"İl boyu ailədaxili zorakılıqlar baş verir, cəmiyyət isə artıq buna bir növ alışıb”.
Bu sözləri Lent.az -a "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. O bildirib ki, son günlərdə zorakılıq halları ard-arda baş verir və daha da çoxalır:
"Qadınlar bir neçə ildir ki, uşaqların gözü qarşısında öldürülür. Bu uşaqları dərhal qəyyumluq şöbələri xüsusi müəssisələrə yerləşdirməlidir. Bu cür hadisələr baş verərkən, uşaqları qohumlara, nənələrə, babalara vermək olmaz. Çünki əgər bir qadın öldürülürsə, əksər vaxtlarda deyilir ki, bu əxlaqsızlıq və digər səbəblərdən baş verib. Bununla da uşaqda anaya qarşı nifrət hissi oyanır, atasını isə qəhrəman kimi görür.
Qəyyumluq şöbələri əvvəlcə uşaqları sığınacaqlara, sonra dövlət müəssisələrinə yerləşdirməlidir. Bu proses qısa müddətdə, operativ baş tutmalıdır. Bizdə isə hazırda bir uşağı hansısa müəsisəyə yerləşdirmək ən azı 3-4 ay çəkir, amma uşaq müdafiə sistemi çevik olmalıdır.Bundan başqa, təcili tədbir görülərək, uşaqlara psixoloji yardım göstərilməli, onlar həmin mühitdən mütləq çıxarılmalıdırlar”.
M.Zeynalova qeyd edib ki, ikinci istiqamət maarifləndirmədir:
"Ancaq bu təkcə sözdə olmalı deyil. Rayonlarda xidmət paketləri (mərkəzləri) açılmalıdır. Pulsuz xidmət edən mərkəzlər isə polislə əlaqəli işləməli və münaqişəli ailələri nəzarətə götürməlidir. Bu mərkəzlərə sosial işçilər də təhkim edilməlidir.
"Məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planı” artıq 10 ildir qəbul olunub, dekorativ sənəd kimi qalmaqdadır. Düzdür, bəzi irəliləyişlər var, amma bunlar ləng addımlardır”.
Birlik sədrinin sözlərinə görə, bu istiqamətdə işi hər hansısa bir qurum koordinasiya etməlidir:
"Bizdə bu yoxdur. Məsələn, insan alverində milli koordinatorun (Daxili İşlər Nazirliyində olması burada görülən işlərin inkişafına təkan verdi. Düşünürəm ki, zorakılıq məsələsində də koordinator təyin edilsə, bu sahədə irəliləmələr olacaq.
Azərbaycanda koordinasiya olmadığı üçün pərakəndə iş gedir. Doğrudur, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə işləyir, ancaq koordinasiyasız nəticələr əldə etmək mümkün deyil”.
M.Zeynalova deyib ki, ölkədə məişət zorakılığı halları ilə bağlı statistika açıqlanmır:
"Buna görə də biz real vəziyyəti qiymətləndirə bilmirik. Ancaq məlumatları mətbuatdan izləyir, toplayır monitorinqlər aparırıq. Bu zaman bizə deyirlər ki, rəqəmlər şişirdilir. Qeyd edim ki, biz ancaq DİN-in mətbuata verdiyi məlumatlar əsasında monitorinq aparırıq.
Təəssüf ki, insanlar bu mövzuya ciddi yanaşmırlar. Hətta mən 5 il əvvəl demişdim ki, belə davam etsə, qadınlar cəmiyyət içində, küçələrdə döyüləcək və öldürüləcək. Bütün bunlar artıq baş verməyə başlayır".
Birlik sədri əlavə edib ki, xarici ölkələrdə zorakılıqla bağlı elektron qolbaqlar mövcuddur:
"Zorakılıq törədən şəxsə qolbaq taxılır və onun yenidən zərər verdiyi şəxsə yaxınlaşması mümkün olmur. Yaxınlaşsa belə, qolbaq vasitəsilə həmin an siqnallar ötürülür və bədbəxt hadisələrin qarşısı alınır. Bunun təbliği bizə də lazımdır.
Hazırda bizdə mühafizə orderi tətbiq edilir, ancaq onun effektini bu günə qədər heç kəs görməyib və heç kəsi də qorumur.
Hər il universitetlərdən nə qədər sosial işçilər məzun olur. Buna baxmayaraq, onlar işləmirlər. Dünyada isə sosial işçinin hörməti böyükdür. Hətta onlara müxtəlif qurumların məmurlarından da daha çox hörmət edirlər. Əgər bu məsələ öz həllini tapsa, düşünürəm ki, boşanmaların, ölüm hallarının sayı azalacaq”.
Mövzu ilə bağlı saytımıza danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov isə bildirib ki, artıq qurumda zorakılıqla bağlı icra mexanizmləri müəyyənləşir:
"Respublika ərazisində olan hər bir icra hakimiyyətində gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu fəaliyyət göstərir. Məişət zorakılığı ilə bağlı fakt aşkarlandıqda, biz aidiyyəti üzrə monitorinq qrupuna müraciət göndəririk və onlar bunu araşdırırlar. Monitorinq qrupu üzvləri arasında icra hakimiyyətindən, polisdən, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Səhiyyə nazirliklərindən nümayəndələr olur. Zorakılıq faktının araşdırılmasında bütün qurumlar birləşir və nəticələr bəlli olduqdan sonra problemin həlli hansı qurumun üzərinə düşürsə, onunla ayrıca məşğul olunur".
S.Məmmədov qeyd edib ki, zorakılığın dərəcəsi ağır olduqda, zərərçəkənə mühafizə orderi verilir:
"Bu order zərərçəkənin hüquqlarını müdafiə etmək üçündür. Order qısamüddətli (1 ay) verildikdə, əgər qarşı tərəf əməlindən əl çəkmirsə, bu zaman icra hakimiyyətinin təşəbbüsü ilə məhkəməyə müraciət edilir və orderin müddəti 180 günə (6 ay) qədər artırılır. Bunun şərtləri daha ağırdır. Uzunmüddətli orderdən sonra yenə də şiddətə davam edilirsə, burada polis birbaşa işə qarışır”.
Qeyd edək ki, 2016, 2017 və 2018-ci illər ərzində zorakılıq hallarının 86 faizi qadınlara qarşı törədilib. 14 faiz zorakılıq isə kişilərə qarşı olub.
Milli Məclisin oktyabrın 8-də keçirilən iclasında deputat Aytən Mustafayeva bildirib ki, iki gün əvvəl Biləcəri qəsəbəsində, "Avtovağzal" metrostansiyası yaxınlığında kişi uşaqlarının gözü qabağında arvadını bıçaqlayaraq qətlə yetirib:
"Kişilər bunu telefonla çəkiblər, hadisə uşaqların gözü qarşısında baş verib. Bir adam çıxmayıb ki, ona bir yumruq vursun, qadını əlindən alsın”.
Deputat qeyd edib ki, başqa hadisə isə metroda olub:
"Polislər heç olmasa, metroda insanların üzərində bıçaq olub-olmadığını yoxlasın. Bu sahədə qanunvericilik təkmilləşdirilməli, sərtləşdirilməlidir. Bununla bağlı Milli Məclisin komitələrində müzakirə aparılmasına ehtiyac var. Yeri gəlmişkən, bir müddət əvvəl balta ilə qətlə yetirilən qadınla bağlı hadisəyə də münasibət bildirmişdim. Ancaq bir müğənni sonradan çıxıb demişdi ki, yəqin qadının nəsə günahı olub. Bu, necə müğənnidir?”
Deputat Sona Əliyeva da Biləcəri qəsəbəsində törədilən qətldən danışıb:
"Bir neçə ay qabaq Türkiyədə də belə hadisə olmuşdu. 12 yaşlı qızının gözünün qarşısında anasını atası qətlə yetirilmişdi. Bu kadrları da Azərbaycanda kiçikdən böyüyə, bəlkə hamı izləmişdi, hətta Instaqramda həştəqlər paylaşmışdılar. #EmineBulutiçinsusma deyə...Eminə Bulutun o kadrlarda dayanmadan təkrarladığı söz vardı: "Ölmə anne...”
Türkiyə mediası, vətəndaş cəmiyyəti, ictimai xadimlər və məşhurlar bu məsələyə ciddi reaksiya verdi, hətta qadına qarşı şiddətə diqqət çəkmək üçün Eminə Bulut adına konsertlər verdilər, reabilitasiyasını üzərlrinə götürdülər və s. Bəs biz nə etdik? Niyə susuruq? Doğrudanmı qadınların ikinci sort insan kimi qəbul edirik? Həqiqətənmi, biz qadınların da "günah öləndədir" düşüncəsi beynimizin ən alt qatlarına çöküb? İnanmıram, bu, biz deyilik, ya da olmamalıyıq...
Axı bizim qadınımız həmişə baş tacı, namus-qeyrət daşıyıcısı olub, sülh, əmin-amanlıq yaradıb, hörmətli, dəyərli olub. Mən daha susmaq, qadınların övladlarının gözü qarşısında öldürülməsini və uşaqların atalarına nifrətlə kimsəsiz yaşamasını istəmirəm. Siz də susmayın, qadınların təbii və qazanılmış hüquqlarının pozulmasına səssiz qalmayın, Leyla və onun timsalında qadınların insanlığa sığmayan vəhşiliklərin qurbanı olmasına yol verməyin. Heç bir arqument, fakt ya da bəhanə insan ölümünə səbəb ola və ya haqq qazandıra bilməz!”.
Hazırladı: Hicranə Əlişqızı
Mənbə: lent.az