YAZI / DÜŞÜNCƏ
Yeni il gəlir... Tarix : 28 Dekabr 2019, 11:41
Yazar : Qadinkimi.com
Yeni ilin astanasındayıq, hamı bayram əhval-ruhiyyəsinə köklənməyə çalışır. Düşünək ki, hər şey gözəldir. Giley-güzar dolu ifadələr qəlbin səsindən, mühitdən xəbər verir. Ötən ilimizə hər kəs öz daxili və xarici prizmasından baxır, həyata baxışı, dünyagörüşü ilə nəzər yetirir. Bizim və əhatə edənlərimizin yaşadığı şadlıq, sevinc, sıxıntı, kədər, hər ibrətli hadisə həyat təcrübəsi gətirir, müsbət və mənfi emosiyalar doğurur, məhəbbət oyadır, qarşılıqlı hörmət, istək, bəzən də mənfi hisslər nifrət, kin-kidurət yaradır. 

Bizi heyrətləndirən, qəlbimizdə ən incə hisslərlə rəğbət oyadanlar hörmətə layiqdirlər, düşünürəm. 

Bu yeni ildə insanlar, gəlin bir-birimizin qəlbində ümid işığı yandıraq, xoş motivasiyaya köklənək, niyyətimizlə, münasibətimizlə heyrətləndirək, qəmi, kədəri çiyinlərimizdən ataq, yükümüz sevgi yükü olsun, övlada, ailəyə, torpağa, vətənə, qohuma, dosta, yada, bütün bəşər övladına. Çəkmək də xoşdu, acısı da şirini qədər şirin olur məhəbbətin. Nifrət, kin, qəzəb, qisasla yaşayan adamların kirlənmiş ruhları yalnız özlərinə iztirab verə bilər. Dünya sevgi üzərində qurulub. Sevgi isə dostluq, qarşılıqlı diqqət, hörmət, etiraf, qayğı istər. Dünyamızda bərqərar olan bütün canlı və cansızların sevgiyə ehtiyacı vardır.
 

Başqalarına diqqət və sevgi göstərmədən onlardan bunu gözləmək nə dərəcədə doğrudu? Hamı bir-birindən diqqət umur. Bu da bir həqiqətdir ki, biz heç də həmişə sevgi göstərdiyimiz insandan o sevgini almırıq. İnsan bioloji baxımdan öz yarını, sosioloji baxımdan həmfikrini, psixoloji baxımdan - enerji uyğunluğu axtaran kəsdir. Bayramlar ərəfəsində xoş-əhval-ruhiyyə duyulur, şəhər qaynayır, adamlar harasa tələsir, sürətlə yeriyir, yanlarından ötüb keçənlərə belə əhəmiyyət vermir, ola bilər ki, o üzləri birdə heç zaman görməyəcəklər. Həmin an bu fikir onların ağlına belə gəlmir. Yol boyu insanlara diqqət yetirirəm. Bəzi simalarda gülüş, xoş təbəssüm, həyatından məmnunluq, razılıq əlaməti, bəzilərində adi, donuq baxış, bir qismində yorğun, əzgin ifadə, bir başqasında heyrət, təəccüb, təbəssüm... Bu mənim doğma şəhərim, Bakımdı...

Şəhərin böyük, kiçik dərdləri və bir elə də sevincləri olur. Bir də, bir də böyük - böyük, kiçik - kiçik düşünən insanları, ruhən, mənən böyüklüyün fövqündə həqiqətən çox kiçik görünənlərin bərqərar olması da labüddür. Nə edəsən ki, İnsanda insaniyyət tərbiyə etmək missiyası yenə də insanın öz üzərinə düşür. İnsanları birləşdirən bağlılıqlar da bununla əlaqədardı. İnsan haqqında onun düşüncələrindən daha çox arzuları əsasında fikir yürütmək mümkündür. Bəzən düşünürük ki, güc və arzularımız tükənibdir. Halbuki ümid kimi böyük bir mənəvi mənbədən güc almaq mümkündür. 
Arzu ve məqsədimiz varsa taleyimizin bizi yönəltdiyi yaxşı və pis, arzu olunan və olunmayan surprizlərinə, müxtəlif çətinliklərə dözərək ömür sürüb, uğur əldə etməyin mümkünlüyünə də inandıq.

Daxili zənginlik, yüksək mənəviyyat hər kəsdə olmur. İnsanda insaniyyət tərbiyə etmək missiyası yenə də insanın öz üzərinə düşür. Həyatımızı planlaşdıran taleyimizi formalaşdıran ruhumuzdu. Hər şey ruhdan çiçəklənir. Həyatımızda baş verən ixtilaflar, narazılıqlar, taleyimizlə barışmamağımızın səbəbi ruhumuzun səsini eşidə bilməməyimizdi. Ruhun səsini eşidə bilməyən qəlbdə naraharlıq yaranır, sabit olmur. İnsanın fiziki gücü, daxili enerjisi azalır, əhvalı xarici hisslərin təsiri nəticəsində dəyişir.
 

Kiçik ixtilaflara son qoyub bir-birimiz haqqında mənfi ruhdan uzaq müsbət düşünəriksə bir-birimizə müsbət enerji göndərmiş olarıq. Göndərilən müsbət enerji yükü öz enerjimizə çevrilərək insanın əhval-ruhiyyəsinə, hiss və duyğularına müsbət təsir göstərir, sağlamlığına şərait yaradır. Kin, qəzəb kimi mənfi hisslərin əvəzinə insan qəlbində məhəbbət, istək, mehribanlıq, xeyirxahlıq kimi nəcib duyğulara səbəb olur, əksi olduqda sanki tükənir, həyat mənasızlaşır, cansıxıcı təsir bağışlayır, insanda ruh düşgünlüyünə səbəb olur. Həm də müsbət enerji insanın öz daxili aləmindən, onun öz xarakterindən, etikasından, iradəsindən çox asılıdır. Daxili mənəvi aləmimiz isə əhvalımıza istiqamət verən qüvvədi. 

Həyatımızı gözəlləşdirən bizi əhatə edən insanların gözəlliyidir. Kimi səy göstərərək onu daha da gözəlləşdirməyə çalışar, kimi də bizim fərqimizə belə varmadan bu dünyada yaşaması belə bizə bəs edər, varlığı bizim üçün elə ən böyük gözəllik, hədiyyə olar. 
 

Üzü qəlbinə bənzər insanın.
Qəlbində nə varsa, üzündə də o olar.
Təbii, hiylədən, məkrdən uzaq səmimi, daxilindən gəldiyi kimi davranmaq xoş reaksiyaya səbəb olur, daxili aləmi insanın simasında əks olunur, təbii, özü olur insan. Antiq dünyanin qapısıinda "özünü tani", yazılmışdı. Yeni dünyanin qapısında insanlara özünü xatırlatması üçün - "özün kimi ol" yazılaydi kaş.
Sevmək kin bəsləməkdən asandı.

Ruha, ürəyə, sağlamlığa faydalıdi istək, xoş münasibət, həqiqi sevgi. Bu qısa ömrü sevgisiz yaşamayaq. 



Yeganə İskəndərova
qadinkimi.com