BURA / ORA
Amerikada yaşayan azərbaycanlı ailə... Tarix : 21 Yanvar 2019, 09:41
Yazar : Qadinkimi.com
Amerikada yaşayan azərbaycanlı ailə...

Söhbətimə Məmməd Səid Ordubadinin bir kəlamı ilə başlamaq istəyirəm: "Evlənməkdə uduzmaq, bütün həyatı uduzmaq deməkdir". Bəli, ailə sevgi üzərində qurulanda həyat da gözəl olur.  Elə Emil Sultanovun qurduğu ailə kimi…
Adətən söhbətlərimdə fərdlərdən danışıram. Amma bu cütlüyün arasında olan mehriban münasibət məni o qədər heyrətləndirdi ki, Emili Nərminədən, Nərminəni Emildən ayıra bilmədim…
Emil Sultanov 1972-ci ildə Bakıda dünyaya gəlib. 1989-cu ildə Bakıxanov qəsəbəsindəki 72 nömrəli məktəbi bitirib. 1995-ci ildə Azərbaycan Neft-Kimya Akademiyasında ali təhsilini başa vuraraq, mühəndis-elektrik ixtisasına yiyələnib. 1995 -1997-ci illərdə "İNTRANS" internet təchizatı şirkətində mühəndislik edib. 1997-2001-ci illərdə Bakıdakı banklardan birində informasiya texnikaları üzrə menecer vəzifəsində çalışıb. 2001-2007-ci illərdə ABŞ-ın Azərbaycandakı səfirliyində yenə də eyni ixtisas üzrə menecer işləyib. 2007-ci ildə təhsilini artırmaq üçün ABŞ-a gəlib. 2010-cu ilədək Kaliforniya Dövlət Universitetində ikinci ali təhsil alaraq, kompüter elmləri üzrə magistr səviyyəsinə yüksəlib. Orada təhsil alarkən məşhur "Beckman Coulter" şirkətində tibbi avadanlıqların proqramlaşdırılması üzrə altı aylıq təcrübə keçib…
2010-cu ildən Kaliforniya ştatının Rancho Santa Margarita şəhərində yaşayır. Elə o vaxtdan da ştatın İrvine şəhərində fəaliyyət göstərən dünyada məşhur "Masimo Corporation" tibbi avadanlıqları şirkətində çalışır. Ötən bu müddət ərzində o, sıravi mühəndislikdən böyük aparıcı mühəndis vəzifəsinədək yüksələ bilib. Deyir ki, dəfələrlə Azərbaycana qayıtmaq istədim. Amma çətinliklərə sinə gərərək, ayağa qalxa bildim. İndi özümü çox xoşbəxt hiss edirəm…
Ömür-gün yoldaşı Nərminə İsmayılova ilə Azərbaycanda oxuyarkən tanış olublar, bir qrupda təhsil alıblar. Aralarındakı sevgi o qədər safdır ki, mən onları əsrimizin Amerikadakı azərbaycanlı Leyli və Məcnunu adlandırardım…
Nərminə xanım ixtisasca dizaynerdir. Dizayn şirkətində çalışır. Bütün varlığı ilə Azərbaycana bağlıdır. Kaliforniyada azərbaycanlıların elə bir tədbiri olmayıb ki, orada Nərminə xanımın əməyi olmasın. Həm tədbirlərin dizayn, tərtibat məsələlərində, həm də maliyyə dəstəyində. Atası Namiq İsmayılov uzun illər neft sənayesində mühəndis kimi çalışıb…
…Bu ailədə iki oğlan böyüyür. Nazimin 16, Mikayılın  9 yaşı var. Hər ikisi azərbaycan dilini gözəl bilir. Azərbaycanlı olduqları ilə qürur duyurlar…
Nərminə xanım özünə milli paltar tikib, Novruz tədbirlərində onu geyinərək amerikalılara nümayiş etdirir. Azərbaycanın nə qədər qədim ənənəyə malik olduğunu amerikalılara çatdırmağa çalışır…
Deyir ki, baxmayaraq 11 ildir buradayıq Azərbaycanla nəfəs alıram. Hər gün, yuxudan duran kimi Azərbaycan xəbər saytlarına baxıb, ölkəmizdə baş verən hadisələrlə maraqlanıram. Vətənimin ağrı-acısı, sevinci də mənimdi.
…Nərminə xanım nə qədər gülərüz, şən olsa da, Emil bəy bir o qədər ciddi, təvazökardır. Amma hər ikisi də çox mehriban insanlardı. Onlarla ünsiyyətdə olarkən adam uzaq Amerikada olduğunu unudur, elə bil ki, elə doğma Azərbaycandasan…
Bu ailənin arzuları çoxdur. Övladlara yüksək təhsil vermək, əsl azərbaycanlı kimi böyütmək onların ən böyük istəkləridir…
Sevgini, vəhdəti yaşadan bu cütlüyə Allah həmişə dayaq olsun!..
 
 

Elman Eldaroğlu,
ABŞ, Miçiqan