldüyünü gördüm.
"Son nəfəsimi verdiyimi düşünürdüm ki, qapı açıldı və ustanın incə əli məni içəridən çıxartdı. Dərindən nəfəs aldım, həsrətini çəkdiyim sərinlik var idi. O, məni yuxarıdakı rəfə qoydu və dedi:
"İndi tam istədiyim kimi oldun. Özünə baxmaq istəyirsən?"
Sakitcə "hə” dedim.
Usta gətirib qarşıma bir güzgü qoydu. Gördüyümə inana bilmirdim. Güzgüyə təkrar-təkrar baxıb dedim ki: "axı, bu mən deyiləm, mən sadəcə bir palçıq parçası idim.”
"Bəli, bu sənsən!" dedi usta. Sənin ağrı-acı olaraq gördüklərin sayəsində mükəmməl bir fincan oldun. Əgər palçıq parçası olduğun zaman sənin üzərində işləməsəydim, quruyub gedəcəkdin. Səni dönər dəzgahın üstünə qoymasaydım parçalanıb toz-torpaq olacaqdın. İsti sobaya qoymasaydım, çatlayardın. Boyamasaydım həyatında rəng olmayacaqdı. Amma sənə əsl güc və qüvvət verən ikinci soba idi. İndi üzərində istədiyim hər şey var”.
Və mən, qəhvə fincanı, fərqində olmadan heyrət içində bu sözləri dedim:
"Ustam! Sənə güvənmədiyim üçün məni bağışla! Mənə zərər verəcəyini düşündüm.
Sənin məni məndən çox sevəcəyini və mənə yaxşılıq edəcəyini bilmirdim.
Məsələyə baxışım bəsit idi, amma indi görürəm ki, məni böyük bir sənət əsərinə çevirmisən.
Mənim sıxıntı və ağrı kimi gördüklərimi mənə verdiyin üçün təşəkkür edirəm. Çox sağ ol."
Usta fincanı Yaradan da insanı formalaşdırır..
Çevirdi: Günel Deniz
qadinkimi.com