Həbsxanada üç saat iyirmi yeddi dəqiqə
İyulun 6-sı 33 yaşında infarktdan ölən yazıçı İkinci Mahmudun kitabı haqda 2018-ci ildə yazılan bu esseni təkrar yayımlayırıq
86 gündür həbsdəyəm. Kameramızda oxuyub-yazmağı bilməyən üç nəfər var. Təsəvvür edirsiz, doqquz nəfərik, bu doqquz nəfərdən üçü hərfləri tanımır, digərləri də elə yalnız hərf tanıyır. Bir daha əmin olursan ki, təhsil insanı cinayətdən daha uzağa – göylə əlləşməyə, daha irəli baxmağa, təhsilsizlik isə daha yaxına – keçmişin pis üzü ilə tanışlığa sövq edir. Sən bu keçmişlə yaşamalısan, keçmiş səhvin və ya cinayətin peşmanlığı içində qıvrılıb yerində sayırsan. Təhsilsizlik qurtuluş yolu axtarmağa imkan vermir. Özünü müdafiə etməyi bacarmırsan. Oturub günlərini sayır, keçmişinlə yaşayırsan.
Bu barədə çox yazmaq istəmirəm. Çünki mövzum başqadı.
Mövzum - İkinci Mahmudun "Tualet kağızı” kitabıdı. Kitab çox doğma gəldi, öz fikirlərimi oxuyurdum sanki. Bircə əlavəm var: Yaxşı ki, həbsxanalarda oğru qaydaları az da olsa işləyir, yoxsa, ədaləti məhbuslar arasında tənzimləmək indiki quruluş üçün çox çətin olardı. Yeri gəlmişkən, oxumağı bilməyənlərə hərfləri öyrətmək, ingiliscə mütaliə etmək də gündəlik planlarıma daxildir. Paralel olaraq həftəyə bir kitab oxumağı da zamanı boşa verməmək üçün məsuliyyətimə daxil etmişəm. Sağ olsun xatunum, məni kitabsız qoymur.
Artıq nəzarətçilər də gecələr vaxtlarını kitab oxumaqla keçirirlər. Onlarla da kitablarımı paylaşıram, dustaqlarla da. Bu günlərdə oxuduğum kitablar arasında ən çox bəyəndiyim Ceyms Coysun "Dublinlilər” hekayələr toplusu olsa da, İkinci Mahmudun üç essesi mənə daha doğma gəldi. Qərara aldım ki, bu esselərə öz münasibətimi bildirim. Əvvəlcə bir məqamı qeyd eləyim: kitabı Mahmudun dediyi kimi, 2 saat 36 dəqiqəyə yox, 3 saat 27 dəqiqəyə oxudum.
Təəssüf ki, kitab keyfiyyətsiz şəkildə çap olunduğundan, tez sökülür, oxuyub bitirdikdən sonra onun səhifələrindən tualet kağızı kimi istifadə etmək də olar. "Bu, yaxşı haldırmı” soruşsaz, "yox” deyərəm və nəşriyyatlarımızı poliqrafik baxımdan daha yüksək keyfiyyətdə kitablar nəşr etməyə səsləyərəm.
Mövzuya qayıdım. Bu esselər informativ, intellektual axtarışda olanlar üçün beyin gimnastikası rolunu oynaya bilər. Amma mən ilk olaraq Mahmudun "27 maya qədər hətta Rəsulzadə özü belə istiqlaliyyət barədə düşünməyə cürət eləməmişdi” fikrinə münasibət bildirmək istəyirəm.
Əzizim, Rəsulzadə hələ gənc ikən 1905-07-ci illərdə ümumrusiya inqilabında, 1907-11-ci illərdə Güney Azərbaycanda Səttarxan hərəkatında, 1911-1912-ci illər Osmanlıdakı Gənc türklər inqilabında iştirak etmişdi. O, inqilabçılıqla nə əldə etmək mümkün olduğunu dərk edən praqmatik siyasətçi idi. Və radikalların, avantüristlərin, məsuliyyətsizlərin düşüncələri onu qorxudurdu...
Azərbaycan Xalq Cümhuriyyəti Tbilisidə elan edildi. Müstəqillik bəyannaməsini başqa ölkədə elan etməyə məcbur qalan bir dövlətin durumu bilirsiz necə idi? Bakısı, Şamaxısı, Qarabağı, İrəvanı, Lənkaranı, Qubası yadelli silahlıların nəzarətində idi. Özü də həmin dəstələr ermənilərdən tapşırıq alır, düşmən maraqlarına xidmət edirdilər. Cümhuriyyəti elan edən Azərbaycan ziyalıları, ictimai xadimlər Gəncəyə gəldilər. Orada paytaxt yaratmaq, dövlət ənənəsi qurmaq təşəbbüsü alınmadı. Gəncəni silahlı ermənilərdən qoruyan mərd kişilər ümumdövlət şüuruna yox, məhəlli şüura malik idilər. Demokratik dəyərlərdən danışan intellektualları onlar özlərinə rəhbər qəbul etmirdilər. Osmanlı ordusu da yardıma gələndə ilk iş Gəncədə dövlətləşmə prosesini tamamlamaq oldu. Bəs Osmanlı hərbiçiləri gəlməsə idi, Cümhuriyyət harada və necə qurulacaqdı? Azərbaycan əraziləri necə azad ediləcəkdi?
Rəsulzadə dəqiq bilirdi ki, Osmanlı sonadək Azərbaycana yardım edə bilməyəcək. Birincisi, I Dünya Müharibəsini uduzmuşdu və təbii ki, yeni dünya düzəni ilə bağlı qərarverici tərəf deyildi. İkincisi, Gənc türklər hərəkatında iştirak etmiş şəxs kimi Osmanlıda yeni dəyərlərlə yenidənqurma prosesinin başlayacağını anlayırdı. Əbəs yerə deyil ki, Osmanlı ilə cümhuriyyətçilərimiz arasında ciddi fikir ayrılıqları yaranmışdı. Bunu yenilikçilərlə ənənəvilik tərəfdarları arasında fərq kimi xarakterizə etsək, yanılmarıq.
Bu arada şimalda daha ciddi təhlükə hələ də qalmaqda idi. Təkcə Denikinin ordusu Azərbaycanı bir həftəyə işğal edəcək gücdə idi. Rəsulzadə Qafqaz Evi təklifini də bu səbəbdən etmişdi. Qafqazdakı üç zəif dövlət, müstəmləkəçilik ənənələri olan istənilən imperiya üçün hazır yemdi. Ermənilər və gürcülər Qafqaz evi ideyası ilə ona görə razılaşmadılar ki, çox keçmədən bütün sahələr üzrə idarəçiliyin azərbaycanlıların əlində olacağını bilirdilər...
Təbii ki, bu xatırlatmalarım tək yazarımız Mahmuda ünvanlanmayıb, həm də "Rəsulzadə İrəvanı niyə ermənilərə verdi?” deyənlərə aiddir. Bəli, Rəsulzadə Azərbaycanı ermənilərdən aldı, Bakını azad edib, paytaxta çevirdi və yoxdan bir cümhuriyyət qurdu. İrəvanı və Qarabağı ermənilərdən təmizləmək üçün 1920-ci ili gözləmək, ordu qurmaq, dövləti formalaşdırmaq lazım idi. Düzdür, dəqiq xatırladız, Sovet ordusu şimaldan Azərbaycanımıza hücuma keçəndə bizim yeni formalaşmaqda olan ordumuz Qarabağda erməni separatçılarını zərərsizləşdirirdi. Savaş içində idi.
Mahmud bəy haqlı olaraq qeyd eləyir ki, islam dininin hakim olduğu yerdə sərvət daha çoxdur, amma həmin xalqlar xoşbəxt deyillər. Ancaq "sərvətsiz Avropada xoşbəxtlik var” deyib, "xammal bəla gətirir” fikrini aktuallaşdırsa da, səbəbini izah etmir. Bunun cavabını neorealistlər iyirminci əsrin 50-ci illərində veriblər. Xammala görə ən zəngin qitə Afrikadır, ən kasıbı Avropa. Xoşbəxtlik ikincidədir. Afrikaya bədbəxtliyi xammal gətirməyib. Xammal hesabına "xoşbəxtlər ölkəsi" də yaratmaq olar – Avstraliya, Norveç, CAR … kimi. İmperialistlər Afrika və Cənubi Amerika kimi, Avstraliyanı da dişlərinə vurublar. Makiavellinin "İnsan insanın qurdudur, yalnız ədalətli idarəçilik insanı sivilləşdirə və xoşbəxt edə bilər” fikri təsdiqini tapır. Bəli, insanlar arasında ədalətli bölgü olsa, bərabərlik yaranar və xöşbəxtlik bərqərar olar. İnsan ədalətsizlik nəticəsində başqasının daha yaxşı yaşadığını görürsə, yırtıcılaşır və bu hal kütləviləşincə düzən pozulur.- Afrikadakı kimi. Bəzən deyirlər ki, Liviyada insanlar yaxşı yaşayırdı və s. Ola bilər, ölkədə qiymətlər ucuz idi və ya yaşam üçün minimal səbət təmin olunurdu. Amma ümumi gəlirdən daha çox tiran Qəddafi və benqazili xanımı pay götürürdü. Başqa tayfalar da buna etiraz etdilər, "ədalət olsa, daha çox şeyə sahib olarıq” düşündülər... Üsyana da bu səbəbdən qoşuldular.
Bu arada, Mahmud, yaponlar barədə düz təsbitdədir. Zəkası və müşahidələri də sayğı doğurur. Əminəm ki, təcrübəsini yalnız oxumaqla yox, görməklə də tamamlasa, oxucuya daha geniş üfüqlərdən xəbər verəcək. Öz balalarının başını yeyən inqilablardan diksinən andan bəri inanıram ki, inkişaf təfəkkür intibahından asılıdır.
Dünyavi dəyərlərimizi yaradan və yaşadan maarifçilərimiz olub. Bu gün də yazarlarımız proseslərin episentrində nə qədər çox olsalar, o qədər bəşəri inkişafa çatacağıq, o qədər çağdaş mühit yaranacaq, bir o qədər inkişafa meyllənəcəyik.
Mahmud, Şah İsmayıl Xətai həyatının son illərində qələmə daha möhkəm sarıldı. Daha çox şeir yazdı. Çünki qardaşına məğlub olmuşdu. Qisas almaq... Kimdən? Dindaşından? Dildaşından?
Məni Xətai barədə araşdırmağa da elə bu məqam sövq etdi. O, qılıncı yerə qoyub, sözə (oxuyun: düşüncəyə) güvəndi. Şah "düşüncəni qılıncın verdiyi güc neytrallaşdırır" qənaətinə gəldi. Əgər söz daha aktual olsa idi, nə peyğəmbər davamçıları bir-birinin qolunu kəsərdi, nə də Çaldıranda bu pis ənənə davam edərdi.
Sonda: Çağdaş yazarlardan kitablarını mənə göndərmələrini xahiş edirəm. Yazdıqlarınız hər zaman ruhumu oxşayıb. Sadəcə, zaman tapıb, fikir bildirə bilməmişəm. İndi bunu sevə-sevə edərəm.
Sevgilərlə,
Ramin Hacılı
Azərbaycan Avropa Hərəkatının prezidenti
19 Sentyabr 2018, 12:25
Bakı İstintaq Təcridxanası
qadinkimi.com