BURA / ORA
Aygün Aslanlı - Qadın rejissorlarımız artıb Tarix : 16 Oktyabr 2018, 13:02
Yazar : Qadinkimi.com
IX Start Beynəlxalq Qısa Filmlər Festivalının beynəlxalq və yerli müsabiqələrində iştirak edəcək filmlərin seçimləri başa çatdı. Seçilən filmlərin siyahısı tezliklə açıqlanacaq və onlar festivalın kataloquna daxil ediləcək.

Festivalın başlamasına hələ bir ay var (14-17 noyabr) və bəlkə nəsə yazmaq üçün tezdi, amma yerli filmləri (ki, yerli və əcnəbi daxil olmaqla dörd yüzə yaxın filmə baxmışıq) seçərkən apardığımız müzakirələrin yekunu kimi bir neçə vacib məqamı qeyd eləmək istədim.

Birinci ondan başlayaq ki, bu ilki festivala göndərilən filmlərin titrlərində quruluşçu rejissor- ssenari müəllifi qismində tez-tez qadın adlarını görməyimiz bizi çox sevindirdi. Ürəkdən ümid eləyirəm ki, o xanımlar heç bir səbəbdən fəaliyyətlərini dayandırmazlar, bu sənətdə haqları olan yer uğrunda sonuna qədər yorulmadan mübarizə apararlar. Çünki kinomuzun onlar kimi istedadlı qadınlara hədsiz ehtiyacı var.

İkincisi, keyfiyyətindən asılı olmayaraq, bütün filmlərdə kinoya sevgi gördük. Ki, sevgisiz nəinki kino, ümumiyyətlə, həyat mənasızdı. Şair demiş, eşqdir mehrabı ucaq göylərin, eşqsiz, ey dünya, nədir dəyərin… Deyirik və keçirik məyusluq doğuran məqamlara. Zira, sevgi, əlbəttə, vacibdi, ancaq məşhur bir türk filmində deyildiyi kimi, əmək istər.

Kinematoqrafiya sənətinin yaranmasından bir əsrdən çox zaman keçdiyi, bəh-bəhlə milli kinomuzun 120 yaşını qeyd elədiyimiz bir zamanda aşağıdakı fikirləri yazmaq, əslində, gülüncdü, absurddu, amma təəssüf ki, izlədiyimiz filmlərin yaratdığı mənzərə buna məcbur qoyur.

Sayğıdəyər gənc rejissorlar, film çəkmək, rejissor olmaq arzusu ilə alışıb-yanan gözəl insanlar!

Hər yer ədəbiyyat ola bilər, ancaq kino ədəbiyyat deyil! Kino söz yox, görüntü sənətidi, burda verbal yox, vizual ifadə vasitələri ön planda olmalıdı- rakurs, montaj, temporitm, kadrdaxili montaj, mizanlar, dəqiq dramaturji struktura malik ssenari və s. Gün axşama qədər baxdığınız (baxdığınıza ümid eləyirəm), sosial şəbəkələrdə fraqmentlərini paylaşdığınız məşhur filmlərdə təkcə dialoqları dinləməyin, rejissor, operator işini, dramaturji peripetiyaları araşdırın. O filmlərə nəfəs dərmədən baxmağınızın, heyran qalmağınızın səbəbi dialoqlardan əvvəl, istifadə olunan kino dili, vizual kodlardı.

Kino- musiqi deyil! İşlərinizdə istifadə elədiyiniz melodiyaların leytmotivinə, mahnıların sözlərinə fikir verin. Musiqi də, söz də kinoda yalnız və yalnız müəllifin ideyasına xidmət eləyən vasitədi –filmin kontekstinə, atmosferinə, toxunduğu problemə uyğun olmalıdı. Kinoda musiqisiz də keçinmək mümkündü, sözsüz də, amma təsvirsiz yox.

Sənədli kino — kamera qarşısında bəzənib-düzənib əyləşərək danışan başlar, süniliyi göz deşən quraşdırma kadrlar, təbiət mənzərələrilə xronikanın ardıcıllığı deyil! Onun müşahidə metodu var, gizli kamera metodu var, mokyumentari, dokudram janrları var. Dziqo Vertovun "Kino-göz” nəzəriyyəsini oxuyun, hələ keçən əsrin əvvəllərində çəkdiyi filmlərə baxın, Ulrix Zaydlın, Maykl Qlavvogerin, Maykl Murun, Mariya Razbejkinanın, Sergey Loznitsanın filmlərini izləyin, kadrbakadr analiz eləyin.

Və nəhayət, kino, təkcə Tarkovskidən ibarət deyil! O kişidən əl çəkin, qoyun qəbrində rahat yatsın.
Andrey Tarkovski öz istədiyi filmləri çəkmək, öz kino dilini yaratmaq, ona sadiq qalmaq uğrunda sağlamlığını, rahatlığını, vətənini qurban vermişdi. Yəni bu da sizə heç nə demir?

Üstəlik, dünya kinosunda Tarkovskidən başqa Rober Bresson (yeri gəlmişkən, Tarkovski Bressonu öz ustadı hesab eləyirdi), Qodar, Trüffo, Kurosava, Triyer, Roy Anderson, Tszya Çjan-ke, Dardenn qardaşları, Ruben Estlund, Aleks Van Varmerdam və digərləri var. Tarkovskini yamsılamaq yerinə müasir kinoda gedən prosesləri öyrənməyə, filmlərinizdə yeni tendensiyalardan yararlanmağa çalışsanız, pismi olar?

Bilirsiniz, Start Festivalı necə yaranıb? Mədəniyyət və İncəsənət Universitetinin atavizminə, eksperimentlərə xor baxmasına etiraz olaraq! "Kino+” qəzeti təzə çıxmağa başlamışdı, dostlarla oturmuşduq. O vaxt hələ tələbə olan Sevinc Elsevər ağlaya-ağlaya gəldi və senarisini yazdığı filmin "çox eksperimental-epotaj” olduğu üçün universitetdə qəbul edilmədiyini dedi. Dostlardan biri, vəkil Xalid Bağırov da "ağlamaq yerinə onlara inad öz festivalınızı yaradın, filmlərinizi də özünüz hamıya göstərin” deyə təklif elədi. İlk festival cəmi on-on beş gün ərzində və 100 dollarlıq büdcə ilə keçirilib.

"Start” gəncliyin festivalıdı, alternativ gəncliyin, öz enerjisini, düşüncələrini cəmiyyətə virus kimi yoluxdurmasını gözlədiyimiz gəncliyin. Siz alternativ olun ki, biz də alternativ qala bilək!

Aygün Aslanlı