YAZI / DÜŞÜNCƏ
"Yaltaqlığa abidə" - 2 - ci yazı Tarix : 25 İyul 2020, 13:19

 

Mədəni adam yaltaqlıq etməz 


Yaltaqlığa abidə


2-ci yazı 

 

 

Dində və təcrübədə bu qul psixologiyasına, yaltaqlığa bir qədər fərqli yanaşmalar da var. İslamda bəzi hədislər deyir ki, yaltaqlıq nəzakətin ən ifrat formasıdır, İslam dini bunu haram sayır. Lakin paradokslar da var - yaltaqlığa və köləcəsinə səcdəyə zəruri hallarda icazə verilir. Məsələn, insan etiqadını və həyatını qorumaq, mülkiyyətini, şərəf və ləyaqətini müdafiə etmək zərurəti yarandıqda bu qəbahətdən istifadə edə bilər. İslamda həm də zalımdan müdafiə olunmaq zərurəti yarandıqda köləcəsinə səcdəyə icazə verilir. Başqa dinlər kimi, İslam da ifrata qarşı çıxır. Hədislərin əksəriyyətində "yaltaqlıq və köləcəsinə səcdə müsəlmana yaraşmaz" , "nüfuzlu adamın qarşısında maddi nemətlər əldə etmək naminə alçalan adamı Allah bağışlamaz", "Var-dövlət qazanmaq naminə köləcəsinə səcdə edən adam öz iman və etiqadını itirər" və s. hökmləriylə yanaşı, "həqiqətə görə "alçalmaq" təkəbbürdən daha yaxşıdır" tövsiyəsinə də yer ayrılıb.

Bloknotumda xarici xəbər agentliklərinin lentində oxuduğum bir məlumat barədə qeyd var: Çin alimləri bu qənaətə gəliblər ki, yaltaqlar cəmiyyətə və dövlətə ziyan vururlar, pis işləyirlər, onların faydalı iş əmsalları sıfra bərabərdir, çünki yarınmaq və yaltaqlıq etmək insandan həddən artıq enerji və güc tələb edir, belədə ürək qüvvədən düşür. Tədqiqatçılar bir şirkətdə 75 əməkdaşın davranışını təhlil edərkən maraqlı nəticələr əldə ediblər. "Tətbiqi Psixologiya" jurnalına müsahibə verən aparıcı mütəxəssis Antoni Klots menecment kafedrasının müdiridir, dosentdir; o, qeyd edib ki, yaltaqlıq nəticəsində əmələ gələn sinir pozğunluğu dərhal insanın əhval-ruhiyyəsinə təsir edir, bəzən insanı o qədər əldən salır ki, o, işdən çıxıb getməyə məcbur olur. Yaltaq adam işdə bütün günü rəhbərliyə necə yarınmaq üsulları barədə düşünür, daim fikirləşir ki, hansı tərifli sözdən istifadə etsin ki, rəhbərin xoşuna gəlsin. Beləliklə, işin sonunda boşalır, süstləşir, əzgin və yorğun olur. Ruhun gücünü yaltaqlıq qədər azaldan ikinci bir vasitə yoxdur. Bu zaman məhsuldarlıq azalır, mənəviyyat korşalır, adam iş yoldaşları ilə də daim konflikt yaradır.

Mənim toxunduğum həssas mövzuya müxtəlif yöndən yanaşmalar və şərhlər ola bilər. Hər halda, düşünürəm ki, biz elə bir qarışıq zamanda yaşayırıq ki, xoş rəftar, xoş söz, tərif, nəzakət, yaltaqlıq, əyilmək, qürur, təkəbbür, təhqir və tənqid və s. kimi anlayışların sərhədlərini müəyyən etmək, hətta bu barədə dəqiq reseptlər vermək belə çətindir. Biz yalnız ümumbəşəri və klassik əxlaq normaları çərçivəsində mövzunun daha düzgün başa düşülməsi istiqamətində fikir və düşüncələrimizi bölüşməyə çalışırıq. Konkret olaraq yaltaqlıq barədə başqa fikirlər də mövcuddur; dəyişkən və sürüşkən dünyada bizim qəbahət sandığımız anlayışa müsbət tərəfdən yanaşmalar da var. Cared Səndberq adlı amerikalı bir müəllif yazır ki, yaltaqlıq çətin sağalan xəstəlik olsa da, karyera qurmağa imkan yaradır. Məqalə müəllifi nəql edir ki, "Detroyt Times" qəzetinin reportyoru Erik Starkmən günlərin bir günü redaksiyada yaltaqları müəyyən etmək fikrinə düşür, sadəcə redaksiya əməkdaşlarını daha diqqətlə müşahidə etməyə qərar verir. Həmin dövrdə qəzetin şefi Robert Caysl kimi nüfuzlu adam idi; Robert həm də peşəkar jurnalist olub. Şef həmişə çiyinbağıyla gəzirmiş, əynində boğazınadək düymələnmiş kip köynək geyər, eynək taxarmış; tez-tez eynəyini sürüşdürüb gah alnına qoyar, gah da bağla sinəsindən salladarmış. Bir müddət sonra ofisdə şefdən bir qədər aşağı ranqda olan redaktorlar da onun kimi geyinməyə və eynək taxmağa, eyni hərəkətlər etməyə başlayırlar. Starkmənə, onun kimi düşünən iş yoldaşlarına belə davranış dəhşətli görünür və deyir ki, bu yaltaqlara bircə dəfə baxmaqla adamın lap əti tökülür: "Onlar necə də vicdansız idilər! Geyimləri cəhənnəmə, bu adamlar güzgüdə heç olmasa özlərinə baxırlarmı?..".

Yaltaqlığın dərin daxili mahiyyətini həm də vəzifə, var-dövlət, güc və həyat firavanlığına can atan zümrənin istəklərində axtarmaq lazımdır. Bəşər tarixinin ötüb-keçən dövrlərinə nəzər salsaq, görərik ki, insan təbiətində bu istəklərə həvəs heç vaxt sönməyib, əksinə, getdikcə çoxalır, çoxaldıqca da insan daha çox simasızlaşır, nəticədə hər yeni nəsildə özünü daha iyrənc formalarda büruzə verir. "Atalar və oğullar" kimi qədim problemə səbəblər bu istəklərin yanında toya getməlidir, halbuki, atalarını bəyənməyən oğullar elə onların bizə miras qoyduqları yaxşı və pis davranış qaydalarıyla gedirlər. Özü də necə!

 

Bizim toplum arasında "erməniyə dayı deyərəm, işimin xətrinə" kimi və ya buna oxşar bəzi əxlaqsız deyimlər hələ də yaşamaqdadır. Belə nümunələri həyat tərzinə və düşüncəsinə həkk edənlər hər yerdə - evdə, işdə, istirahətdə, bazar-dükanda, restoranda... bir sözlə, cəmiyyətdə müasir korporativ mədəniyyət üçün çoxsaylı problemlər yaradırlar. Nəticədə kollektivlərdə, ictimaiyyət arasında psixoloji durum pozulur, peşəkar, bacarıqlı və daha zəhmətsevər insanların çalışdığı sistem sürətlə dağılmağa başlayır. Axı bu təsirin altına düşənlər də özünütənqidə qarşı hisslərini itirirlər. Rayonlara, müəssisə və təşkilatlara başçılıq edənlər tabeliklərində olan bəzi yaltaq əməkdaşların tilsimindən qurtula bilmir, hətta ağıllarına belə gətirmirlər ki, yarınanlar ondan sui-istifadə edirlər, sonda yaltaq tiplər maneəsiz-filansız vəzifə pillələri ilə yuxarı dırmaşırlar. Belə bir ümumi fikir var ki, yaltaq adam ən yaxşı halda sadəcə iyrənc məxluqdur, ən pis halda isə bütün şirkət, idarə və ya müəssisə üçün fəlakət və iflas deməkdir.

Yenə Səndberqin məqaləsinə qayıdıram, çünki burada mübahisə və təqdir doğuran nüanslar çoxdur: məqalədə daha sonra Katzenbach Partners idarəetmə üzrə məsləhət şirkətinin təsisçisi Mark Feyqenin həyat təcrübəsindən söhbət açılır. Marka görə, çox vaxt mühasibatlıqda qalmaqallar yaltaqlar ucbatından baş verir. Onlar gələcək nöqsanların baş verməməsi üçün vaxtında xəbərdarlıq etməyə həvəsli deyillər, hansısa anda təhlükənin olacağı barədə xəbərdarlıq etmək istəmirlər. Problem həm də bundadır ki, yaltaqlıq və yarınma karyera yüksəlişində hərəkətverici və çevik vasitə rolunu oynayır.

Daha bir məşhur şirkətin - Stascom Technologies təşkilatının baş direktoru Bass etiraf edir ki, cavanlıqda o da öz rəhbərinə yaltaqlıq edib, hətta onu kölgə kimi izləyib, onun tapşırıqlarını yerinə yetirmək üçün hətta bazar günləri də işə çıxıb. Bundan başqa, o öz rəhbərini yağlı sözlərlə tərifləməkdən də çəkinməyib, onun geyindiyi kimi geyinib, hərəkətlərini təkrar edib. "Sevimli rəhbəri siyasətə qoşulandan" və "hansısa idman növü ilə məşğul olandan" sonra o da eynilə rəhbərini təkrarlayıb. İndi Bass özü rəhbərdir, etiraf edir ki, onun ətrafında yaltaqlara da yer var, lakin ağıllı yaltaqlara. Doğrudur, Bass kobud və ifrat yarınmanı sevmir, lakin əməkdaş ona deyəndə ki, o, gecə-gündüz işləyir, bunu xoşlayır.

Göründüyü kimi, yaltaqlıq barədə təzadlı fikirlər də mövcuddur. Məqalədə Stenli Herst adlı rəhbər kadrların seçilməsi üzrə özəl agentliyin başçısından da nümunə verilir. Herst deyir ki, onun bir əməkdaşı varmış, birbaşa tabe olduğu müdirinə yaltaqlanmaqdan çəkinmirmiş. Hətta ona tərifli sözləri açıq-aşkar hamının yanında deyirmiş, onu çox sevdiyini dilə gətirirmiş. "Növbə mənə çatanda bunu dərhal hiss elədim və bundan ümumi işimiz zərər gördü". Buna baxmayaraq, Herstin şirkətində yaltaq adam o biri əməkdaşların başının üstündən tullanıb qabağa keçir, karyerasını yüksəldir, onun üçün xüsusi şərait yaradılır, ona yaxşı bonuslar, mükafatlar, imtiyazlar verilir... Beləliklə, kollektivdə ona qarşı həqarət yaranır.

Təəssüfdoğurucu məqam budur ki, Herst özü də yaltağın toruna düşür, halbuki, gözəl anlayır ki, kollektivdə mənəvi-psixoloji durum dözülməzdir; bir müddət sonra Herst başlayır iyrənməyə, səhvini anlayır, görür ki, yaltaqlığa və ifrat tərifə cəmiyyət tüpürür, insanlar, hətta onun özünə də pis baxırlar. Bəli, yaltaq havada, ya da elə zəif və xırda varlıqların özünü qorumaq üçün qaydasız mübarizələr meydanında süzən mığmığa kimidir, intəhası, o, kortəbii hərəkətlər eləmir, çünki şüuru var, bütün gücünü və ağlını da qənimət naminə hiyləgərliklə işə salır, obyektindən istədiyini qoparmayınca, onun başına pərvanə kimi dolanır. Metafora olsa da, bu, acı həqiqətdir və elə həmin "pərvanəlik" prosesi insan münasibətləri arasında elə möhkəm qayda-qanun yaradıb ki, onsuz heç bir iş həll olunmur; kədərli hal odur ki, nə yaltağın, nə də buna rəvac verənlərin heç birinin əxlaqi hissləri buna etiraz etmir.

 

Elmi dünyagörüşə görə insanla heyvan instinktləri arasında genetik bağlılıq var, lakin birincinin bütün mənəvi aləmi, yaxşı və pis cəhətlər barədə təsəvvür və anlayışları sosialdır, ailədə, məktəbdə, ictimai əmək və fəaliyyətdə doğulur. Yaxşı və pis cəhətlər yalnız insana məxsusdur, onun əxlaqı və tərbiyəsi ilə bağlıdır, birgəyaşayışda təzahür edir, qiymətləndirilir. Bizim yaşadığımız ictimai-tarixi şərait, mövcud tərbiyə, ədəb-ərkan üsulları (bura həm də adət-ənənə kimi xüsusi dəyərləri də əlavə etmək olar!) həm pis, həm də yaxşı cəhətlərimizin yaranmasına rəvac verir. Yaltaqlıq da beləcə, həm mühitin, həm də tərbiyənin məhsuludur. Müasir internet texnologiyasının, kibernetik sistemlərin, sosial şəbəkələrin, mətbuat və televiziyanın da əxlaqi həyatımıza təsirləri böyükdür. Və düşünürəm ki, bu məsələdə ən mühüm rolu insanın, vətəndaşın və cəmiyyətin özü oynayır. İnsan gərək özünü görə bilsin, öz səhvini və nadanlığını düzəltmək əvəzinə höcətlik etməsin...

Əlbəttə, elə bir adam yoxdur ki, tərifi sevməsin. Axı kim ona deyilən xoş sözdən inciyər? Belə çıxmasın ki, mən xoş və səmimi sözün əleyhinəyəm. Əksinə, indiki durumda insanlara səmimi xoş sözlər demək daha çox lazımdır. Gərək həddi aşmayasan! O cəmiyyət rahat və daha rifahlı olur ki, orda şəfqət hissi, nəzakət, vicdan əzabı, xeyirxahlıq kimi anlayışların mahiyyəti onun üzvləri - fərdləri tərəfindən düzgün başa düşülür. O cəmiyyət və dövlət rahat, təhlükəsiz harmoniya ilə irəli gedir ki, orda hər bir fərd, vətəndaş ləyaqətin, ədəb-ərkanın, humanizmin və müdrikliyin nədən ibarət olduğunu dərk eləsin, bunları öz həyat kredosuna yönəldə bilsin. Məncə, sağlam düşüncə və davranışın fəlsəfəsi də elə budur.

Məqaləmin əvvəlində Çexiyadakı unikal hadisədən - "Yaltaqlığa abidə"dən söz açdım; çılpaq fiqurlarla bağlı bir müəmmanın da üstündən pərdəni yarıya kimi çəkmək istəyirəm - müəllifin yaratdığı "abidə" konkret iki çexiyalı şəxsə həsr olunub; biri aktiv tərəfdir, yəni yaltaq, o biri isə passiv - yaltaqlığa rəvac verən şəxs. Əlbəttə, belə eksponat ümumbəşəri mədəniyyət abidəsi deyil və güman edirəm ki, olmayacaq da. Lakin ciddi çağırışdır, yaltaqlıqla mübarizə üsullarından, mədəni millətin və xalqın təmiz və müdrik simasını xırda ləkələrdən təmizləmək üçün ictimai qınaq vasitələrindən biridir. Xoşagəlməz davranış və hərəkətlərin doğura biləcəyi fəsadlardan qurtulmaq üçün daha hansı təsirli yollar ola bilər ki?!

 

 

Kamran Nəzirli

 

qadinkimi.com