BURA / ORA
Azərbaycanın beynəlxalq imici üçün nə etməli? (TƏHLİL) Tarix : 24 İyul 2019, 17:48
Yazar : Qadinkimi.com
Ramin Hacılı 
Azərbaycan Avropa Hərəkatının prezidenti 

Dünyaya özümüzü təqdim etmək üçün video çarxlar, müraciətlər, şərhlər hazırlayır, tədbirlər edir, diaspora təşkilatları yaradır, lobbiçiliyə milyonlar xərcləyir, aksiyalar keçirir, investisiya qoyur, yatırımlar edir, xeyriyyəçi təşəbüsslər göstərir, beynəlxalq tədbirlər keçirir, sabitlik, multikulturalizm, tolerantlıq mühitinin təbliği ilə məşğul oluruq. Cəhdlərimizə baxmayaraq "nə üçün dünyada ölkəmizlə bağlı rəy neqativdi" sualı çoxumuzu düşündürür. 

İki aksiomu nəzərə almadan mənzərəni aydınlaşdıra və sualımıza cavab tapa bilmərik: 

1. "Avropa dəyərlərinə sadiqlik dərəcəsi ilə qiymətləndirilmə” faktoru. 

2. "Xarici siyasət daxili siyasətin davamıdı” düsturu. 

Başlayaq birincidən. Əslində, bir-birinə bağlı olan bu tezislər arasında keçid belə qoymayacam. Çünki oxuduqca birinin digərinə bağlılığını görmüş olacağıq. "Avropa dəyərləri" deyəndə söhbət oxşar və ya eyni sivilizasiyanı bölüşməkdən - bəşəri dəyərləri üstün tutaraq idarəçilikdə tətbiq etməkdən gedir. Bu mövzunu daha geniş izah edən qalaq-qalaq kitablar mövcuddur. Avropa Birliyinin saytında isə bu dəyərlər haqda qısa və konkret yazılıb: İnsan ləyaqəti, Azadlıqlar, Demokratiya, Fürsət bərabərliyi, Qanunun Aliliyi və İnsan Hüquqları. 

"Human Rights Watch”, "Amnesty International”, "Freedom House”, "Transparency International”, ATƏT, ABŞ Dövlət Depatamenti, Avropa Parlamenti, BMT, Avropa Şurası… kimi qurumlar bəşəri dəyərlər əsasında müxtəlif istiqamətlər üzrə hər il dünya ölkələrinin göstəricilərini (indekslərini) müəyyən edir. Çox təəssüf ki, bu siyahılarda Azərbaycan həmişə ən sonuncu yerlərdə olur. 

2018-ci ildə Azərbaycanın qərarlaşdığı bir neçə indeksə diqqət edək: 

1. Ümumi İnsan Azadlığı İndeksi (Cato Institute 2018). Azərbaycan ümumi göstəricilərdə: 6,80 bal (160 ölkə arasında 130-cu yer). 

2. Şəxsi azadlıqlar - 5,68 bal (162 ölkə arasında 131-ci yer). 

3. İqtisadi azadlıqlar - 6,49 bal (162 ölkə arasında 102-ci yer). 

4. Beynəlxalq Demokratiya İndeksi (Freedom House 2018). Azərbaycan 6,5 bal (Qeyri-azad ölkə). Yəmən, Liviya, Efiopiya kimi ölkələrlə eyni sırada. 

5. Rüşvət Qavrama İndeksi - (Transparency International 2018). Azərbaycan 25 bal (180 ölkə arasında 152-ci yer). Madaqaskar, Kamerun, Tacikistan və Nikaraqua ilə eyni yerdə. 

6. İfadə azadlığı İndeksi (Reporters Without Borders 2018).  Azərbaycan 59,7 bal (180 ölkə arasında 163-cü yer). Liviya, İran, Özbəkistan, Bəhreynlə eyni mövqedə. 

7. LGBT Hüquqları (Rainbow-Europe) Azərbaycan 49 Avropa ölkəsi siyahısında ən axırıncı pillədədir. 

Bura ətraf mühitin qorunması, uşaq hüquqları, qadın haqları, vətəndaş cəmiyyəti durumu, mədən sənayesində şəffaflıq və s. də əlavə ediləndə pis göstəricilər artır. 

Yeri gəlmişkən, Azərbaycanın yerinin yaxşı olduğu indekslər – sabitlik (təhlükəsizlik), multikulturalizm, tolerantlıq… Bu barədə bir az sonra yazacam. Hələlik, neqativ rəy və onun fəsadlarını göstərmək niyyətindəyəm. 

İstənilən jurnalist, tədqiqatçı, parlamentari, qərarverici şəxs, investor, kreditor təşkilat və s. Azərbaycanla bağlı araşdırma aparanda bu cür indekslərə baxır. Bu indikatorları kənara qoyaraq qərar verə bilməz. Buna görə də kənardan ölkəmizə böyük yatırımlarla bağlı tərəddüdlər var. Baxmayaraq ki, sabitlik, təhlükəsizlik var, ancaq iqtisadi azadlıqlar indeksinə baxan bir sərmayədar qarant almadan yatırım etməkdən çəkinir. Bu səbəbdən ölkə başçısı qlobal investor şirkətlərin rəhbərləri ilə görüşüb onları Azərbaycana dəvət etmək məcburiyyətində qalır. 

Belə mənfi imicin və ya indeksin formalaşmasına səbəbləri siyasi fəalların, hüquq müdafiəçilərinin, blogerlərin, jurnalistlərin həbsə atılması, təqibi, işdən məhrum edilməsi, müxalif fikirli şəxslərin türmələrdə işgəncələrə məruz qalması halından yaranır. Yazıçı Rafiq Tağının, jurnalist Elmar Hüseynovun qətlə yetirilməsi və cinayətkarların tapılmaması, yazıçı Əkrəm Əylislinin romanına görə ictimai şəkildə təzyiqə məruz qalması və ailə üzvlərinin cəzalandırılması, müxalif fikirli insanların ailə üzvlərinin polis bölmələrinə aparılaraq həbs edilməsi və ya həqarətlərə məruz qalması, ailənin, qohumların "müxalif fikirli yaxından” imtina ərizəsi yazmağa məcbur edilməsi, başqa bir ölkənin paytaxtının mərkəzindən adamın oğurlanıb Bakıya gətirilərək həbs edilməsi (jurnalist Əfqan Muxtarlı), mətbuat orqanları, saytların bloklanması, jurnalistlərə basqı, çox sayda insanın ölkədən çıxışına "stop" (ölkədən çıxma qadağası) qoyulması, xeyli aktivistin mühacirətə getməsi, müxalif partiya və təşkilatların ofislərinin olmaması və ya tədbir keçirmək üçün məkan tapa bilməməsi, sərbəst toplaşmaq azadlığının təmin edilməməsi və s. bütünlükdə Azərbaycanın imicinə güclü zərbə vurur. 

Bu hadisələr uzaq keçmişdə yox, təzəlikcə baş verib. Nəticədə 2018-ci ildə Azərbaycanın beynəlxalq imici indekslərdə qeyd etdiyim formaya düşüb. 

Bu vəziyyətə görə Azərbaycan dövləti siyasi məhbusların çox hissəsini azadlığa buraxdı, gömrük və vergi islahatına başladı, xeyli insana qarşı qoyulmuş "stop” aradan qaldırıldı və s. Eyni zamanda problemlərin əsas kökü hesab olunan məhkəmə və hüquq sistemində islahatların olacağı anonsu verildi. 

Bəli, daxili siyasətdə liberallaşmaya ehtiyac var. Prezident İlham Əliyev 2019-cı ilin əvvəlində REAL TV-yə müsahibəsində jurnalist Mirşahin Ağayevin islahatların məqsədi ilə bağlı sualına cavabında bildirmişdi ki, "biz bilirik xarici siyasət daxili siyasətin məntiqi davamıdı”. Bu səbəbdən əminliklə demək olar ki, dövlətin islahatlarla məqsədi həm də ölkəmizin beynəlxalq imicinin düzəldilməsinə hesablanıb. Çox təssüf ki, bu istiqamətdə aparılan işlərin dünyaya təqdimatında boşluqlar qalmaqdadır. Baş verən müsbət dəyişikliklərin daha yaxşı təqdimata ehtiyacı var.

İslahatların parallel olaraq aparılmasına, genişləndirilməsinə və bunun dünyaya təqdimatına ehtiyac var. Sosial narazılığın aradan qaldırılması, iqtisadi monopoliyalara son verilməsi, sərbəst toplaşmaq azadlığının təmini, bütün siyasi hesab olunan məhbusların işinə yenidən baxılması, humanist qərarların artırılması, Vətəndaş Cəmiyyəti İnstitutları ilə dövlət arasında dialoqun gücləndirilməsi, seçki islahatları bu ilin prioriteti kimi gözləniləndir. Çünki keçilən bütün qırmızı xəttlərə görə, cəmiyyətdə bir təbəqə mövcud quruluşa qarşı təhlükəli düşmənçilik hissləri bəsləyir. Həmin kəsimin əlindən arqumentlərin alınması daha vacib hesab olunmalıdı, nəinki o təbəqə ilə savaş. Bu təbəqə böyüyə və vətəndaşlar arasında geniş vüsət ala bilər. Bu halda vətəndaşların öz dövlətinə, hökumətinə rişxənd etməsi, düşmənçilik hissi bəsləməsi baş verəcək adi təxribatla idarəolunmaz prosesə çevrilə bilər. 

Müsəlman aləminin ilk demokratik cümhuriyyətini qurmamız, qadınlara səsvermə hüququ verən öncül ölkələrdən olmağımız, tolerantlıq, multikulturalizm, beynəlxalq layihələrdə iştirak, Bakının gözəl şəhərə çevrilməsi, beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsi bizə azmı fayda gətirdi? Bir tək dini tolerarantlıq məsələsində olan üstünlüyümüz bizə nə qədər dost qazandırıb, bilirsizmi? Yəhudi lobbisi, İsrail dövləti, Vatikan, sivil dini cərəyanların təmsilçiləri ilə xoş münasibət və bunun ölkəmizə olan müsbət tövhəsi. Bunlar bizə stimuldu, deyək ki, bizə qarşı ikili standartlar yoxdu. 

Bu ilin əvvəlindən başladılmış islahatların daha da dərinləşməsi, gənc kadr və yenilikçi məmurlara üstünlük verilməsi yaxın gələcəkdə müsbət nəticələr vəd edə bilər. Yetər ki, sadaladığımız və dövlətin də qarşısına bilərək qoymuş olduğu islahatlar siyasi iradə ilə davamlılığı təmin etsin. Yalnız bununla baş verə biləcək hər hansı təxribatdan və ya sosial partlayışdan sığortalanmaq olar. 

Dünyada ola bilsin, bizə qarşı müəyyən stereotiplər var, amma biz həmin stereotipləri dağıtmaq üçün sivil və müasir yenilikləri vətənimizə daşıya biləcək potensialdayıq. Misal olaraq, BMT tərəfindən təqdim olunan indekslərdə Azərbaycanın selektiv abortlara görə (qız uşaqlarına qarşı ayrı-seçkiliyə) dünyada Çindən sonra ikinci pillədə yer almasını göstərə bilərik. Halbuki Azərbaycan bu sahədə problemləri olsa belə dünya ikincisi deyil. Biz Azərbaycan Avropa Hərəkatı olaraq Avropa Komissiyasının dəstəyi ilə bu sahədə layihə həyata keçirdik və apardığımız sorğu və araşdırma göstərdi ki, selektiv abortların sayı sürətlə azalıb. Layihəmiz də bu sahədə xeyli faydalı oldu. Gənc ailələrlə iş apardıq, maarifləndirmə, çap materialları, kitab, qanun layhəsi təklifi və s. kimi töhvə verdik. Bütün bunların nəticəsini həm də BMT-yə yolladıq. Bu il indekslərdə Azərbaycanın yeri yaxşılaşıb. Qərəzli və ikili standartlı baxış kimi qəbul edərək münasibətləri dava müstəvisinə çəkmək yerinə, suallara indeks formalaşdıran ritorika ilə faktlar və istinadla cavab versək, bir çox sahədə ciddi irəliləmə mümkündü. Bunun üçün yalnız obyektiv, dünya dilini bilən, faktların təqdimatında paralellər aparan Vətəndaş Cəmiyyəti İnstitutlarından və dövlət, cəmiyyət adına işlər görən ayrı-ayrı ictimai şəxslərin dəstəyindən faydalanmaq çox vacibdi. 
 
 
Qadinkimi.com