FӘRANӘK FӘRİD İPƏK
1961-ci ildә Tәbrizdə dünyaya göz açıb. İbtidai vә orta mәktәbi Təbrizdə bitirib. Ali tәhsilini iki ixtisas üzrә – laboratoriya elmlәri vә ingilis dili dilmanclığı bölmәsindә başa çatdırıb. 1985-ci ildәn etibarən ictimai-mәdәni vә qadın hüquqları sahələrində aktiv fәaliyyәtә qoşulub. Әdәbiyyatda şeir, nәsr, tәrcümә vә tәnqid sahələrində əsərləri ilə öz parlaq səhifəsini yazıb. 1998-ci ildә tәşkil olunan Birinci Şimali-Qәrb Jurnallar Festivalında "Ana” adlı şeiri ilә birinci yeri tutub. 2004-cü ildәn dərc olunmağa başlayan "Dilmanc” jurnalında qadınlarla bağlı özәl sayların baş redaktoru vəzifəsində işlәyib.
2011-ci ilin sentiyabrında Urmu gölünün qurudulması, nadir bir təbiət möcüzəsinin məhv olmasına qarşı tәşkil olunan nümayişdә iştiraka görə 42 gün zindanda qalıb. Daha sonra 100 milyon tümən kəfil ödəyәrәk azadlığa buraxılıb. İnqilab məhkəməsində nizama qarşı әks tәbliğat aparmaq ittihamı ilə mәhkum edilib. Üç ay bir gün həbs, bir milyon tümən nəqd pul cəriməsi kәsilib…
Bu günədək qələmə aldığı əsərlərdən oluşan "Yuxuda ayıl¬maq” vә "Cızıq” adlı iki şeir toplusu çap edilib.
Xatın
Yasdığımda boğuluram
Və içdiyim bir içim suda.
Göz ilə işıq, bir araya gəlmədi,
Bu çənli şəhərimin qalasında.
Oxşayıram, Babək qalasının xatınına oxşayıram.
Sən gələn gün qırmızı donumu geyəcəyəm
Və uzun-uzun saçlarım,
Ayağıvın altına sərəcəyəm.
Qaralığından qorxma,
Sən gələnədək ağaracaqlar.
Üzüvə heç toz qondurma!
Bütün körpələri əmizdirmişəm
Şərab küplərin yerə quylamışam
Söz salxımların ürəyimdən aslamışam
Ağlasam da, gizlicə ağlamışam.
Baxsan görərsən, yenidən gəlin olub
Qalanın qıvrım pillələrindən
Yenərək səmaya boylanıram,
Qollarımı elə boynuva sala bilərəm ki!..
Sevinc
Gәlәcәksәn gәlişinlә gülüş ol qaş-qabağımda,
Baxacaqsan baxışınla, yaş axıt göz bulağımda.
Bir ömür hәsrәti çәkdim buna dәysin görüşün dә
Öpәcәksәn elә öp ki, yeri qalsın yanağımda!
Deyәcәksәn elә söz de, yazıla baş varağımda,
Dayaq olsun, haça ol sәn, dolu barlı budağımda.
Elә çal saz ki, çaxır tәk calanım mәn çanağımda,
İçmәdәn sәrxoş olum mu, әlәnә söz dodağımda.
Dindirirsәn elә dindir, dadı qalsın damağımda,
Öldürürsәn elә öldür, axa ulduz sorağımda.
Nur olursan elә parla, işıq ol yol çırağımda,
Yanacaqsan elә yan ki, közü qalsın qucağımda.
Mәn dә sәndәn od alım kaş, yanım öylә kül olum kaş,
Sal qorun küllü bu canә, alov olsun qalağımda.
Gedәcәksәn elә get, qoy sözün olsun hәyatımda,
Sәsi cingildәsin ömrüm nә qәdәr var, qulağımda.
Görmәyәndә sәni hәr an, baxışın da gülüşün dә
Tikilә göz qabağında, yaşayam xoş bayağımda.
İpәyim sәndә toxunsun, sevgiyә eşqә bürünsün,
Sözüm eşqinlә geyinsin, yaşayım söz sayağımda…
Röyalar
Tapılmamış tapdalandı
Ya itdi tapılmadı?
Səni itən röyalar,
Bu lələsiz yurdumuzda.
Nə qoyub nə axtarırsan
Lələ-var-yurd-yoxumuzda?!
Dolan-ba-dolan küçələrinə
Doluşmadıq ki,
Divarlarına düşən kölgəmiz
Ölçülüb
Boy atdığımıza görə
Əynimizə
Bir don tikilsin!
Saatının əli qolundan uzun qaldı
Biz onun qollarından asılı
Bu şəhərin meydanında.
Qarğışlar yığvası oldu
Qaranquşlar yuvası!
Durnaları qayıdanda
Bizim çiyinlərimiz dal-budağını çökmüşdü
Röyalar ətrini belə uçmuşdu.
Açıq qucağında, sıxmadı ki dağı bizi;
Hansı dağından tufağımız dağıldı bəs?
Qaragiləsinin gözündə yatdı bu şəhər,
Oyaqlar, iç-içə otaqlarda itdi bu səfər,
Röyalar gözlərdən silindi bir təhər.
Gələnlər, özlərini boş gəldilər
Gedənlər, gözləri dolub getdilər
Get ay çıxandan sonra gəl!
Röya çağının tam
Arxayınlığında.
Qara qışın ilbəil qalınlığı
Əynimin qatı paltarlarında,
Röyalar sinəmin lap alt qatında!
Belə susmaq
Belə susmaq
Özüvü
Gözlədiyin birisinin olmadığı yerə yetirməkdir;
Sözü yox,
dodaqlarıvı itirməkdir!
Dənizin gözüvə dolması
Sevişmək saxıncası
Öpüşlərin sancısıdır
Belə susmaq!
Kefsizlikdə keflənmək
Səssizlikdə
Öz cınqırından daşlanmaq
Özüvün nə qədər özgə olduğunu doğru sanmaq;
Başıvı bir batman suyun altında saxlamaqdır
Belə susmaq!
Gözlərivin sırayla ağlaması;
Bir qanadın bugün açılması
O birini sabah açmaqdır
Dar ağacında yuva salmaqdır
Belə susmaq!
Belə susmaq
Tarixin içindən gələn ağzı-açıq quyu
Canlarda kök salan dirəniş
Gözlüklərdən oyanış
İki əlli dilənçilik,
qulaqdan dilənməkdir, belə susmaq!
Sən sınsan
Ya sən sınsan
Dünyanın yuxulu qabları
Bir daha gərək gərnəşə;
Sənin tikələrin
Yenidən
Onlara yerləşə...
Bax!
Aynanın sınıqlarında
Parçalanmış təkrara
Təzələnmiş adamlara!
Sınmaq da sınamalı imiş
Barmaqlarım kəsilsə belə;
Bütün yaralar bitişdi bəlkə
Öpüşlərinlə!
Sulaşır, ayna
Ayınlaşır, su
Sən isə aydınlaşırsan
Üçüzdə
Mən işıqlığa çıxıram!
Gəlin aparırlar
Ev-eşik adına
Aparıldım
Eşiksiz evə, keşik!
Gözəlləşdikcə gözlərim sulanır
Qamaşır gözlərim, qaşlarım alınanda
Ürəyimin bəndi qirilir
Üzümə bənd salınanda
Boyunbağı alınır, mən alınanda!
Kəfəndən deyilir
Gəlinliyimi geyəndə,
Boğazım goynəyir
Barmaq dolu bal yeyəndə!
Üzümdə qızarır
Qızlığın qırmızı almacığı
Başıma ələnir
Qəndin qondarma şirinliyi.
Barmağıma həlqə taxılır
Qoluma dəstbənd
– keçmişdən anılan "qolbağı” –
Yollandırırlar:
Əli xınalı
Beli bağlı.
Bir – iynə, bir – iynə
Tikildim təxtə
"Bəxt” deyə-deyə;
Aparıldım o gecə
Ev-eşiyimə.
Uşaqlanıram, analanıram, yaşlanıram
Ötən illərin xəzəllərin
Silib-süpürməyə qədər
Saçlarımla uzanıram
Dəlicəsinə sürdüyüm hayatın
Dönümlərində –
Buruqlarında
Oynamağa qədər
Uşaqlanıram
Qızlanıram;
Qızmarlanıram.
Səni andıqda
Qucağıma almağa qədər
Analanıram.
Bütün qıfılbənd darqınlıqlardan
Səni aradan götürüb
Qaçmağa qədər
Qoçaqlanıram.
Gecikirəm, zaman tələsdirsə də,
Gecikdirirəm,
Alacağım nəfəsi də;
İnamsızcasına,
Yaşlanıram.
Yerə qoyanda sevgilim səni!
Yumaqlanıb
Çiynindən qalıram!
Sis arxasında
Şüşələrin damarları da
Yağışı əmir –
Somurur içinə.
Sən isə
Sis arxasında daha da gözəlləşirsən...
Şırıq-şırıq uzun saçların
Şırım-şırım yağışlarla axışır.
Kök atır ayaq barmaqların,
Yumuşanmış torpaqda
Somurur damarların,
Yerin şirəsin.
Gözlənəndə daha gözəlləşən qadın!
Qurban əti
Boşluğumla bağırsam boşluqları;
Doluluğumla çağırsam mənsizliyi
Necə olar?!
Ölçü doldurmaqdan bezmişəm
İncəlik belçələrilə
Pay verməkdən, bölünməkdən
Pay-bölüş olmaqdan
Qurban əti kimi.
Sonunda
Büzülü dodaqlardan!
Qanımı soran kim
Döşümü əmən kim
Ətəyimdən yapışan,
Əl-ayağıma dolaşan kim.
Nə qədər yorğunam
Durduğum yerdə!
Aman!
Tüpürcəyimdə də yaşayan olur, aman!
İnanırsan inan; inanmırsan inanma heç!
And içməkdən
Sinə yırtmaqdan
Döyünməkdən, çırpınmaqdan
Çiyrimişəm.
Güzgü gözlərdə görünməkdən
Gizli-gizli gözlənməkdən
Paklıq torbalarında gizlənməkdən
Aslaqlıqdan usanmışam.
Boşluğumla çığırıram boşluqları
Doluluğumla çağırıram mənsizliyi...
Etisab
Mən pişirməyən naharın yamsılama iyləri
Restoranlardan gəlir.
Hə!
İşimdən əl çəkmişəm bugün.
Bir çimdik məhəbbət
Bir tikə gülüş
Bir kəlmə "sağol”
Artacaqmı aylığıma, görən?
Adət çörəyinə bəllələnmiş yeməklərim
Tələsiklikdə bələ-böürt olan xörəklərim
Buz dodaqlarla içilən isti aşım
Ah! Alın tərimi axıdan ocağım, atəşim
Yağlovça iy verən əyin-başım!
İşimdən əl çəkmişəm bugün.
Görən, mənə arxa duracaqmı qablar-qacaqlar
Yuyulmamış qaşıqlar, bulaşıq boşqablar
Alışmayan odlar, ocaqlar?
Nə əlim yanacaq bugün
Nə də barmağım doğranacaq.
Ənglər dayanacaq ətimi çeynəməkdən.
Hə! Bugün nə yanmaq var, nə yanılmaq
Nə də dəyərsiz sayılan işlərlə yorulmaq!
İşimdən əl çəkmişəm bugün.
Görən, qəzetlərde heç yazılacaqmı?
Ya xəbərlərdə deyiləcəkmi?!
Görən, dünya özünü o yola qoyacaqmı heç?!
Heç olmasa, daldada bir çəkinib utanacaqmı?
Tut
Tıpba-tıp
Tıpba-tıp
Tıpba-tıp
Tut du ki tökülür
Hər tərəfdən saxlanılan
Çarşab üstünə
Göyün payı göydə qalır
Yerinki yerə enir.
Uşaqlar şənlənir;
Bütün ovuclar doluşur
Dodaqlar şirələnir.
Bu qədər sadə deyilmi
Pay-bölüş?!
Dünyanın duzaqla qurulmuş:
"Sən-yemə, mən-yeyim”
dava-dalaş dağarcığı!
Çərdək
Bugündə lijlənən dünənlər
Talein qeydinə qalan sabahlar
Qismətdə qısılan dəyqələr
Birbirlərinə oxşayan axşamlar
Axşamlar... axşamlar... axşamlar...
Günəşin dərisinə saman təpilir, axşamlar!
Ucqar dam-daşlardan uzanan
Qısıq əllər
Damarlarına əriyən adamlar;
Təxtsiz bəxtə söykənən,
İnamlar!
İnanın!
Bugünün çərdəyin tüpürməyəcəyəm;
Ağzımda cücərsin bəlkə...
Tozlaşan su
Səni məni dilləndirən dəniz!
Çırpınan dalğaların
Gah silkələyir
Gah daşırdır, gah sındırır,
Sahilə düzdüyüm söz çanaqların.
Qıyıda
Qumlara dağılan balıqqulaqları tək,
Həm söz olur, həm qulaq,
Həm su olur, həm ocaq!
Qorlar daşlanır
Tonqallar yanır, alovlar ilqımlayır
Çaqqışmalarından.
Səni çırpınan,
Çağlayan,
Damlalaşan,
Narınlaşan,
Tozlaşan,
Sovrulan su!
Söndürmədən qorlarıma qovuşan
Toxuna-toxunmaya belə!
Od ilə suyun çarpazlığı
Sarmaşıqlanan sevgi görkəmi.
Bilmirəm
Bilmirəm üzü üstə asfaltlara quylanan bu şəhərin
Harasından – yoxsa yarasından – Ərk Qalasından
Bu qədər torpaq sovrulur başımıza?!
Ölülərin bizim hayımıza qalan harayıdı bu,
Ya bizim gələcək can hayımız?
Dişlərimizin arasında xırçıldayan
Torpaq payımız!
Harda qaldı bəs bizim su payımız?!
Yoxsa, başımızdan aşdı
Ağzımızı zığladı?
Şəhərlə birlikdə, bizi də quyladı!
Pərdələr
Pərdələr asılı
Pərdələr çəkik
Mən səni görmürəm
Sən onu –
– o da dünyanı!
Tumarlamır saçlarımı Günəş,
Daramır külək;
Pərdələr qapqara,
Pərdələr rəngbərəng.
Dərədən dağa bəlkə bir yol,
Zildən bəmə pərdələr;
Aşağıdan yuxarıya pillələr.
Biz ilə sənin aranda ancaq
Bir addım zülmət
Bir pərdə həsrət.
Yaz tanıdı bəlkə bizi
"Örtdüyün şal harda qaldı, harda saldın?”
Deyinərdi ana bizə.
Gahdan müəllim səni, məni, başqaları danlayardı:
"Kitabın, dəftərin hanı?”
"İtirmişik; unutmuşuq; evdə qalıb,” deyən zaman
"Yaxşıdır ki, özünüzü itirmədiz,” söyləyərdi;
Biz sözünə gülümsərdik.
Ama indi! Ama indi,
Soruşan yox harda itdik, harda batdıq biz özümüz
Yerdə qaldıq, göydə qaldıq biz özümüz?!
Kitabların varağında, küçələrin qırağında,
Orda qaldıq, burda qaldıq biz özümüz?!
Anamızın qucağında, ya siniflər bucağında,
Darda qaldıq, harda qaldıq biz özümüz?
Nə yaşdaydıq itən zaman?
Uşaqlıqlar ötən zaman.
Nə başdaydıq, nə gözdəydik, nə boydaydıq?
Bəlkə itdik röyalarda?
Ya "gərək”lər bürgələdi hamımızı örtüyünə,
Tanış belə gəlmədik biz güzgülərin gözlüyünə
Bəlkə bizim şaqqıltılı gülüşümüz yer salıbdı klasların
divarında
Bəlkə bizi divar tanır, ama ayna anımsamır.
Bəlkə bizi küçə tanır, öz evimiz tanımırı.
Bəlkə bizi paltar tanır, öz dərimiz tanımırı.
Söz-söhbətdə bəlkə itdik, yaddan çıxdıq
Tanımadı dost da bizi.
Qış əridi illər sonra, Yaz tanıdı bəlkə bizi.
Züydüyümüz buzlar altda, Toz tanıdı bəlkə bizi.
Cızdığımız küçələrdə, iz tanıdı bəlkə bizi.
Yazdığımız varaqlarda, Söz tanıdı bəlkə bizi.
Getdiyimiz yollar elə düz tanıdı bəlkə bizi.
Yaz tanıdı bəlkə bizi.
Müəllif: dok. Esmira Fuad
Xüsusi olaraq qadinkimi.com üçün
Qadinkimi.com