BURA / ORA
ABŞ-da yaşayan məşhur azərbaycanlı teleaparıcı Tarix : 13 Fevral 2019, 12:11
Yazar : Qadinkimi.com
  
 
Deyir ki, "mən buraya Amerikanı fəth etmək üçün gəlməmişəm. Valideynlərim burada yaşadıqları üçün ABŞ-dayam" 

Onunla ünsiyyətimiz ilk dəqiqədən alındı. Çox şən və mehriban xanımdır. Azərbaycanla bağlı o qədər ideaları var ki, onları həyata keçirə bilsə, istəsə, istəməsə də Amerikanı fəth edənlərdən biri olacaq.
Haqqında söhbət açdığım Günel Musəvi Bakıda dünyaya gəlib. 1995-ci ildə 46 nömrəli məktəbdə orta təhsilini başa vurub. 1996-2000-ci illərdə Təfəkkür Universitetində ingilis dilinin filologiyası fakultəsində ali təhsilə yiyələnib. 
1999-2000-ci illərdə Azad Azərbaycan Tele Radio Şirkətinin "106 FM" radiosunda "Yuxudan Oyan" verilişinin aparıcısı olub. Sonra bir il ABA telekanalında yayımlanan, ölkədə ilk milli mahnıların xit paradı olan "Qızıl onluq" verilişini aparıb, daha sonra isə onu məhşurlaşdıran "100%" verilişinə aparıcılıq edib. Arada Amerikaya, qardaşının yanına gəlib, altı ay burada yaşayıb. 2004-cü ildə vətənə geri dönərək yenidən beş il "Lider" telekanalında işləyib. 2009-cu ildən isə ABŞ-ın Minesota ştatında yaşayır. 1999-cü ildən Amerikaya köçənədək bir sıra bədii filmlərdə, seriallarda, kliplərdə rol alıb, "Bakılı oğlanlar" şən və hazırcavablar klubunun heyətində çıxışlar edib. 

2010-2012-ci illərdə Metropolitan Dövlət Universitetində təhsil alaraq uşaq psixologiyası üzrə bakalavr dərəcəsinə yiyələnib. 2013-cü ildə "Every Azeri" internet bloq yaradaraq müxtəlif ölkələrdə yaşayan azərbaycanlı xanımları bir araya gətirməyə çalışıb. 2015-ci ildə körpə övladı olduğundan bu bloqun fəaliyyətini dayandırıb. 2017-ci ildən Konkordia Universitetinin Səhiyyədə biznesin idarə edilməsi üzrə (MBA) magistratura pilləsində təhsili alır. 

Babası professor Mir Tağı Musəvi tarix elmləri namizədi olub. AMEA-nın Tarix institutunda və eyni zamanda Azərbaycan dövlət radiosunun beynəlxalq verilişlər redaksiyasında çalışıb. O, burada İranda yaşayan sodaşlarımız üçün hazırlanan verilişlərə redaktorluq edib. 

Hazırda Minesota ştatında məskunlaşan atası Yusif Musəvi ixtisasca mühəndisdir. Anası Sərur xanım Hüseynova uzun illər Azərbaycan Xarici Dillər İnstitutunda fransız dilini tədris edib. Günel xanımın Sevil adlı bir qızı var: 

"Azərbaycan mətbuatını hər gün izləyirəm. Milli kimliyim mənim üçün çox önəmlidir. Çalışıram ki, milli bayramlarımızda soydaşlarımızı bir araya gətirim. Elə ona görə də "Minesota Azərbaycan Asossasiyası"nı təsis edib, dövlət qeydiyyatından keçirmişəm. Uğurlarımız da var". 

O, Azərbaycan naminə müxtəlif tədbirlər keçirməyi planlaşdırır. Artıq bir neçəsi baş tutub. "Azərbaycan kino gecəsi" adlı tədbirdə "Qaynana" bədii filmini nümayiş etdirərək, Amerikada doğulan azərbaycanlı uşaqları kino mədəniyyətimizlə tanış edib. May ayında "Azərbaycan mətbəxi günü"nü keçirməyi qərara alıb. İstəyir ki, bu tədbirə amerikalıları da cəlb edib onları mətbəximizin təamlarının hazırlanması ilə tanış etsin. Anası müəllim olduğundan, onun vasitəsi ilə azərbaycan dilində yay dərsləri təşkil edib, burada böyüyən uşaqlara ana dilini tədris etdirmək istəyir. Bundan əlavə, hər dəfə bir azərbaycanlı ailəsində nağıl günləri keçirmək planlaşdırır. 

ABŞ-ın bəzi ştatlarına nisbətən Minisotada soydaşlarımızın sayı elə də çox deyil, amma bu xanımın iradəsi, əzmkarlığı, vətənpərliyi bunu inamla söyləməyə imkan verir: "Bir vaxtlar "sehirli qutudan" yayımlanan maraqlı verilişləri ilə Azərbaycan ictimaiyyətinin rəğbətini qazanmış Günel Musəvi çox keçməz ki, ABŞ-da yaşayan azərbaycanlıların da sevimlisi olar". 

Elman Eldaroğlu, 
ABŞ, Miçiqan