BİLİM / DİN
Yaz depressiyasının əlamətləri Tarix : 07 Aprel 2021, 22:37
"İnsan bədənindəki bioritimlərin və hormonal balansın kəskin dəyişməsi insanlarda depressiv hallar yaradır. Xüsusən aprel ayının başlaması ilə əksər insanlar yaz depressiyası yaşayır".
Bu fikirləri psixoloq Fərqanə Mehmanqızı insanların depressiv halları barədə danışarkən bildirib. Psixoloqun sözlərinə görə, qışın bitməsi ilə insanın yuxu rejminin dəyişməsi və digər amillər onun əhvalına təsir edir: "Ümumiyyətlə, depressiyaların bir neçə növü var. Bunlara xroniki, atipik, melanxolik, fəsil, distim, doğuşdan sonrakı depressiya və s. aid etmək olar.
 
Bunların hər birinin öz xarakteristikası var. Qeyd edək ki, hamı depressiyanı eyni cür yaşamır. Mövsümlə əlaqədar indi daha çox yaz depressiyası hallarına rast gəlirik. Bütün depressiv halların həm də ümumi əlamətləri var. Misal üçün, əgər yuxusuzluq, halsızlıq, sabaha ümidsizlik, özünə qapanma, sevdiyin işdən əlini üzmə, səhər yorğun durmaq, günboyu keçməyən yorğunluq hissi, iştah pozğunluğu, həddən artıq iştahlı olma kimi hallar yaşanırsa, bu, depressiyadan xəbər verir. Lakin elə insanlar da var ki, baxırsan çox şəndi, ancaq öz içində depressiya yaşayır. Ümumiyyətlə, insanlar ağır depressiya keçirəndə evə qapanırlar, digər insanlarla təmasdan qaçır, bütün gün yataqda uzanıb, hərəkətsiz qalmaq istəyirlər. Bəzən ilkin mərhələlərdə belə şəxslər özünü qalxmağa məcbur edir, cəhd edirlər, ancaq sonradan bu gücü özlərində tapmırlar. Artıq gərək mütəxəssis məsləhətindən, yaxud antidepresanlardan istifadə ets.inlər.
Belə xoşagəlməz halların sona çatması insanın halından asılı olaraq dəyişə bilir. Adətən depressiyadan çıxma iki həftə davam edir, bu hal iki həftədən çox uzanarsa, burada təşviş siqnalları ortaya çıxır. Çünki bu, insanların həyatına ciddi şəkildə mane olmağa başlayır. Bəzən keçib gedər düşüncəsilə bu hal uzun müddət davam edə bilir. İş o yerə çatır ki, insanlar hətta intihar edə bilərlər. Onu da qeyd edək ki, uzun müddət davam edən depressiyalarda insanlarda diqqət cəmləmədə problem yaranır, enerji azlığı, zövqlərinin olmaması, "mən nə üçün yaşayıram?" və bu tipli həyatı sorğulama sualları və hər şeyin mənasız gəlməsi halları yaşanır. Yaz depressiyası da bu əlamətlərlə özünü göstərir. Ən əsas səbəb isə insanın günəş enerjisinə, təbiətə ehtiyac duymasıdır. Çünki insan təbiətlə vəhdət təşkil edir, təbiətlə öz enerji balansını qoruya bilir, təbiətin qoynunda, torpağa toxunarkən tamamilə özünü yeniləyə, təkmilləşdirə bilir. Loru dildə desək, öz enerji deposunu doldura bilir.
Psixoloq bildirib ki, depressiv hallar uşaqlarda və yeniyetmələrdə də ola bilər. Çox vaxt insanlar düşünür ki, bu yaş qrupunda nə depressiya olacaq? Ancaq bu, olur: "Qeyd edim ki, əhval-ruhiyyənin tez-tez pozulması uşaq və yeniyetmələrdə də özünü göstərə bilir. Əsasən ailədaxili münaqişələr, kobud rəftarlar, aqressiya və digər hallar depressiyanın yaranmasına səbəb ola bilir. Uşaqlarda vaxtında aşkar edilməyən depressiya halları daha ağır nəticələrə gətirib çıxara bilir. Adətən valideynlər elə hesab edir ki, bu, yeniyetməlik kaprizidir.
Bəzən sual edirlər ki, belə hallardan özümüz necə çıxa bilərik? Əlbəttə, ilk olaraq özümüzdə bu halı hiss etdiyimiz andan vəziyyətdən çıxış axtarmağımız labüddür. Ancaq bəzən görürük insan depressiv halın o dərəcədə dibinə çatır ki, özü də depressiyada olmağını hiss etmir və bunu qəbul etmir. Bir psixoloq kimi deyə bilərəm ki, ilk olaraq mühiti dəyişmək lazımdır. Harasa gəzməyə, xüsusən təbiət qoynuna getmək, dostlarla birlikdə sevdiyin işi görmək müsbət təsir edir. Bilirik ki, kəndlə şəhər həyatının ritmi eyni deyil. Şəhərdə həyat daha sürətlə gedir və yorucu olduğu üçün insanların psixologiyasına daha mənfi təsir edir. Kənddə isə təbiət insanı sakitləşdirir. Ancaq qeyd edim ki, ən pis ağırlaşmış hallarda isə bu üsul effektiv deyil. Çünki insanda depressiv hal artıq xroniki hala keçid edir. Ağırlaşmış depressiya qətl hadisələrinə, ailədaxili aqressiya və intiharlara gətirib çıxarır.
Bu gün intiharlar hədsiz çıxalıb, artıq yaş fərqi demədən kütləvi hal alıb. Əminliklə deyə bilərəm ki, bu, vaxtında tədbir görülməyən, ciddiyə alınmayan depressiya nəticəsidir. İntiharların çox yayıldığı vaxtda çıxış yollarından biri bizim cəmiyyət olaraq özümüzü başqasının yerinə qoyma duyğumuzun (empati) inkişafından asılıdır. Bu gün insanlar mənəvi karlaşıb, korlaşıblar sanki, qarşılarındakının nə istədiyi heç kimi maraqlandırmır. Heç kim dinləmədiyi üçün insanların danışmaq ehtiyacı ödənmir. İnsanlara nəzər salın, çoxunun üzündə qəzəb var. Təbii ki, karantin də buna təsir edən amillərdəndir.
Bütöv bir toplum - həm fərdi, həm də kollektiv olaraq karantindən əziyyət çəkdi. İstər maddi-mənəvi, istərsə də psixoloji problemlər artdı. Üstəlik, evə qapanma halı ilə üzləşdik. Psixoloji olaraq insan üçün ən böyük cəza həbs olunma, azadlıqdan məhrum olunmadır. Koronavirus səbəbindən bu gün bütöv dünya olaraq biz günahkar olmadığımız təqdirdə sanki cəzalanmışıq və ev həbsi almışıq. Bilmirik ki, bu, yenidən qayıda bilər,yaxud yox. Psixoloji olaraq karantini, evə qapanmanı şüurumuz bir növ həbs kimi yanımsadır və cəza kimi qəbul edir. Buradan yaranan suallar isə insanda aqressiyaya və psixoloji problemlərə səbəb olur. Əvvəldən psixoloji travması olan insanlar və təbiətən həssas olanlar məsələni daha böyük və qlobal şəkildə qəbul edirlər və nəticəsi də intihar olur. Ən sakit insan belə, yumşaq halda desək, stressə düşür, gərginlik keçirir. Onlar intihar etməsələr də, o demək deyil ki, nə zamansa intihar etməyəcəklər. Bu gün hamımız sosial, iqtisadi, maddi-mənəvi və psixoloji cəhətlərdən bir növ həbs olunmuş kimiyik. Elə hesab edirəm ki, bu, Üçüncü Dünya savaşıdır, insanlar virusla savaşır. Biz də çalışmalıyıq ki, bu vəziyyətdən minimum ziyanla çıxa bilək.