O, Qarabağı heç vaxt görməyib. Amma qarabağlıdır. Nənəsi, babası, atası, anası, bütün qohum əqrabası qarabağlıdır. Babası vəsiyyət edib ki, öləndə onu mütləq Qarabağda dəfn etsinlər.
O da həmişə düşünür ki, babası öləndə gedəcək Qarabağa. Axı, ailə onu orda dəfn edəcəyinə söz verib.
İndi o, uşaqlığını Abşeron bağlarının birində, babasının gecə - gündüz qoruduğu möhtəşəm bir bağın həyətində keçirir əsasən. Ayaqyalın, başaçıq gəzib dolaşır bu bağı. Hərdən babasıyla dənizin sahilində gəzir. Amma heç nadinclik etmir. Sanki onun uşaqlığı həyatından silinib. Qızmar günəş altında arıq, az qala sümükləri görünən bədəni qapqara qaralıb.
Gözlərində qəribə bir ifadə var bu balaca oğlanın. Elə bil o gözlər Qarabağ müharibəsinin dəhşətlərini görüb.
Minlərcə yersiz-yurdsuz, uzun illər köçkün həyatı yaşayan günahsız qarabağlıların qəmi, kədəri süzülür onun gözlərindən. Bu uşaq gözlərində həm intiqam hissi, həm çarəsizlik, həm də həmyaşıdlarının çoxuna xas olmayan məğrurluq var.
O, uşaq ağlıyla həyatın amansızlığını dərk etməyə çalışsa da çox şeyi anlaya bilmirdi.
Görəsən niyə onun ailəsi kiçik, şəraitsiz bir daxmada, onları öz bağında işlədən insan isə saraya bənzəyən böyük bir evdə yaşayırdı? Nədən həmişə evlərində xəstə anasına dərman almağa pulları olmurdu? Niyə anasının gözləri həmişə dolurdu? Və nəhayət, onlar qarabağlı ola-ola niyə Bakının bağlarında yaşayırdılar? Bütün bu suallar balaca oğlana əziyyət versə də, onlara cavab tapa bilmirdi...
- Necəsən balaca?- deyə bağın yiyəsi ona sual verdi o gün.
- Yaxşıyam. Sağ ol.
- Sən bağdaki meyvələrə dəymə haa!
- Neynirəm ki, o kal meyvələri?
- Yetişəndə də dəymə. Onları mən şəhərə, uşaqlara aparacam.
- Apar də.
- Düzünü de, mən burda olmayanda yığıb aparırsan meyvələrdən?
- Sən burda olmayanda mən bura gəlirəm ki?
- Mən gələndə niyə gəlirsən bəs?
- Maşınından xoşum gəlir. Həm də sənin kimi atam olsun istəyirəm.
- Sənin atana nə olub ki?
- Mənim atam? Mənim atamın belə maşını yoxdur.
- Nə olsun yoxdur. Mənim də əvvəllər maşınım yox idi.
- Hə?
- Hə
- Bəs sonra nə oldu?
- Sonra aldım. Bura bax, balaca! Gəl belə danışaq. Sən mənim bağımı uşaqlardan qoru ki, meyvələrə toxunmasınlar. Mən də sənə bunun əvəzində pul verim. Əmək haqqı.
- Babam qoruyur də sənin bağını.
- Sən mənə bura, bu həyətə girən uşaqları göstərərsən,adlarını mənə deyərsən və əmək haqqını alarsan.
- Yox!
- Niyə?
- Satmaram dostlarımı .
- Mən əvəzində sənə pul verəcəm. Yığıb bir şey alarsan özünə. Lap maşın da ala biılərsən - deyə bağ yiyəsi təkid etdi.
O, adəti üzrə qara gözlərini qıyıb bağ yiyəsinə baxdı və:
- Sən öz maşınını dostlarını satıb almısan? - deyə soruşdu.
O gün balaca da, babası da o bağı tərk etdilər. Bağ sahibi onları işdən azad etdi.
Baba nə baş verdiyini anlamadı. Balaca isə heç anlamadı.
O, yenə dənizin sahilində gəzişir. Yenə gün dərisini yandırır. Yenə babasının ölümünü gözləyir. Babasını Qarabağda dəfn edəcəyinə ümid edir...
Təranə Məmməd
Qadinkimi.com