ZƏHƏRLƏNƏN TƏLƏBƏ QIZLARIN VƏZİYYƏTİ ÇOX AĞIRDIR- SƏBƏB ARAŞDIRILIR Tarix : 21 Noyabr 2019, 18:59

Bu gün Bakıda üç tələbə qız ölümcül halda xəstəxanaya yerləşdirilib. BDU-nun yataqxanasında qalan qızların nədənsə zəhərləndiyi bildirilir.  

Kliniki Tibbi Mərkəz Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən qızların vəziyyətinə aydınlıq gətirib.

Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşovun APA-ya verdiyi məlumata görə, hər iki tələbə qız şok vəziyyətindədir: "Onların vəziyyətləri çox ağırdır. Onların hər ikisindən analiz götürülüb, toksikoloji laboratoriyaya verilib. Hazırda analizin cavablarını gözləyirik".

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) sözçüsü Elşad Hacıyev BBC News Azərbaycancancaya deyib ki, "hadisənin ilkin səbəbi və tələbələrin kimliyi müəyyənləşdirilib".

"Tələbə yataqxanasında baş vermiş hadisənin ilkin səbəbinin qida zəhərlənməsi olduğu ehtimal edilir. Vəziyyəti ağır olan tələbələrin kimliyinə gəlincə, onlar 1998-ci il təvəllüdlü Həmidə İbadova, Dürrubə Quliyevadır. Ölən tələbə isə Şəkər Faiq qızı Xasmətovadır". 

Qadinkimi xəbər verir ki, zəhərlənən tələbələr haqda siyasi fəal İlkin Rüstəmzadə öz facebook hesabında yazıb. O, bilgi almaq üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə getdiyini bildirib. Eyni zamanda İlkin Rüstəmzadə ora gələn tələbələrdən qızların zəhərlənmə səbəbi ilə bağlı məlumat almağın mümkün olmadığını qeyd edib. "Toksikologiyanın qarşısındayıq. Heç kimi içəri buraxmırlar. Ayrı-ayrı tələbə qruplarına yaxınlaşıb uşaqların yataqxanada ya bufetdə zəhərləndiklərini maraqlandım, cavab verməkdən imtina etdilər. Tələbələrdən biri mənə bildirdi ki, universitet rəhbərliyi bu soxasoxda vaxt tapıb tələbələri də hədələyib. Ki, zəhərlənmə ilə bağlı heç kim danışmasın və tanımadıqları adamlardan uzaq dursunlar. Tələbələrdən yalnız biri ölüb-Şəkər Xasmətova, digərləri sağdır". 
 
 

qadinkimi.com