Hər birimizin musiqi zövqü fərqlidir. Kimi xalq musiqisini, kimi rok, kimi klassik musiqini dinləməyi xoşlayır. Sevdiyimiz parçanı dinləmək beyində həm əhval-ruhiyyə mərkəzlərini aktivləşdirir,həm də ümumi sinir sisteminin fəaliyyətini stimulə edir. Xoşladığımız musiqiyə qulaq asdıqda dopamin hormonu artıq sintez olunur, bu da əhvalı yaxşılaşdırır, bizi güvən, komfort hissi ilə təmin edir. Dopamin hər dəfə bizə pozitivlik verən faktorların təsirindən artır.
Bəs beyin bunu necə təyin edir - nəyi xoşlayır, nəyi xoşlamırıq?
"Montreal Neurological Institute and Hospital” tədqiqatçılarının apardığı araşdırmalar zamanı məlum olmuşdur ki, səslənən musiqinin artıq ilk 30 saniyəsindən etibarən beyin bu parçanı xoşladığını təyin edə bilir. Xoşladığımız musiqini eşidərkən beynin əhval-ruhiyyə mərkəzlərinə daxil olan ön nüvə adlı sahəsi aktivləşərək beynin digər sahələrinə impulslar göndərir, beləliklə əqli fəaliyyəti stimulə edir. Ona görə də, xoşladığımız hər bir musiqi ilk notlarından qıcıqlanma vərdişinə əsaslanaraq ön nüvənin oyanmasına, beyin stimulyasiyasına və dopamin sintezinə təkan verir.
Ön nüvə sevdiyimiz musiqini dinləyərkən fərdi olaraq beynin müxtəlif sahələrinə impulslar göndərərək müxtəlif emosional assosiasiyalar yaradır, eşitmə mərkəzində yeni neyronal əlaqələrin inkişafını təmin edir, koqnitiv funksiyalara müsbət təsir edir. Eşitmə mərkəzi olan beynin gicgah payı musiqi zövqümüzün formalaşmasına cavabdehdir.
qadinkimi.com