YAZI / DÜŞÜNCƏ
Arzunun şəkli və sintetik istəklər Tarix : 25 Avqust 2020, 10:19

Bir çoxları kimi hərdən mən də davamlı uğur qazanmaq, daha firavan həyat qurmaq, daha rahat yaşamaq, hər şeyin daha yaxşısına çatmaq istəyi ilə alışıram.

Ona görə "hərdən" deyirəm ki, indiki halımdan narazı deyiləm - çox gözəl ailəm, sadə, amma dinc həyatım var. Di gəl, Qabilin nəfsinə bənzər nəfs güc gəlir insanın ruhuna və istəməyə başlayırsan: sosial şəbəkədə rastına çıxan, gözünü oxşayan bir əşyanı, vitrində gördüyün bir paltarı bəyənirsən, Xəzər bəs eləmir, Qara dənizin sahillərində gəzmək könlündən keçir və beləcə, bundan da çoxunu, bundan da artığını istəyirsən... 


Arzunun şəkli 


Bunlar içindəki aclığın təmin olunma instinktidir. Bu aclıq hissi arzu ilə istəyin qarışdığı, iç-içə keçdiyi, insan beyninin xəşil qazançasına çevrildiyi incə xəttin bir tərəfidir. Xəttin o biri tərəfi bu iki hissin bir-birindən ayrıldığı yerdir. Arzulamaq - özündən asılı olmadan sənə xəyallar qurdurar. O, hardasa, içində ülvi bir yerdə, ən dərinindədir. Bu duyğu insana yataqdan qalxmaq, hərəkətlənmək, aşılmayan dağları aşmaq üçün güc verir.

Arzulanan hər nə olur-olsun, bu arzunun gücü insanı vəzir də, rəzil də edə bilir. O gücün qarşısında durmaqdansa, hər şeyə rəğmən, o təcrübəni yaşamağa başlayırsan. Çünki onun ruhunun ehtiyac duyduğu həqiqət olduğunu zənn edirsən.


Sintetik istəklər


Nəfs, gözün gördüyünə bənd olması sintetik istəklər yaradır. Bu istəklər boş-boşuna sənə pul və ömür xərclədir. İnsanları xərclədir sənə. Amma nə mənəvi, nə də fiziki cəhətdən doymağa bəs edir. Əksinə, hər fəthdə yeni sintetik istəklər yaradır. Onların insana xəyal qurduracaq gücü olmur. Bu istəklər sadəcə, davamlı psixoloji boşluqların şəkil dəyişmiş halıdır  - valideyn sevgisi görməyən insanın qarşısına çıxan hər kəsə qapıldığı, darıxan adamın siqareti bir-birinə caladığı, daxilən özünün dəyərsiz olduğunu düşünən qadının ard-arda estetik cərraha üz tutduğu, ailədə anlaşılmayan və özünü tənha hiss edən adamın hər həftə, bəlkə də, hər gün geyim mağazalarını gəzib əlinə keçəni, gözünə görünəni aldığı, içdən narahat birinin saatlarını sosial şəbəkələrdə keçirdiyi, uşaqlıqda anası ilə dərin mənəvi münasibətlər qura bilməyən kişinin daha çox qadına sahiblənmək istəyi kimi. Bunların heç biri insana mənəvi tətminkarlıq verməz. Versə-versə, bir-iki nəfəslik toxtaqlıq verər, vəssalam.


Sığınmaq


Yaxın Şərqdən Uzaq Qərbəcən insan övladı fərqli məzhəblərə inanc gətirir: çeşid-çeşid dini rituallar, ayinlər, tövbələr, yalvarışlar, dualar... Bütün bunlar nəyə xidmət edir? İnsanların bu dünyada ikən cənnətdə özünə yer rezerv etməsinəmi? Əlbəttə, yox. Bu inanclar, bu ibadətlər insanın öz yırtıcı nəfsinin əsirinə çevrilməkdən xilas edən, onu özündən, içindəki canavardan qoruyan sığınacaqdır.

Əgər içimizdəki boşluqları doldurmaq üçün iradəmizi sintetik arzuların köləliyindən azad etməyi bacarsaydıq, ruhun və bədənin əsas ehtiyac duyduğu əbədi doyumluluq məqamına çatardıq. Məsələn, deyək ki, gecə yarısına qədər internetdə dolaşmaqla sintetik ehtiyacımızı ödəmək adətini kənara qoyub, gözümüzü tavana zilləyərək inci dənələri kimi dağılıb ətrafa yayılan fikirlərimizi təkrar-təkrar bir mərkəzdə toplaya bilsək, o zaman ruhumuzun təbii ehtiyacları üzə çıxardı. Beləcə, içimizdə bir üzləşmə prosesi başlayar, biz yuxudan ayılana qədər yuxu zamanı ayıq qalan altşüurumuz ruhumuzun əsl ehtiyaclarını çözmüş olardı.

Hətta alimlər də ən çətin riyazi problemlərin həllini tapmayanda bir müddət yuxuya getməyi məsləhət görürlər. Altşüurun şüurdan daha dəqiq və çevik işlədiyini təcrübələr də təsdiqləyir. Beynə dinclik vermək isə həm də ruha dinclik verməkdir. Bu mənada bədənə özünü sağaltmaq imkanı yaratsaq, dinclik də taparıq. Hər şey iradə gücündən düzgün istifadə etməyi bacarmaqdan asılıdır. İmkan yaradaq, bəlkə iradənin gücü bizi A nöqtəsindən B nöqtəsinə yox, əsl ehtiyaclarımızı kəşf edib, təbii istəklərimizin qapısına aparacaq.

Sizə bir sirr açım. İstər insan münasibətlərində, istərsə də maddi və fiziki məsələlərdə tez-tez özümə bir sual verirəm: "Buna indi ehtiyacım varmı?" Məsələn, "Yeni bir paltar almağa ehtiyacım varmı?" Əgər istək ehtiyacdan yaranmırsa və bir şey həqiqi ehtiyaca adekvat deyilsə, o, həyatımızda və beynimizdə qarışıqlıq yaratmaqdan başqa bizə heç nə verməyəcək. Bu sualla biz ani hərəkət və qərarlarımızın  fərqinə varıb iradəmizə duruma müdaxilə etmək şansı veririk. Bu yolla həm də sintetik ehtiyacların köləsinə çevrilməkdən qurtulmuş oluruq.

 

 

Natəvan Abdulla

 

 

qainkimi.com