BURA / ORA
Azərbaycan 200 manatlıq, AXC-nin və Heydər Əliyevin yubiley əskinaslarını dövriyyəyə buraxır Tarix : 08 İyul 2018, 16:10
Yazar : Qadinkimi.com

Bu gün, mayın 25-də Mərkəzi Bankda Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirilib. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.

Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib.

 

200 manatlıq

“Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ şirkəti “Crane Currency” tərəfindən təqdim olunan dizayn qalib seçilib. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olunub. Yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, Mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elemetləri, digər milli ornamentlər əks olunub”.

  

Heydər Əliyevin 95 illiyi münasibəti ilə yubiley əskinası

O bildirib ki, bu gün Mərkəzi Bank bir daha qürur hissi ilə Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş xatirə pul nişanının tədavülə buraxılmasını elan edir.

“Xatirə pul nişanları çəkisi 1 troy unsiyası (31.1 qr) olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir.

Yubiley pul nişanının üzərində Azərbaycanın dövlət rəmzlərindən, eləcə də memarlıq, şəbəkə sənətində geniş yayılmış ornamentlərdən istifadə olunmuşdur. Pul nişanının ön hissəsində xüsusi relyefdə əks olunmuş Dövlət bayrağının fonunda Ulu Öndərin qızıl və platindən hazırlanmış portreti əks etdirilmişdir. Arxa hissəsində isə Dövlət gerbi təsvir olunmuşdur”.

Rüstəmov həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim edib.

   

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley əskinası

“Azərbaycan Mərkəzi Bankı bu əlamətdar tarixin əbədiləşdirilməsi məqsədilə Cümhuriyyətin yaradılmasının 100 ilik yübileyinə hər olunmuş xatirə pul nişanlarını tədavülə buraxır. Xatirə pul nişanları çəkisi 1 , ¾ və ½ troy unsiyası olan yüksək əyarlı qızıldan ibarətdir. Yubiley pul nişanının ön hissəsində azadlıq rəmzi olan günəş, Azərbaycan Respublikasının xəritəsi və onun üzərində dövlət himnimizdən bir parça, Dövlət bayrağının qrafiki dizaynı təsvir etdirilib. Cümhuriyyətin yarandığı tarix, istiqlal mübarizəmizin qələbəsi kimi zəncirlənmiş qəfəsdən azadlığa çıxan göyərçinlər təsvir olunub. Yubiley pul nişanının arxa hissəsində Dövlət gerbi, aypara ilə səkkizguşəli ulduz və şəbəkə sənətində geniş yayılmış ornamentlər əks olunub”.

Hər iki yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında istehsal edilmişdir.