Həyatımızda elə mənfiliklər var ki, onları biz insanlar yaratmışıq və yaşadırıq. Bir toplumun başına nəyi mismarlasan yüzillər boyunca ondan qurtula bilməz. O şəkildə də gəzər - acısına, ağrısına fikir vermədən. Vərdiş halını alar bir növ. Özünü müalicə etməyi unudar, xarakterinə və kimliyinə keçirər bu "xəstəliyi”. Yayılan bir virusla yaşayar insanlar.
Bu yazımda qadınlarla bağlı atalar sözlərindən bəhs edəcəm.
Bu günlərdə imzalı bir kitab hədiyyəsi aldım. Yazarı İlyas Ali Daştan. Kitabın adı "Ben ProFeministim”. Qadınlarla bağlı mövzular mənim işim olduğundan həmən diqqətimi çəkir. Bu kitab da diqqətimi çəkdi. İlyas bəy Antalyada Sosial Xidmətlər Uzmanı, eyni zamanda Toplumsal Cinsiyyət Bərabərliyi dərnəyinin başqanıdır.
Profeminizm dalğası günümüzdə bir çox aktivistlərin leksikonunda yer alır. Qadın aktivistlər daha çox və daha "girişkən” olduğundan bir kişinin bu yöndə gördüyü işlər daha çox diqqət cəlb edir və daha çox sevindirir. Bir kişi qadın haqqlarının onların özünə tanıtmaqda və qadına yönəlik hər cür şiddətdə özünü məsul görməkdədir. Bunu İlyas bəyin dilindən eşitdim. Kitabında da bu mövzulardan bəhs etmiş. Kitabın bir neçə səhifəsini evə gəlmədən oxudum. Səhəri gün tamamilə bitirdim. Bəzi mövzular linç edilməsi gərəkdiyi halda, insanlar tərəfindən misal olaraq göstərilir. Bunlar atalar sözləri nümunələridir. Kitabda buna ayrı bir başlıq verərək bir neçə səhifə ayırmış yazar. Qadına dair yüzillərdən bu günə gələn atalar sözləri niyə aşağılayıcı deyilib? Atalar sözləri təkcə türk millətlərində deyil, başqa millətlərdə də yayğındır. Amma nə qəribədir ki, qadına yönəlik atalar sözlərində əşya qavramında və aşağılayıcı bir yanaşma var. Bəzi nümunələrlə:
"On beşində qız ya ərdədir, ya yerdə” – On beş yaşlı qız evləndirilməlidir, evlənməsə, yerdə qalmış (evdə qalmış) deməkdir.
"Qızı özbaşına buraxsan, ya halvaçıya gedər, ya zurnaçıya” – Qız hür iradəsi ilə sevib-seçdiyi biri ilə evlənmək haqqına sahib deyil. Kimə verirlərsə, ona da getməlidir, yəni özbaşına buraxsan, sonu yaxşı olmaz.
"Qız evdə olsa da eldən sayılar” – Qız həmişə başqası üçün böyüdülür. Evdə olsa da, evinə aid olmur. Evləndiyi yerə aid olur.
"Arvadın qazdığı quyudan su çıxmaz” – Qadının işinə güvənilməz.
"Arvaddan vəfa, zəhərdən şəfa” – Qadından sədaqət gözləmək zəhərdən şəfa diləməyə oxşayır.
"Oğlan doğan öyünər, qız doğan deyinər” – Qadın oğlan uşağı doğarsa, öyünər, sevinər, qız doğarsa, deyinər, üzülər.
"Qadının belindən ağacı, qarnından tifili əksik etməyəcəksən” – Kişi, qadını döymək haqqına sahibdir. Qadın doğum maşınıdır, qarnı həmişə "dolu” olmalıdır.
"Adam eşşəyindən, qadın döşəyindən bəlli olar” – Burada qadın döşəyindən deyərkən, qadının bakirəliyinə diqqət çəkilir və qadın eşşəklə müqayisə olunur.
"Şeytan gedə bilmədiyi yerə bir qadın göndərər” – Din qavramında qadın həmişə şeytana bənzədilir. Hətta "hər gözəl qadının qucağında bir şeytan oturmuşdur” kimi bir inanc da var.
"Qızını döyməyən dizini döyər” – Qız, səhvlərində, həyatı ilə bağlı verilən qərarlara etirazında döyülə bilər, haqqını tələb etmə istəyi ola bilməz. Qızını döyməsən, ona sərbəstlik versən əxlaqsız olar.
"Dərə kənarına ev tiksən, bil ki, sel malıdır, özün yaşlı, arvadın gəncsə, bil ki, el malıdır” – Qadından həm bir mal, başqa birinə aid idarə edilən varlıq olaraq bəhs edilir, həm də özündən böyük biri ilə evləndiyi zaman sədaqətsiz olacağı, xəyanət etmə ehtimalı yüksək olacağı göstərilir.
Bunlar kimi nə qədər atalar sözləri var. Öncəliklə, bu varlığın xitab ediləcək bir adı var, qavramı bəllidir – Qadın! Arvad nədir? Diqqət etsəz, cümlələrin çoxunda arvad olaraq bəhs edilmiş qadından. Arvad sözünün etimologiyası ərəbcədən olan "övrət”, "avrat” (türkçədə) sözündən gəlir. Övrət isə qüsur, ədəb yeri, ayıb deməkdir. Qadını bu şəkildə anladan bir sözcük nə üçün leksikonumuzda var olmalıdır ki? Qadın qüsur deyil, qüsurları örtəndir, qadın ədəb, ayıb yeri deyil! Qadın, bəhs edərkən üzr istəyəcəyiniz bir qavram deyil!
Aysel Ateş Abdullazadə
qadinkimi.com