YAZI / DÜŞÜNCƏ
Bağışlamaq böyüklükdürmü Tarix : 24 İyun 2020, 12:39

"Bağışlamaq böyüklükdür" deyirlər. Baxır kimi hansı səhvinə görə bağışlayırsan.
Baxır o səhvi neçə dəfə təkrarlayıb, o səhvində neçə dəfə inad edib.

Bağışlanmaq səhvini anlayan, ondan dərs çıxaran, peşman olanlar üçündür, eyni səhvi, eyni insana qarşı israrla təkrar edənləri bağışlamaq böyüklük yox, axmaqlıqdır zənnimcə. İlk dəfəki səhv olur, ikincisi artıq onun səninlə bağlı seçimidir əslində, sənə olan dəyəridir.

"Yaradan günahkar bəndələrini bağışlayır, biz kimik ki, günahkar ola-ola başqasını bağışlamayaq" deyə bir ifadə yayılıb insanlar arasında. O Yaradandır, biz isə yaradılan. Bizim nəfsimiz var, bizim kibrimiz var, ən vacibi bizim yaradan qədər mərhəmətimiz yoxdur. Olsaydı, Onunla fərqimiz olmazdı zatən. O yaradıb, yaratdığını pisi ilə, yaxşısı ilə qəbul edib və cəzasını, mükafatını təyin etdiyi günə saxlayıb. Bəs biz? Bizim insan olaraq cəza verə bilmək qüdrətimiz, o cəzanı verə biləcəyimiz təyin olunan bir günümüz, bir ümidimiz yoxdur axı...

Bizim cəzamız da BAĞIŞLAMAMAQDIR. Necə ki ana övladının hər səhvini, hər günahını bağışlayacaq ürəyə sahibdir, Allah da yaratdıqlarını bağışlamaq qüdrətinə sahibdir. Lakin bizim bağışlamalı olduğumuz insan övladımız deyil axı? Bağışlanmaq istəyən vurmasın zərbəsini, təkrarlamasın səhvini.

Dəfələrlə bağışlamaq gücünə sahib deyil axı mərhəmətimiz. O qədər güclü deyilik axı. O qədər müqəddəs deyilik. Mələk deyilik axı. Yoxdur axı qanadlarımız. Qırıla bilən ürəyimiz, sına bilən qürurumuz var axı bizim.

Kimsə aldatmasın özünü... "Mən dəfələrlə bağışlayıram, mən unuduram” deməsin. Bağışladığı insanın növbəti səhvində, növbəti zərbəsində "unutduğu" nə varsa, xatıralayacaq, "mən onu necə bağışlaya bildim" deyə sual verəcək özünə "kaş ki”lərlə dolu peşmanlıq içində. O suala isə heç vaxt cavab tapmayacaq. Cavabı yoxdur çünki.

Bağışlamayacaqsan... Sənə dəfələrlə zərbə vuran insan(lar)ı dünya dağılsa, bağışlamayacaqsan. Bağışlayıb özünü öz gözündən salmayacaqsan. Onu bağışlayıb, özünə əbədi "bağışlanmamaq" cəzası verməyəcəksən. Biri sənə qarşı aşıbsa həddini, onu bağışlamamaqla bildirəcəksən yerini, ünvanını. "Bağışlamaq böyüklükdür" ifadəsini elə o günahkarlar şablon edib dilimizə. Hər çətinə düşəndə üz tutduqları o ifadə xilaskarı olub onların. Bağışlamaq böyüklükdür o şərtlə ki dərindən hiss edirsən səmimiliyini, üzündən oxuyursan peşmanlığını. Səhvini dərk edərək səmimi şəkildə üzr istəyən, ən əsası eyni səhvi etməkdə israr etməyənləri bağışlamaq həqiqətən də böyüklükdür. Əksi isə axmaqlıqdır, gücsüzlükdür, qürursuzluqdur,

Özümüzə - cismə də, ruha da hörmətsizlikdir!

Bağışlana biləcəklərdən olmaq, bağışlaya biləcəklərimizlə ola bilmək ümidi ilə...

 

Gülnar Abdullazadə

 

qadinkimi.com