Türkiyədə “Elçi gedərkən istədiyin qızı yox, baldızını bəyənsən, dini cəhətdən heç bir əngəl yoxdur”- deyən iqtidar “fətvaçısı” Xeyrəddin Qaramana tanınmış köşə yazarı Bəkir Coşqun “Sözcü” qəzetində sərt cavab verib. Yazını oxucularımıza təqdim edirik.
Bəkir COŞQUN
BALDIZ
Təriqət xocası fətva verdi; “Baldız da olar”- deyir.
Yəni - qızı istəməyə getdin, gəlin olmağa namizəd qız qəhvə gətirdi; əndamı yerli - yerində, boy - buxunu gözəl, xanım - xatın…
Amma o anda kürəkənliyə namizədin gözünə baldız dəydi…
Ürəyi onu istədi…
Fətvaçıya görə, ”ürəyi istədisə”, istiqaməti baldız tərəfə çevirirsən…
Siz dua edin ki, ürəyi qaynananı istəməyib…
Ürəyi istəyəndə baldız ilə dəyişdirə bildiyinə görə, məncə, bibi, xala, əmiqızı, əmiarvadı, qonaq, yolu düşən qonşu da ola bilər…
Necə olsa da qəlbində hiss - duyğu yoxdur.
Eşq yoxdur…
Hörmət yoxdur…
Ədəb - tərbiyə yoxdur…
Dünən 19 mayı qeyd etdik.
Əslində mən bunların 19 mayı niyə sevmədiklərini yazacaqdım….Bax, buna görə müasir Türkiyənin ilk addımı olan 19 maya nifrət edirlər…
19 may - şeyxsiz, şıxsız, dərgahsız, mədrəsəsiz, təriqətsiz, fətvasız ölkə deməkdir…
19 may - kişi ilə bərabər hüquqlu qadın deməkdir…
19 may - müasir insan deməkdir…
19 may - çadrasız, hicabsız, əmmaməsiz, cübbəsiz müasir cəmiyyət deməkdir…
19 may - saxtakarlara qul olmamaq deməkdir…
19 may - müasir təhsil deməkdir…
19 may - qadınların haqlarını qoruyan hüquq deməkdir…
19 may - pozitiv elm deməkdir…
19 may - vətəndaşlarımızın özünə güvənməsi deməkdir…
19 may - insana hörmət deməkdir…
19 may - qaranlıq istəyən cahillərin dalına düşüb getməyən Türkiyə deməkdir..
Ancaq nə etmək olar? Bunların təriqətləri dövlətin hər yerindədir… Nazirlikləri bölüşüblər, yüksək vəzifələrə məmurlar təyin edirlər.. Dövlətin zirvəsində onları hörmət - izzətlə qəbul edirlər. 10-larla televiziya kanalları var.. Mühafizə maşınlarının müşaiyəti ilə gəzməyə başlayıblar… Böyük tenderlər alırlar…Sərmayələri, şirkətləri, investisiyaları var…
Məsələn, yuxarıdakı “baldız” fətvasını verən adam bir təriqət bankının idarə heyətinin üzvüdür…
Bu cahillərdən son bir xilas yolu var…
24 iyun…