"Ana və poçtalyon" yaralı mayda
Bu il SSRİ-nin İkinci Dünya savaşındakı qələbəsindən 75 il ötdü.
Dövlət televiziyası bir sıra layihələr hazırlamışdı. Belə layihələrdən biri görkəmli Azərbaycan şairi, dramaturq və ictimai xadim Süleyman Rüstəmin 1943 – cü ildə yazdığı bir çox dillərə tərcümə olunmuş məşhur " Ana və poçtalyon" şeirinin motivləri əsasında çəkilən qısametrajlı bədii film oldu. Filmin ideya müəllifi və layihə rəhbəri Əməkdar incəsənət xadimi Etibar Babayev, rejissoru Elnur Məmmədov, ssenari müəllifi Afaq Əhmədovadır.
Musiqili, poetik dildə qəm - qüssə ilə yanaşı sevinc, qələbə əzminin də duyulduğu lirik səpgili filmdə sevilən aktyor heyəti – Həmidə Ömərova, Məbud Məhərrəmov, Elnar Qarayev, Salman Bayramov, Yaroslav Trifonov, Yuri Omelçenko və b. çəkilib.
Əsərin süjet xəttinin mərkəzində 4 ay cəbhədəki oğlunundan məktub almayan ananın narahatçılığı, iztirabları durur. Həyətlərinə gələn poçtalyon hamıya məktub gətirir, lakin ananı sevindirə bilmir. intizardan sarsılan ana hirsini poçtalyona tökür. «Məktub olmasa, bir də sən bu həyətə gəlmə!» - deyə ona acıqlanır. Poçtalyon ananın dərdini duyur, ona haqq qazandırır, heç bir söz demədən gedir və həyətə gəlmir. Bir müddət sonra ana peşman olur. Poçtalyonun bu həyətə gəlməməsi onu kədərləndirir…
S.Rüstəmin 1941 - 1945-ci illərin əhvali-ruhiyyəsini əks etdirən əsərləri içində "Ana və poçtalyon” ən maraqlı yaradıcılıq nümunəsidi.
Müharibədən bəhs edən əsərlərdə, filmlərdə daha çox kişilər hekayələrin mərkəzindədi. Amma həyatı, fədakarlıqları örnək olan qadınlarımız da az olmayıb. Analarımız da oğullarını cəbhəyə yola salaraq vüqarla, mərdliklə o ağır günlərə sinə gəriblər.
"Ana və poçtalyon" qısametrajlı filmdə ana rolunun ifaçısı müxtəlif xarakterli obrazlar yaradan sevilən aktrisamız Həmidə xanım Ömərovadır. Yaşından -başından asılı olmayaraq ana adı çəkilən kimi hər kəsin ürəyindən xəfif bir həsrət keçir. Ananın qəlb çırpıntılarını izlədim. Aktrisa öz gözəl gözlərinin dərinliklərində bu illər ərzində keçirdiyikədərinin arxasından sezilən xəfif sevinc işartısıyla fədakar ananın daxili həyəcanını, iztirabını, bir zamanlarsa xoşbəxt ömrünü canlı əks etdirib.
Poçtalyon rolunun ifaçısı Məbud Məhərrəmovun yaratdığı obraz da çox təsirli və yaddaqalandı. Döyüş səhnələri öz təbiiliyi ilə tamaşaçının diqqətini cəlb edir, xronoloji çəkilişləri xatırladır. Bu rejissorun yüksək bacarığından, öz işinə sevgiylə, məsuliyyətlə yanaşmasından irəli gəlir.
Filmdə Xalq artistləri Gülyanaq Məmmədova və Ənvər Sadıqov, eyni zamanda diktorlar Sevda Ağazadə və Kəmalə Əzizqızı da çəkilib.
Müharibə dəhşətlərilə indi bizə daha yaxşı tanışdı. Biz qələbə sevincini yaşadan ata - babalarımızın cəsarətini, qorxmazlığını və qəhrəmanlığını hər gün xatırlamalıyıq. Düşünürəm ki, Qələbədən sonra dünyaya gələn nəsil Qələbə uşaqlarıdı. Biz müharibədə qalib gələnlərin övladlarıyıq.Bu əvəzsiz duyğudur.
İndi elə bir ailə yoxdur ki, orada şəhidimiz olmasın. Elə bir gün olmur ki, Qarabağımız, işğal olunmuş torpaqlarımız - müharıbə xatırlanmasın. İndi uşaqlarımıza Ağdamdan, Şuşadan, Fizulidən, Laçından, Kəlbəcərdən - bütöv Qarabağdan danışırıq...
İndi bizim mayımız yaralıdı...Şuşa və Laçın yaramız var. Əsir yurd yerlərimiz var. İndi bizə ən çox Qələbə sevinci lazımdır.
Bizə qələbə övladları lazımdır.
Bir gün övladlarımıza qələbədən danışaq...
Yeganə İskəndərova
qadinkimi.com