Günəş yenə də öz fövqündə, nurunu paylaşır, sevinc gətiririr insanlara. Yer üzünə düşən bu işıq seli ətrafı nura qərq edir, həyat eşqini artırır, insanı yaşamağa, yaratmağa ruhlandırır. Təbiətlə təmasda gömgöy, tərtəmiz səma, ətrafımızdakı tumurcuqlanmağa başlayan çılpaq ağaclar, al-əlvan boyalı evlər göz oxşayır. Heyran baxışlarımızla bu rənglərdən zövq alırıq.
Daxilimizdə səbəbsiz bir yüngüllük duyuruq. Yaz ruhunun, yaz gününün gəlişi psixoloji-estetik zəmin hazırlayır, təbiət dəyişir, xoş ovqat, bayram əhvalı yaradan hava mülayimləşməyə doğru gedir. Bu fəsil arzularımıza da təsir edir elə bil. Güllər, çiçəklər deyəndə gözəlliyi düşünürük. Hər biri öz ətri, zərifliyi ilə sevimlidilər. Rəngləri ana təbiətə füsünkar görkəm verir, müxtəlifliyi, zənginliyi ilə göz oxşayır.
Fəsillərin dəyişməsi insanın əhval - ruhiyyəsində kəskin hiss olunur və bəzən oradan ovqata, nitqə, yazıya köçür. Hər bir insanın öz ruh aləmi vardır, kimisində daha zəngin, bir qismində incə, kövrək hisslər, natamam duyğular, gerçək məhəbbət, bir başqasında hüzn, peşimançılıq, itirdiyi illərin həsrəti duyulur. Heç fikir vermisinizmi, həyatda nikbin olanın yazılarına bəzən bir kədər çökür, ruhunun dərinliyində gizlənmiş duyğularını kağıza köçürürkən çəkdiyi iztirabları biruzə verir. Beləcə ömrün ilkin çağlarından sonunadək bir düşüncə sistemi formalaşır hər birimizin şüurunda. Yaşadığımız dünyaya açıq gözlə baxdıqda, şübhəsiz ki, daha əhəmiyyətli suallar üzərində düşünürük. Ətrafımıza nəzər saldıqda əzəmətli və göz oxşayan dağları, dərələri, dənizləri, çayları, meşələri, çölləri, rəngarəng, gözəl bitkiləri, ətir saçan əlvan gülləri görürük. Və onların üzərində bir an belə durmayan canlı həyatı, nəhayət, özümüzü görürük.
Özünü dərk etmək, xoşbəxt hiss etmək üçün cobanyastığı çiçəyi, ya bənövşə də olmaq gözəldi. Yetər ki, bu çiçəklər torpaqdan baş qaldırıb yazın havasını udmaq, həyata məftunluqla baxmaq istərkən ayaq altda qalıb əzilməsinlər. Onların balaca, ürkək təbiətləri, həyata məftunluqları, küləyin, yağışın, çiskinin bəzən də covqunun sərtliklərinə dözürkən əzilmək təhlükəsi ilə üzbəüz qalmasınlar. Bu çiçəklər cox da deyil, qoruyun onları, Anderson kimi olmasa da, sevin onları. Onlar Sizdən heç nə istəmirlər, nəvazişlə nəzər yetirsəniz, əzməsəniz yetər. Təbiətin bənzərsiz, möhtəşəm gözəlliyini duyub qüsursuz peyzajlarını müşahidə edərək, əsrarəngiz gözəlliklərdən zövq alaraq payızdan qışa apardığımız srtessdən azad olmaq mümkünmü?! Orqanizmimiz həmişə enerji almağa, ötürməyə hazır vəziyyətdədi. Yaşamaqda olduğumuz cəmiyyətdə mənfi enerjimizi özümüzdən uzaqlaşdırmaq elə də asan deyil. Bunun nəticəsində insan stresə düşür. Stresə düşmək nə qədər asandırsa, stresdən çıxmaq da bir o qədər çətindi. Stressli situasiyalar psixoloji müdafiə mexanizmlərini sıradan çıxararaq insanın emosiyalarına nəzarətini zəiflədir. Gündəlik monoton həyatdan xeyli fərqlənən aktiv istirahət, yuxunun normallaşdırılması, davranışın sabitliyi problemli adamlardan, situasiyalardan uzaqlaşmaqla mümkündür.
Təbiətlə ünsiyyət, quşların səsi, gülümsəmək stresi atır, xoşbəxtlik duyğusu yaradır. Marta az qalır, yaz əlvan rəngləri ilə gələcəkdir. Bənövşə gülünün sirri - sevgi, kübarlıq, "siz gözəlsiniz" anlamında olduğunu deyirlər. Mənim təsəvvürümdə bənövşə insanın ruhunu, duyğularını anladır. Haqq dünyanın varliğına bütün qəlbi ilə hakim kəsilib, nahaq dünyanın müvəqqəti sakinlərinin əməllərindən xoflanib, sakit, rahat öz aləmində xoşbəxt olub körpə bənövşə fidanları kimi torpaqdan baş qaldırıb ətrafına nəzər yetirirkən, nurlu sabah arzusuyla boylanarkən kimdəsə rəhimsizcəsinə əzmini, ruhunu əzmək istəyi yaranır. Və bu zaman bənövşə də, bu əsrarəngiz gözəlliyi duyan qəlb də şönə bilər, amma yenidən həyat eşqi ilə pardaxlanıb baş qaldırar.
Duyğularından riqqətlənib ümidlənən İNSAN üçün həyat gözəldir. Ümídiniz heç zaman tükənməsin. Yaza nə qalıb ki...?! Bənövşə bitəcəkdir.
Yeganə İskəndərova
qadinkimi.com