13 iyun 1752-ci ildə Kinqs-Linne qraflığında ingilis yazıçı Fanni Berni doğulub. Atası dəbdə olan musiqiçi və müəllim sonralar tanınmış bəstəçi olub.
1760-cı ildə o, ailəsini Londona aparır. Orada köhnə ədəbiyyatçı tanışları, sənət adamları, teatrçılar çevrəsi vardı. Sistemli gündəliyini Fanni 1768-ci ilin martında yazmağa başlayır və 70 il davam etdirir.
Onun iti ağlı, müşahidə qabiliyyəti, əla yaddaşı, yamsılamaq bacarığı və nəzakət qaydalarına düşkünlüyü bu zaman üzə çıxır. 1778-ci ildə Fanni Berni anonim adla romanını çap etdirir və bu roman olduqca isti qarşılanır. Amma müəllifliyi tezliklə üzə çıxır. Atasının məsləhəti ilə "Boşboğazlıq" (The Witlings) adlı komediyasını çap etdirmir.
İkinci romanı "Sesiliya və ya varisin xatirələri" (Cecilia; or Memoirs of an Heiress, 1782) elə də səsli-küylü olmur. 1792-də Berni Fransa inqilabından qaçmış royalçılarla tanış olur və 1793-ün iyul ayında şevalye Aleksandr d'Arble ilə evlənir. Surrey qraflığında bal ayında olan cütlük xeyli xoşbəxt gün yaşayır. Elə o dönəmdə madam d'Arble dəyərlər haqda roman yazır. "Kamilla və ya gəncliyin rəsmi"(Camilla; or Picture of Youth, 1796) adlanan roman onun uzun zamanını alır.
1802-ci ildə o, daha əvvəl sərvətinin heç olmasa müəyyən hissəsini xilas etmək üçün Parisə yola düşən ərinin yanına gedir. İngiltərənin Napoleon blokadası düz 10 il onları Fransada saxlayır. 1814-də İngiltərəyə tək dönən Berni yeni romanını çap etdirir. "Səhifə və ya qadın əzabları" (Wanderer; or Female Difficulties) – zəif olsa da gəlirli kitaba çevrilir.
Yüz gün dönəmində o, yenidən kontinental Avropada olur. Royalistlərin tərəfində olan general d'Arble yaralanır və tam sağala bilmir. O, 1818-ci ildə ölür. Dul qadın Londona qayıdır. Yaşlı vaxtında isə yalnız "Doktor Berneyin memuarı" kitabını çap etdirir (Memoirs of Doctor Burney..., 1832). Berni 6 yanvar 1840-cı ildə ölür.
Fanni Berniyə yazdıqları həmişə uğur gətirməyib.
1790–1791 -də ağ şeirlə dörd tragediya yazıb. "Edi və Eljayva" (Edwy and Elgiva) bu əsəri məşhur aktrisa Siddonsun iştirakı ilə Drüri-Leyn teatrında rejissor Şeridan səhnələşdirib. Tamaşa uğursuz olub və dərhal ləğv edilib. Belə başqa iflasları da olub. Berninin ən yaxşı və dəyərli əsəri "Evelina və ya gənc qızın dünyaya çıxışı" olaraq qalır (Evelina; or Young Lady's Entrance into the World), bu məktublu roman ədəbiyyatda epistolyar janrın vacibliyini gücləndirib.
qadinkimi.com