Hər il sentyabrın 10-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İntiharla Mübarizə üzrə Beynəlxalq Assosiasıyasının (International Association for Suicide Prevention) dəstəyi ilə dünyada intiharın qarşısının alınması istiqamətində fəaliyyəti dəstəkləmək məqsədilə Beynəlxalq intiharla mübarizə gününü qeyd edir.
Müasir iş və yaşam tərzi, eləcə də bir çox subyektiv amillər nəticəsində insan bir andaca cinayət törətməyə, məsələn, öz həyatına son qoymağa qərar verir. Statistikaya görə, dünyada orta hesabla dəhşətli ölümlərin yarısı intihar hadisələrinin payına düşür.
ÜST-ün məlumatına görə, dünyada ildə bir milyona yaxın insan intihar nəticəsində dünyasını dəyişir. Tendesiyalar bu rəqəmin 2020-ci ilədək 1,5 dəfə artma ehtimalının olduğunu göstərir.
İntihar dünya üçün qlobal və faciəli bir mövzudur. Statistikaya görə, dünyada intihar nəticəsində dünyasını dəyişənlərlə müharibə və şiddət tərkibli qətllər nəticəsində ölənlərin sayı bərabərdir.
İntihar hadisələrinin yayılmasında liderlik inkişaf etmiş ölkələrin payına düşür. Bu sırada ilk yeri Şərqi Avropa ölkələri tutur.
Yaponiyada hər il təxminən 30 min insan intihar edir. Ən aşağı göstəricilər Latın Amerikası və islam ölkələrində müşahidə edilir. Afrika üçün isə, demək olar ki, bu statistika mövcud deyil.
Təəssüf ki, Azərbaycanda da son zamanlar, xüsusilə də yeniyetmələr arasında intihar hallarına çox rast gəlinir...
Buna görə də ÜST, İntiharla Mübarizə Beynəlxalq Assosiasiyası ilə birlikdə bu gün ictimaiyyəti və müxtəlif ölkə hökumətlərini intihar nəticəsində həyatını itirə biləcək insanları xilas etmək üçün məsuliyyəti gücləndirmək məqsədilə tədbirlər və aksiyalar keçirməyə səsləyir.
Bundan əlavə, ÜST və onun tərəfdaşları yalnız intiharın qarşısının alınmasına çalışmır, bu qurum eyni zamanda intihara bir və ya bir neçə dəfə cəhd etmiş insanlara xüsusi müalicə və nəzarətin göstərilməsinin tərəfdarıdır. Burada medianın da öhdəsinə ciddi məsuliyyət düşür. Medianın öz növbəsində intiharların erkən ölüm səbəblərindən biri olması mövzusunda ictimaiyyəti məlumatlandırması vacibdir.
İctimaiyyət və yerli hökümətlər də intiharların qarşısının alınması strategiyasını yürütməlidirlər. Elə bir siyasi proqram hazırlamalıdırlar ki, hər bölgənin əhalisi arasında intiharların və intihar əhval-ruhiyyəsinin aradan qaldırılması üçün xüsusi proqramlar və tədbirlər praktikada öz yerini tapsın.
qadinkimi.com