BURA / ORA
ABŞ-da Bayraq Günüdü-bir müəllimin yaratdığı tarix Tarix : 14 İyun 2019, 12:32
Hər il 14 iyun ABŞ-da Bayraq Günü kimi qeyd olunur(Flag Day). Amerikalıların çox sevdiyi bir bayramdı. Bu gün amerikanlar evlərini bayraqla bəzəyir və bununla patriotizmlərini ifadə edirlər. Xüsusilə 11 sentyabr faciəsindən sonra Bayraq Günü bütün Amerikada ulduzlu-zolaqlı milli bayraq dalğalanır. 
Ulduzlar-zolaqlar əlaməti (Stars and Stripes) bütün ABŞ-ın rəsmi bayrağı kimi Kontinental Konqresin 1777-ci ildə azadlıq müharibəsinin qaynar vaxtında qəbul edilib. Hər il Bayraq Günü keçirmək ideyası isə 1885-də B.C.Siqrant adlı məktəb müəlliminin adı ilə bağlıdı. Müəllim Fredoniya təhsil ocağında 14 iyunda təsis edilən bayrağın ildönümünü keçirib.
Sonra Siqrant öz təşəbbüsü ilə qəzet və jurnallarda 14 iyunun bayraq günü kimi keçirilməsinin propaqandasını aparıb.  
O, Nyu-Yorkda da gözəl bir mərasim təşkil edir, öz şagirdlərini ora yığır. Onun bayraq günü ideyası sonradan Nyu-York ştatının təhsil idarəsi tərəfindən dəstəklənir. 14 iyun 1891-ci ildə Filadelfiyada bayraq günü dəstəklənir. Betsi Ross Haus-da bu gün qeyd edilir. Qeyd edək ki, Betsi Ross ilk ABŞ bayrağını tikən qadındı. Onun yaşadığı ev Betsi Ross Haus uzun illərdi turistik məkana çevrilib. 
Bir il sonra Çevriliş Oğulları Birliyi Nyu-Yorkda Bayraq Günü keçirir. 
1894-də Nyu-York qubernatoru 14 iyunun bütün ictimai binalarda əks olunması haqda sərəncam imzalayır. Məhz həmin vaxtdan insanlar pəncərələrdən, eyvanlardan bayraq asmağa başlayır. Bu, patriotizmi sərgiləməyin bir simvoluna çevrilir. İllinoys ştatında təbliğat məqsədi ilə Bayraq Günü Assosiasiyası yaradılır. 14 iyun 1894-də bu təşkilatın rəhbərliyi ilə Çikaqonun əksər məktəblərində Bayraq Günü təbliğ edilir; 3000 şagirdin iştirakı ilə bir çox yerdə, o cümlədən Vaşinqtonda da böyük səs-küy salmış tədbirlər keçirilir.  
Böyüklər də prosesə qoşulur. Patriotik proqramlarda hər kəs iştirak etməyə başlayır. Vilayət Naziri Franklin Leyn 1914-cü ildə bayrağın dili ilə belə bir çıxış edir: "Mən sizin yaratdığınız kimiyəm.Sizin gözləriniz önündə sayrışan işıq kimi dalğalanıram, mən-sizəm, sizin öz simvolunuzam". 
Bununla belə Bayraq Günü 1916-da prezident Vudro Vilson tərəfindən rəsmi olaraq qəbul edilir. 1949-da prezident Harri Trumen Konqress Aktı imzalayaraq 14 iyunu milli bayraq günü kimi təsdiqləyir.  
Bayraq Günü bir həftə qeyd edilir və mütləq bütün rəsmi binalardan bayraq asılır. 
Hər kəs bilir ki, ABŞ öz bayrağını təkcə gün təsis etmək, tədbirlər keçirməklə deyil, istehsalat vasitəsi ilə də təbliğ edir. Bu bayrağın əks olunduğu geyimlər, əşyalar bütün dünyada məşhurdu. 
ABŞ bayrağının izahı: 13 eyni üfüqi qırmızı xətt -zolaq ağ zolaqla əvəzlənib, sol küncdə göy düzbucaq içində 50 ulduz təsvir edilib. 50 ulduz 50 ştat, 13 xətt ilkin 13 kaloniyanı simvollaşdırır. 

qadinkimi.com