BURA / ORA, QADIN / KİŞİ
Səudiyyə Ərəbistanında qadağa ləğv edildi: İlk dəfə pilot yarışına qadın qatılacaq Tarix : 26 Noyabr 2019, 14:00
Yazar : Qadinkimi.com
Dünyada qadınlara ən son sürücülük icazəsi verən ölkə Səudiyyə Ərəbistanıdı. Artıq orada ilk dəfə professional avtomobil yarışına bir qadın pilot da qatılacaq.

27 yaşlı maşın həvəskarı Reema Juffali bu həftə sonu paytaxt Riyad yaxınlığında Diriye şəhərində təşkil olunan "Jaguar Kupa” elektrikli avtomobil yarışına "xüsusi dəvətli” statusunda qatılma haqqı qazanıb.
 


Sürücülük vəsiqəsini 2018-ci ildə əldə edən Juffali ölkəsində rəsmi bir yarışa qatılacağına hələ də inana bilmir. Uşaqlığından bu günə qədər sürət yarışlarına marağı olan gənc qadın sürücülük vəsiqəsini aldıqdan bir neçə ay sonra məşqlərə başlayıb. Ancaq əvvəllər heç bir rəsmi yarışa qatıla bilməyib.
Ciddədə doğulan Reema Juffali sürücülük vəsiqəsini təhsil üçün getdiyi ABŞ-da alıb. Amma 2018-ci ilin iyun ayında Səudiyyə Ərəbistanında qadağanın ləğvindən sonra Juffali çox yaxşı sürücü olmasına baxmayaraq, yenidən sürücülük imtahanı verməyə məcbur olub.

Səudiyyə Ərəbistanı İdman Qurumunun İdarə Heyətinin rəhbəri Prens Abdulaziz bin Turki el-Faysal Juffalinin yarışa qatılmasının Səudiyyə krallığı üçün "bir dönüş nöqtəsi” olduğunu deyib. El-Faysal "Reemanı dəstəkləmək üçün minlərlə vətəndaşımız gələcək” deyərək heyətin qadın pilotun arxasında olduğunu vurğulayıb.  
 

 
Kral Salman bin Abdülaziz 2017-ci ilin oktyabr ayında Səudiyyə qadınlarının da sürücülük hüququ əldə etməsinə səbəb olan qərarı açıqlayıb. 2018-ci ilin iyun ayında qərarın qüvvəyə minməsindən sonra isə Səudiyyə qadınları da təkbaşına maşın sürmə haqqı əldə edib.

Bütün dünyada qadınların sürücülük hüququnun qadağan olunduğu yeganə ölkə kimi tanınan Səudiyyə Ərəbistanında bir çox qadın uzun müddətdir ki, maşın sürmə haqqı əldə etmək üçün mübarizə aparırdı. Hətta bir çox qadın haqları aktivisti qadağaya etiraz edərək maşın sürüb və buna görə də həbs olunub. Bu mücadilə nəhayət qadın pilotun yarışa qatılmasına kimi ciddi nəticələrə səbəb oldu. 
 

qadinkimi.com

qadinkimi.com