UŞAQ / BÖYÜK
AĞILLI UŞAQ BÖYÜTMƏNİN ELMİ TƏSDİQİNİ TAPMIŞ YEGANƏ YOLU Tarix : 27 Noyabr 2019, 13:00
Yazar : Qadinkimi.com
Uşaqları gərəksiz dərnəklərə, kurslara yazdırmaq lazım deyil

Amerika pediatrları və Ohayo ştatının alimləri uşaqları hər hansı dərnəklərə, kurslara yazdırmağın əleyhinədir. Təbiiki uşağın maraq və istedadını nəzərə almaq lazımdır, onun şahmata və ya rəqsə xüsusi meylini diqqətsiz qoymaq olmaz. Uşağın beyninin fəallığı düzgün inkişaf edərsə, onun maraq sahəsini müəyyən etmək çətinlik törətməz. Amerika pediatorları və alimləri genişmiqyaslı araşdırma aparıblar. Onlar səslə kitab oxumanın uşaqlara təsirini öyrəniblər. Araşdırmanın nəticələrinə görə səslə kitab oxumaq əhval – ruhiyyəyə müsbət təsir göstərməklə bərabər, insan beyninin fəallığının artmasına səbəb olur. 
Aparılan təcrübələr səslə kitab oxumanı dinləyərkən  nitqə və oxumaya diqqət ayırdığı üçün beynin fəallığının artmasının dünyanın vizual dərk olunmasına, xəyal gücünə təsirini də müəyyənləşdirib.

3-5 yaş arasında uşaqlarla aparılan tədqiqatlarda valideynləri kitab oxuyan və oxumayan uşaqların oxuma həvəsi, söz ehtiyatı, nitq inkişafında böyük fərq hiss olunub.

5 yaşına qədər uşaqlara gündə bir kitab oxusanız, o, başqalana nisbətdə 290 000 çox söz eşitmiş olacaq.
Araşdırmaçılar uşaqlar üçün olan 100 kitabdan daha çox oxunan 30  kitabı təhlil ediblər. Daha çox oxunan şəkilsiz kitablarda orta hesabla 140, şəkilli kitablarda isə 228 söz olduğu müəyyən edilib. Buna əsaslanaraq valideynləri kitab oxuyan uşaqların 5 yaşına çatanadək nə qədər söz eşidə biləcəyini hesablayıblar.

* heç vaxt kitab oxunmayıbsa – 4662 
* həftədə bir və ya iki dəfə kitab oxunubsa - 63 570
* həftədə 3 – 5 dəfə kitab oxunubsa – 169 520
* hər gün kitab oxunubsa – 296 660

Uşaq kitablarının əhatə dünyası böyükdür: pərilərdən heyvanlara, ağaclara qədər uydurulma dostlar , müxtəlif təbiət hadisələri, möcülər və s. Kitablarda gündəlik söhbətlərdə danışmadığımız çoxlu hadisələr, əhvalatlar var. Hətta kitablarda uşaqların anlamaqda çətinlik çəkdiyi sözlər, hadisələr, uydurmalar da olur. Buna baxmayaraq onlara kitab oxumaq çox vacibdir. 

Əslində şəxsi təcrübəmdə bunun şahidi olmuşam. Çox kiçik yaşlarından qızıma, indisə nəvəmə hər gün nağıllar danışar, daha çox kitab oxuyardım. Müxtəlif suallarına cavab verməyə çalışardım. Və kitab oxuyarkən çox rahat yuxuya getdiklərinin, məntiq və mühakimələrinin daha gözəl inkişaf etdiyinin şahidiyəm. Nəvəmin 10 yaşı olacaq. Buna baxmayaraq indi də yatarkən kitab oxumağımı istəyir. Bu ona rahatlıq verməklə bərabər, onda nağıllar, kiçik əhvalatlar yazmağa, qəhrəmanlar uydurmağa maraq yaradır. Hətta oyuncaqlarına qəribə, yeni adlar tapır. Oxu dərsində keçdikləri mətnləri öz əlavələri, cümlələri ilə danışa bilir. 

İllərin müəllim təcrübəsi də kitab oxunmayan və kitab oxumayan uşaqların, hətta bildikləri mövzunu izah etməkdə belə çətinlik çəkdiyini təsdiqləyir.
Müasir araşdırmalar televizor, kompyüter, xüsusən də telefonun uşaqların məntiqinə, düşüncəsinə, səy göstərmək arzusuna ciddi ziyan vurduğunu da aşkarlayıb. Bu vasitələr uşaqlarda maraq hissini də azaldır. Məsələn telefonu olmayan uşaq özünü boşluda hiss edir, nə ilə məşğul olacağını bilmir. Yəqin ki, çoxunuz bir əlavə hekayə oxumaq, 2-3 misal etmək əvəzinə, uşaqların imkan tapan kimi notbookun arxasına keçdiyini, ya telefonla məşğul olduğunu müşahidə etmisiz. Belə zərərli vərdişlərin qarşısını almaq üçün onlara kitab oxuyun.
 


Dünyanın bir çox ölkələrinin pediator, psixoloq və alimləri apardıqları müşahidələrdən, araşdırmalardan bir nəticəyə gəliblər: ağıllı uşaq böyütmək üçün ona kitab oxumaq, kitabı sevdirmək, onda mütaliə vərdişi tərbiyə etmək lazımdır.


Hazırladı: Kamalə Abiyeva   
Qadinkimi.com