HÜQUQLARIMIZ
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI - Əsas hüquqlar, azadlıqlar və vəzifələr Tarix : 23 Noyabr 2022, 12:00
Yazar : Qadinkimi.com


 Qadinkimi.com Azərbaycan Respublikasının Konstitusiyasında yazılan insan hüquq və azadlıqları, bərabərlik prinsiplərini təqdim edir:  


Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi


I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir.


II. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları var.


III. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.


Maddə 25. Bərabərlik hüququ


I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.


II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.


III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.


IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.


V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.


VI. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.


Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi


I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.


II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

qadinkimi.com