Səhərdir. Qadın həyətə girib qapını açarla açdı. Sakitcə, ayağının ucunda içəri keçdi. Yenə soyuq evin solmuş divarları kimsəsiz görünürdü. Çox keçmədi ki, səhərdən bəri yuyub təmizlədiyi evdən çiçək qoxusu gəldi. Həyətdəki dibçəkləri evə gətirib torpağını dəyişdi. Onları əzizlədi. Gözlərində təbəssüm güllərə, çiçəklərə, həyətdə gəzən pişiklərə, səsi dünyanı bürüyən quşlara baxıb gülümsəyib işinə davam etdi. Boğuq səslə kimsə "qızım” deyə səsləndi. İçəridə xəstə, yaşlı bir qadın uzanmışdı. Əlləri əsə-əsə onu səsləyirdi. İçəri keçib qarını dikəltdi. Ona bişirdiyi sıyığı əli ilə yedizdirdi. Evdə üç nəfər idilər. Sapsarı, köhnə divardan asılmış şəkildən belə görünürdü. Həyat yoldaşı işdə idi. Qadın qayınanasını əlil arabasına otuzdurub, pəncərənin qabağına gətirdi. Onu günəş görünən tərəfə yönəldib qucaqladı. Ana onun qollarına sığınıb ağlamsındı. Çox keçmədi ki, çay süfrəsini bəzədi. Ana gözlərini ona dikib, əllərini tutub, alnına yaxınlaşdırdı, "sən olmasan, mən nə edərdim?” dedi, - İşin çox idi?
- Hə, ana, çox idi.
- Xəstələri gətirmişdilər?
- Bəli, ana, - deyə başını tərpətdi.
Ana gülümsündü. Qadın isə əksinə, kədərli görünürdü. Tələsik otaqdan çıxıb, işlərini görməyə getdi.
Artıq yavaş-yavaş axşam düşürdü. Bütün evi təmizləyib, çərçivədə əri ilə olan şəklinin tozunu sildi. Ana "şəklin yerini dəyişmə, siz evdə olmayanda baxıram”, - dedi, sonra da əlavə etdi:
- Sən xəstəxanadakı işdən çıxsan, bəlkə də hər şey yaxşı olar. Belə işmi olar, balam?! Mən nəvə istəyirəm. Sən gərək evində olasan. Qadın ananın nəsihətli sözlərinin altında ev işlərinə davam edirdi. O, yemək hazırlayıb, ananı yedizdirdi. Həyəti süpürdü, otaqları sildi, gülləri əzizlədi.
Axşam düşmüşdü, əynini geyindi. Ananı yatağına çoxdan uzatmışdı. Ana gözlərini yummuşdu. Qadın onun üstünü örtdü. Hazırlaşıb həyətə düşəndə qapıda yoldaşı ilə rastlaşdı. Kişi onu görən kimi özünü itirdi.
- Necədir bu gün?
- Yaxşıdır. Amma elə hey sayıqlayır ki, işdən çıxım, gecələr evdə olum. "Bu nə işdir” deyir. Yalan danışmağım məni də üzür.
Kişi qadına baxıb kədər içində "Bəs siz nə dediz?” soruşur.
- Susdum. Söz tapa bilmədim.
- Hə, yaxşı ki, unutmadım, - deyib kişi əlini cibinə atdı. Bir qədər pul çıxarıb qadına uzatdı. Qadın pulları alıb yola düzəldi.
- Axı heç pulu saymadız. Bu dəfə az oldu, maaşı gecikdiriblər, - kişi mızıldandı, - Sizə təşəkkür edirəm. Bir müddət də bu rolu oynamağa məcbursuz. İndi onun beyni uşaq beyni kimidir. Mən ona evli olmadığımı, fikir etməsin deyə bu evliliyi uydurduğumu, ondan əvvəl anamın xəstəliyinə görə sevgilimin məni atıb getdiyini deyə bilmərəm. Sizi də çox incidirəm. Sizə verdiyim qəpik-quruşlara hələ evə lazım olanları da alırsız. Axı mən bunları görürəm. Siz...
Qadın gözlərini uzaqlara dikib yerində vurnuxurdu, sanki ona qulaq asmırdı. Sağollaşmadan yola düzəldi. Küçə qapısını örtüb, uzun-uzadı suvağı getmiş hasara, paslı dəmir qapıya baxdı. Yol ilə ağır-ağır getməyə başladı. Avtobusda pəncərəyə sığınıb yollara baxırdı. Yol uzun idi. Uzun yolun qəribə rahatlığı var. İnsan hər şey haqqında düşünə bilir. Onun da uşaqlıq çağı gəlib ilişib qalmışdı beynində. Üstü güllü uzun donu ilə rəqs edir. Elə hey fırlanırdı. Qadın gülümsünürdü...
Çox keçmir ki, avtobusdan düşüb evə tərəf addımlayır. Qapıda onu qulluqçular qarşılayır. Qızı onu görüb gülümsəyir. Ana qızına baxıb onu öpmək istəyəndə qız onu kənara itələyib, əynindəki geyimlərdən iyrənirmiş kimi "Ana, yenə bu demode geyimlərdə hardan gəlirsən?” deyib uğunub gedir. İki oğlan dəhlizdə görünür. Anaya məhəl qoymadan hərə öz otağına keçir. Ana üst geyimini soyunub mətbəxə girir. Mətbəxdə xadimələr yemək bişirirlər. "Salam, xanım” deyib qabağına qaçırlar.
Otağının qapısını açır. Qaranlıqda oturmuş əri telefonla danışır. Arvadının gəlişini görməyən ər onu görən kimi özünü itirib telefonu söndürür. Ona yaxınlaşıb üzündən öpmək istəyəndə qadın üzünü yana tutur.
"Yenə nə olub? Keçilər gəliblər?” - deyə kişi kinayə ilə qadınına baxır, - "Mən heç səndən soruşmuram, harda sülənirsən səhərdən. Sən isə əlimdə telefon görən kimi üz-gözünü turşudursan. Xanım, deyəsən, xoşunuza gəlmədi? Həəə... Bilirsən, niyə soruşmuram? Çünki maraqlanmıram. Belə cəhənnəmə hardan gəlirsən. Mənə niyə elə baxırsan?” - əri get-gedə daha da hiddətlənirdi. "Mənə qalanda isə əcəb edirəm. Xoşun gəlmir, rədd ol evimdən. Onsuz da evdə yalnız kölgə kimi fırlanırsan, kölgə yaxşıdır, kabus kimi".
Qadın əvvəlcə yerində donub ərinin dediklərinə diqqətlə qulaq asdı. Sonra sakitcə kişini çölə itələyib, qapını içəridən qıfılladı. Qapının o tayında kişinin kinayəli səsi getdikcə uzaqlaşırdı.
Yerinə girib yorğanı üzünə çəkir... gözlərini yumur... "Soyuqdu” - deyə mızıldanır – "Səhər açılsaydı...”
Hər səhər yeni bir günəşdir. Günəş ümiddir.
Gözlərini yumur... Yenə qısa donlu qıvrımsaç qızcığaz ona gülümsünürdü. Uzaqda uçuq-sökük bir ev görünürdü... Özgə evi.
Aysel Fikrət
qadinkimi.com