QADIN / KİŞİ
Yolu döyüşdən keçən qadın - Kəmalə Qəhrəmanova Tarix : 28 Noyabr 2022, 15:30
Yazar : Qadinkimi.com
Azərbaycan qadınının çox şərəfli, fəxr ediləsi bir qəhrəmanlıq tarixi var, Qarabağ müharibəsində vuruşan qızlar isə qəhrəmanlıqları ilə bu tarixə yeni səhifələr yazıblar. 
18 yaşında 1991- ci ildə Çingiz Mustafayevin "215 KL" studiyasından cəbhəyə cağırışını eşitdikdən sonra saçlarını qırxıb özünü kişi cildinə salaraq adını "Kamal Qəhrəmanov" kimi  könullu müharibəyə yazdırır və Şəhidlər Xiyabanından birbaşa Qarabağ cəbhəsinə yola düşür.
Ağdamda Yaqub Rzayevin özünümüdafiə batalyonuna qoşulduqdan sonra döyüşün ən qaynar yerində topçu dəstəsində ermənilərin başına od ələyən bu cəsur xanım  daha sonra Şuşa batalyonuna keçir. Kəlbəcər, Ağdərə, Füzuli, Murov istiqamətindəki döyuşlərdə iştirak edir.
24 sentyabr 1992- ci ildə Fərrux yüksəkliyində gedən döyüşə girir və həmin günü qranat qəlpəsindən yaralanır. İki ay müalicə aldıqdan sonra yenidən döyüşə qayıdır. 1993- cü ilin aprelində Murovda gedən döyüşlərdə kəşfiyyatçı kimi iştirak edir. 
1994- cü ilin yanvarında Kəlbəcərin müdafiəsinə qalxan bu qəhrəman qadın diversant olaraq düşmənin önəmli mövqeyinə girib ordumuzu zəruri məlumatlarla təmin edərək  Qamışlı kəndində (Kəlbəcər) erməniləri məhv edir. Ağdamda düşmən ərazisinə keçib qarşı tərəfi susdurur, düşmən zonasında içində şəhidlərimiz olan tankımızı xilas edib gətirir.
Bundan əlavə yaralı əsgər yoldaşını da erməni mühasirəsindən xilas edir. 
Atəşkəs elan olunandan sonra - 1994-cü ildə K.Qəhrəmanova Ali Hərbi Dənizçilik Məktəbi nəzdində açılmış şəxsi heyətlə iş uzrə zabit hazırlığı kurslarına göndərilib. 5 il zabit kimi xidmət etdikdən sonra 1999- cu ildə öz xahişi ilə ordudan təxris edilib.

Hal-hazırda FHN-də xilasedici işləyərək hər gün neçə-neçə insanımızın həyatını xilas edən, o cümlədən Binəqədidə yanan binada sakinlərimizin həyatını xilas etmiş, idmançı və müharibədə "Qəqəni" ləqəbi ilə tanınan bu qəhrəmanımız - Kəmalə Qəhrəmanovadır. 

Biz sizinlə qurur duyuruq!
 

 

"Legion" hərbi vətənpərvərlik klubu
Mehriban Fərəcovanın materialı əsasında hazırlandı
 
Qadinkimi.com