Musavat.com xəbər verir ki, dünən Kraystçörç şəhərində terror zamanı ölənlərin cənazələrinin dəfn edilməsi və anma mərasimi keçirilib.
Mərasimə minlərlə insan qatılıb. Orada iştirak edən mətbuat işçilərinin diqqətini məzarlığın girişindəki bir qadın polis çəkib.
Belə ki, məzarlığın girişində dayanan qadın polis başına şal atıb və yaxasına da qızıl gül taxıb. O, bununla ölənlərin ruhuna ehtiram göstərib.
İş başında olan və əlində avtomat ilə məzarlıqda dayanan bir polisin bu hərəkəti hər kəsin diqqətini çəkib. Həmin qadın polisin adı isə Mişel Avansdır.
2016-cı ildən polis işləməyə başlayan Mişel Avans həmin mərasimdə öz təəssüratlarını jurnalistlərlə də bölüşüb: "Cəmiyyət üçün işləmək, onlara yardım etmək istəyirəm. Çölə çıxmaq, insanlara yardım edərək, pul qazanmaq xoşuma gəlir. İşimiz təhlükəlidir, hər an yaralana bilərik”.
Qadın polisin fotoları sosial mediada yayıldıqdan sonra "Yeni Zelandiyalılar bu qədər duyarlı insanlardır”, "Bu polisi təbrik edirəm” və s. bu kimi çoxlu şərhlər yazılıb.
Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərindəki iki məscidin atəşə tutulması nəticəsində 50 nəfər ölüb, 42 nəfər isə yaralanıb.
Hadisəni törədən Avstraliya vətəndaşı, 20 yaşlı Brenton Tarrant barəsindəki həbs-qətimkan tədbirinin müddəti aprelin 5-dək uzadılıb.
Mənbə: musavat.com