BURA / ORA
ABŞ-DA AZƏRBAYCANI TANIDAN QADIN - Esmira Bayramova Tarix : 25 Yanvar 2019, 11:43
Qadinkimi.com Elman Eldaroğlunun ABŞ azərbaycanlıları haqqında silsilə yazılarını təqdim edir. Bu dəfə Florida ştatında yaşayan Esmira xanımı tanıyaq.   
 

Xalq içində belə bir deyim var : "Od parçasıdır". Bu ifadə zirək, heçdən nəsə yarada bilən insanlar haqqında söhbət düşəndə işlədilir. Haqqında danışacağım Esmira Bayramova da sanki "od parçasıdır". İndiyədək həyata keçirdiyi layihələrin mahiyyətinə varanda heyrətdən gözlərim yaşardı…
O, 1987-ci ildə Borçalı mahalında dünyaya gəlib. Üç yaşında olarkən Bakıya köçüblər. 2005-ci ildə 162 nömrəli məktəbdə orta təhsilini başa vurub, Bakı Dövlət Universitetinin coğrafiya fakultəsinə qəbul olunub. 2009-cu ildə oranı bitirərək bakalavr dərəcəsinə yiyələnib. Təhsilini Azərbaycan Dövlət İqtisadiyyat  Universitetində "Beynəlxalq biznesin idarə edilməsi" (MBA) fakultəsində davam etdirib, 2011- ci ildə beynəlxalq biznes üzrə magistr dərəcəsi alıb. 
 
Eyni zamanda, 2009-cu ildən 2011- ci ilədək Bakı Britaniya, 2011-2013-cü illərdə Bakı Oksford məktəblərində coğrafiya və biznes fənnlərini tədris edib. 
2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda coğrafiya və tarix fənləri üzrə ixtisasartırma kursu keçərək, bir il sonra  İngiltərəyə gedib. Orada online təhsil aldığı Kembric Universitetində imtahanları uğurla verib, biznesin tədrisi üçün müəllimlik sertifikatları alıb. 2013-cü ildə ailəsi ilə ABŞ-ın İllinois ştatının Çikaqo şəhərinə köçüb…
 
…Həyat yoldaşı Elşən Bayramovla 2012-ci ildə ailə qurub. İki övladları var. Oğlu Elmirin 5, qızı Emanın 2 yaşı var. Elmir azərbaycan dilində sərbəst danışa bilir. Elşən Bayramov ağır texnikaların satışı ilə məşğul olan şirkətlərin birində satış mütəxəssisi işləyir…
Esmira xanım oğlu körpə olduğundan bir il heç yerdə işləməyib. 2014-cü ildə Florida ştatının Mayami şəhərinə köçənədək isə Çikaqoda "İlkin Tədris Akademiyası"nda məktəbəqədər hazırlıq bölməsində müəllim işləyib...
2015-ci ildə Florida ştatının dövlət imtahanlarını verərək, daşınmaz əmlak üzrə mütəxəssis işləmək hüququ qazanıb. Elə həmin vaxtdan da Mayami şəhərində dünya şöhrətli "RE-MAX" şirkətində daşınmaz əmlak üzrə mütəxəssis vəzifəsində çalışır…
Yaşının az olmasına baxmayaraq, Azərbaycanla bağlı çox işlər görüb. 2015-ci ildə Facebook-da "Florida azərbaycanlıları" qrupu yaradaraq, həmin ştatda yaşayan soydaşlarımızı aramağa başlayıb. Onları birləşdirməkdən ötrü cəhdləri uğurla nəticələnib. Bir qədər sonra, ictimai əsaslarla "Florida-Azərbaycan Cəmiyyəti"ni yaradaraq müxtəlif tədbirlər keçirməyə başlayıb. Ətrafına həmfikirlərini yığandan sonra rəsmi müraciət edərək "Florida azərbaycanlıları" təşkilatını təsis edib. Bu təşkilat milli və rəsmi bayramlarımızda, özəl günlərdə bir sıra tədbirin keçiriləməsinə nail olub…
 
…2016-cı ildə Floridada vəfat edən bir soydaşımızın cənazəsini Azərbaycana göndərməkdən ötrü "GoFundMe" yardım fondu yaradaraq digər soydaşlarımızın köməyi ilə xeyli pul toplayıb. Yığılan vəsaitlə həm cənazəni yola salıblar, həm də mərhumun ailəsinə yardım ediblər. Hətta bəzi soydaşlarımız bu dəstək kampaniyasının davamı olaraq həmin ailəyə fərdi yardımlar da edib.
Öz şəxsi vəsaiti hesabına icarəyə götürdüyü yerdə müxtəlif kurslar açıb. Burada fəaliyyət göstərən rəqs kursları məşqçinin məvacibini ödəməkdən ötrü ödənişli olsa da, azərbaycan dili kursları tamamilə ödənişsizdir. Bu kursu şəxsən özü aparır, azərbaycanlı fidanlara ana dilimizi öyrədir. Amma kurslara az uşağın qatıldığından şikayət edir. Bir çox rusdilli azərbaycanlı valideynlər uşaqlarının ana dilimizi öyrənməsində maraqlı deyillər.
 
…Deyir ki, bir azərbaycanlı rəfiqəm var, 20 ildən çoxdur ABŞ-da, Çikaqo şəhərində yaşayır. Bu yaxınlarda uşaqları ilə bərabər Mayamiyə istirahətə gəlmişdilər. Onun ABŞ-da anadan olmuş 17 yaşlı oğlu gözləmədiyim halda mənimlə türkcə danışmağa başladı. Çox təəccübləndim, çünki bu uşağı sönuncu dəfə görəndə 12 yaşı var idi. Yalnız ingiliscə danışırdı. Heyrətlə soruşdum, necə oldu ki, sən qısa müddətdə türk dilini belə mükəmməl öyrənə bildin və niyə Azərbaycan türkcəsində deyil, Türkiyə türkcəsində danışırsan? Bu azərbaycanlı uşağın cavabından çox təsirləndim və məni düşünməyə vadar etdi. O dedi ki, türk dilini ona görə seçdim ki, indiyədək gördüyüm azərbaycanlılar məni buna vadar elədi. Azərbaycanlılar qədər öz dilinə hörmətsiz yanaşan millət yoxdur. Bir araya gələndə rusca danışmağa başlayırlar. Sanki ana dilində danışmağa utanırlar. Ona görə azərbaycan dilini öyrənmək üçün həvəsdən düşdüm. Dil insanın kimliyidir, əgər sən öz ana dilində danışmağı bacarmırsansa, kimliyin də naməlumdur. Türkiyəlilər belə deyil, harada yaşasalar da,  ana dilini qoruyurlar. Bu dildə danışmaqdan qürur duyurlar. Uşaqları bu dili mükəmməl bilsinlər deyə, onlar Çikaqoda pulsuz dil kursları açıblar. Düşündüm ki, türk dilini tez öyrənmək şansım var. Mən də həmin kurslardan birinə gedib, çox rahatlıqla bu dili öyrəndim.
 
Bəli, Esmira xanımın ürəyi Azərbaycanla döyünür. Keçirdiyi tədbirlərə görə ona təkcə "sağ ol" yox, həm də ehtiram düşür. Bəzən biz dəyər verə bilmədiyimiz soydaşlarımıza bizdən irəlidə olan ölkələrin insanları yüksək qiymət verir. 
Söhbətimi bitirmədən öncə Esmira Bayramovanın Azərbaycan naminə həyata keçirdiyi tədbirlərin birində iştirak edən, azərbaycanlıların daha sıx məskunlaşdığı Floridanın Sunny İsles Beach şəhərinin vitse meri Dana Goldman xanımın sözlərini nəzərinizə çatdırmaq istəyirəm: "Şəhərimiz fərqli mədəniyyətlərin qovuşduğu bir yerdir və bu mədəniyyətlərin arasında Azərbaycan mədəniyyətinin də yeri var. Öz milli kimliyinizi, adət və ənənələrinizi bu rəngarəng mədəniyyətlərin arasında çox gözəl qoruyub saxlaya bilmisiz. Burada masaların üstündə ölkənizin bayraqlarını görürəm. Bu məni çox sevindirir. Sizə təşəkkür edirəm".
 
...Bütün bunlar Esmira xanımın gördüyü işlərin bir hissəsidir. Qarşıdan Xocalı soyqrımının ildönümü gəlir. Həmin gün "Xocalı Amerikada yaşayan uşaqların gözü ilə" adlı tədbir keçirməyi planlaşdırır. İnanırıq ki, bu tədbir də amerikalı azərbaycanlı uşaqların yaddaşında böyük iz buraxacaq.
Söhbətimin əvvəlində onu "od parçası" adlandırmışdım. Bəlkə də o, bir zamanlar Gürcüstan Ali Sovetinin deputatı olmuş, ata nənəsi Güləsər Mustafayevaya çəkib. O vaxtlar Güləsər xanım qonşu ölkədə yaşayan azərbaycanlıları təmsil edib. Bəli, bu gün Esmira Bayramova nənəsinin müqəddəs missiyasını uzaq Florida ştatında ləyaqətlə davam etdirir…
 
Elman Eldaroğlu
ABŞ, Miçiqan
qadinkimi.com