Bu günlərdə Azərbaycan Yaradıcılıq Fondunun təsis etdiyi "Ədəbiyyat adamı” ödülü almış şairə, nasir, publisist, tərcüməçi Aysel Əlizadə mayın 17-də Xəzər Universitetində "Yaradıcı yazı” fənninin qonağı oldu. Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlının giriş sözü və tələbə Pinar Məmmədzadənin tanınmış yazar haqqında təqdimatından sonra açıq dərsin iştirakçıları Aysel Əlizadənin "Janrlar və ədəbi cərəyanlar. Modernizm, postmodernizm, metamodernizm” mövzusunda mühazirəsini dinlədilər. "Azadlıq olmayan yerdə sənət yoxdur” deyən A.Əlizadə mövzu ətrafında müzakirələr zamanı İrland modernist yazıçısı və şairi Ceyms Avqustin Aloizius Coysun romançılıqda etdiyi dönüşdən söz açaraq, "Yaradıcı yazı”çıları yeni ədəbiyyat yaratmağa çağırdı. O, tələbələrdən Fəridə Həsənli, Sadiq Mirzəyev, Suqra Əliyeva ilə dialoq quraraq, həmçinin Nəzrin İsmayılova, Səkinə Ələkbərova Nərmin Səmədovanın mülahizələrini dinlədi, verilən sualları cavablandırdı.
Tələbələrə "Qadın peyğəmbər”, "Erkəklər” (türkcə) və "The Woman” (ingiliscə) adlı kitablarını bağışlayan xanım yazar bu görüşün ondan ötrü yaxşı bir əsər oxumağa bərabər olduğunu dilə gətirdi.