BURA / ORA
Almaniya polisi keçirdiyi reyddə 8 azərbaycanlını saxlayıb Tarix : 14 Noyabr 2019, 11:18

Çərşənbə günü Almaniya polisi miqrant qaçaqmalçılığı və qeyri-qanunu əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə 8 azərbaycanlını saxlayıb.

Almaniyanın Spiegel qəzeti yazır ki, polis Almaniyanın Cologne, Frankfurt, Wiesbaden və Dusseldorf şəhərlərində 13 obyektdə reyd keçirib və bir neçə azərbaycanlı saxlanıb.

Bundan əlavə, Koblenz federal polisi iki həbs qərarının tətbiq edildiyini elan edib.

Almaniyanın swr.de saytı yazır ki, istintaq xarici vətəndaşların qeyri-qanuni miqrasiyası, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulması şübhələrini araşdırır.

Həbs edilən iki kişidən birinin dəstənin başçısı olduğu güman edilir.

Dəstə azı 20 nəfəri 3 min - 10 min avro qarşılığında Azərbaycandan Almaniyaya qeyri-qanuni aparmaqda ittiham olunur.

FFH radiosu məlumat verir ki, dəstə qanunsuz miqrantları Almaniyada uzun müddət qalmaq üçün lazımi saxta sənədlərlə təmin edirdi.

İstintaq axtarışında 180 alman polisi iştirak edib və kompüterlər, telefonlar, şəxsiyyəti təsdiq edən müxtəlif sənədlər və 21 min avro nəğd pul sübut kimi götürülüb.

Almaniya polisi məsələ ilə bağlı iyun ayından araşdırma aparırdı. 

bbc.com