Qadinkimi.com yazıçı Kamran Nəzirlinin "Yatan gül və yaxud Jozefinanın bənövşəsi" hekayəsini təqdim edir:
Onlar birdən-birə yadlaşdılar, susdular, danışmadılar. Görünür, o gülsatan oğlandan oldu. O sözü (hansı sözü?) deməsəydi... Bəlkə elə qırmızı işıqdan oldu? Yanmasaydı... Əri maşını saxlamasaydı... Oğlan pəncərəyə cummasaydı...Yox...bəs nədən? Nədən onlar qəflətən bir-birlərindən belə asanca uzaqlaşdılar? Bəlkə elə bu bənövşələrdi?..
Qadın fikirli-fikirli maşının pəncərəsini endirdi, elə bil bayaqkı ilıq düşüncələri də uçub getdi, gün işığını yavaş-yavaş udan çöldəki havaya qarışdı, indi onları təzədən beyninə yığmaq istəyirdi, bacarmırdı. Dərd qadının güləş çöhrəsini qəflətən yaxalamışdı; o, pərişan baxışlarını ağ çiçək dəstələrinə dikmişdi. Anın hökmünə bax da! Cəmi bir neçə dəqiqə bundan qabaq ər-arvad şirin-şirin söhbət edirdilər-ilk dəfəydi ki, qızıldan ağır yeganə qızları barədə danışırdılar; ciddi, həm də həssas mövzuydu... Qadın deyirdi ki, Aytənin ərə getmək vaxtıdır. Gecikir. Əri isə əksinə deyirdi: uşaqdı hələ, qoy karyera qursun, sonra. Təzəcə işə başlayıb axı!... Ana deyirdi ki, qızının psixoloji durumu da yaxşı deyil, son aylar çox susqun, qapalı, yorğun-arğın gəlir. Gələn kimi elə hey yatır. Sümüyü yüngül olsa da, saman ondan ağırdı...elə bil canı sapdan asılıb. Ata deyirdi: eybi yox, ötüb keçər, gəncliyin adi və vaxtaşırı müşahidə olunan hallarıdı...Ana düşünürdü ki, qızı vaxtında ərə getsə, evdə arxayınçılıq hökm sürər, həyat daha harmoniyalı (könlündən nəvə keçirdi, amma bunu dilə gətirmək istəmirdi!), daha maraqlı olar. Ata isə...
...Qırmızı işıq yandı (vaxt tapdı yanmağa da!), ağ "Prado" dayanan kimi yaz günəşinin azca qaraltdığı nimdaş köynəkli cavan oğlan maşına sarı cumdu; əlində ağ bənövşə dəstələri vardı, onları sürücünün böyründə oturan qadına ürəksiz uzadıb az qala yalvardı:
-Ucuz verirəm, götürün, xanım, təzə-tər bənövşələrdi...Jozefina sortu...
-Jozefina sortu?- deyə əri aman vermədi, gülməkdən özünü güclə saxlayıb əvvəlcə arvadına, sonra gülsatan oğlana təəccüblə baxdı, özünəməxsus tonda:
- Ə, bu da təzə çıxıb?- deyə kinayə ilə sualı təzələdi.
-İnanmırsız?- oğlan yenə ürəksiz dilləndi,-Alın, dayı, Quran haqqı, aparın evə, görün o, sizə necə xoşbəxtlik gətirəcək?!
-Bə sənə niyə gətirmir?- bu dəfə kişi lap bərkdən güldü və yaşıl işıq yananda maşına qaz verdi.
Maşın aralanmamış gülsatan oğlan qadına yazıq-yazıq baxıb yavaşdan pıçıldadı:
-Niyə gətirmir? Gətirir... mən xoşbəxtəm... Sən isə get... yatmış bəxtinin dalınca...
Qadın pəncərə şüşəsini qaldırsa da, deyəsən, oğlanın sonuncu sözlərini eşitdi. Hə, hə, qadın o sözləri eşitdi. Görünür, elə buna görə də maşın işıqforu keçən kimi kişi yol kənarına verib saxladı. Gülsatan ona tərəf iti addımlarla gələn kişini görəndə əvvəlcə qorxdu, istədi aradan çıxsın, elə bildi dilinin ucunda pıçıldadığı söyüşü kişi eşidib, ona görə gəlir üstünə. Amma yox... əslində belə oldu: işıqforu ötən kimi qadın birdən-birə nə düşündüsə, ərinə dedi:
-Mən o çiçəkləri istəyirdim, niyə almadın?
-Axı bir söz demədin?
-Bəs sən niyə soruşmadın məndən? Bəlkə elə o oğlan düz deyir...
-Eeeeee.... sən də lap... bayaq deyərdin də...-əri hirsləndi, maşını qırağa verdi.
-Əvvəllər belə eləməzdin...Əvvəllər bizim heç nəyimiz yox idi... Nə evimiz, nə maşınımız... nə bağımız.... nə qızımız... Kirayələrdə... qonaq gələndə də utanardıq...Amma sən mənə gül alardın...sevgimiz aşıb-daşardı... Hamı həsəd aparardı...yaxın idik...mehriban idik...sanki bütün dünya bizim idi...İndi isə...
hər şeyimiz var...hər şeyimiz... Bircə şeydən başqa...
-Yenə başladın kitab cümlələri deməyə? Bənövşə istəyirsən, de, alaq də!- əri qapını çırpıb gülsatana tərəf yeridi.
-Hamısına nə qədər verim?- soruşdu.
-Götür, dayı...İstəyirsən heç vermə...Qurbandı...-oğlan yenə ürəksiz dilləndi.
-Yaxşı görüm, qiymətini de...
-Hamısına beşcə manat...
-Elə bu? Səhərdən beş manatdan ötrü durmusan burda?- deyə kişi cibindən pul çıxarıb oğlana uzatdı və gülləri götürüb geri qayıdanda əsmər bənizli gülsatan yenə dilini dinc saxlamadı:
-Çörək pulundan ötrü durmuşam da, dayı...- dedi və uşaq kimi sevinə-sevinə geri döndü ki, yolu keçib getsin evinə-eşiyinə...
-İndi xoşbəxt oldun?- kişi oğlanın dalınca yenə kinayə ilə qışqırdı. Gülsatan deyəsən heç eşitmədi, çünki artıq yolu keçirdi, gülə-gülə keçirdi yolu.
Kişi bənövşə dəstələrini qadına uzadıb:
-Al, bu da sənin jozefinan!- deyə təkəbbür yağan bariton səslə dilləndi. Qadın gül dəstələrini bir-bir burnuna apardı, ətrindən məst oldu, bir-iki dəfə dərindən nəfəs alıb çalışdı ki, gülümsəsin, bacarmadı.
-Sağ ol!...-dedi.
Bir müddət susandan sonra əlavə etdi:
-Oğlan düz deyir, Jozefinanın iyi gəlir bunlardan...(Sonuncu sözləri elə vurğuyla söylədi ki, guya o, Jozefinayla türmədə bir kamerada yatmışdı, dustaq qızının gətirdiyi çiçəkləri də şəxsən özü görmüşdü!).
-Bu jozefina nədi belə? Birinci dəfədi eşidirəm...- əri soruşdu.
-Nədi yox, kimdi?!... Sən hardan biləsən? Savadın var ki?- qadın bu dəfə istehzayla gülümsəməyə çalışdı...-Mən sənə gələndən sonra bəxtin açıldı, pullar qazanmağa başladın, adamlar arasına çıxdın...Yoxsa, kənddən gəlmişdin...bir həsir, bir Məmmədnəsir idin...O gülsatan kimiydin də...
-Yox a... Bəsdi görüm!- əri bunu ciddi qəbul elədi.- Sən allah, Aytənin yanında belə şeyləri demə...O gün ana-bala yenə başlamışdınız məni müzakirə eləməyə... Nə bilim, evə gec gəlir... bizə diqqət yetirmir... Bütün günü çöldə-bayırda... Başını qızdırır... Elə bilirsiz, eşitmirdim?
-Qabağa bax, qırmızı işıqdı...Çox danışma...
-Hə...Səni sevdiyim üçün çox danışıram da...
-Sevdiyin üçün? Yaxşı, yaxşı...sevən adam belə eləməz!- arvadı köks ötürdü, - Sən əvvəlki Qara deyilsən!
-Nə təhər yəni... nə demək istəyirsən? Elə sən özün də əvvəlki Mətanət deyilsən! - kişi hikkələndi və qazı basıb sürət götürdü.
Bu söz qadına yaman toxundu. Amma:
-Yavaş sür...- deyə qadın burnunda mızıldandı və heç nə olmamış kimi yenə çiçəkləri qoxuladı. -Nə gözəl ətri var e?!.. (Deyəsən, bayaq açıq pəncərədən uçub gedən ilıq düşüncələri qayıdıb gəlmişdi yerinə!) Heyifdilər, gedim suya qoyum bunları...Gündüzlər bu güllər büzüşüb yatırlar...Gecələr... Ah....gecələr bu güllər daha məstedici olurlar...
-Orta məktəbdə biologiya müəllimim vardı...- kişi istədi yaddaşını qurdalayıb uzağa getsin, - Rufa müəllimə... lap onun kimi danışdın... Güllərin, ağacların, otların... dilini də bilirdi...Amma bizim uşaqların ondan zəhləsi gedirdi...çünki bizim dilimizi yaxşı bilmirdi...
Bundan sonra düz evə çatanacan susdular. Nə kişi, nə də qadın danışdı. Hərə öz aləmindəydi.
Kişi evə gələndən sonra necə oldusa, xeyli Jozefina və yatan güllər barədə düşündü. İlk dəfəydi ki, arvadıyla belə qəribə mövzuda söhbət etmişdi və ilk dəfəydi ki, arvadı ondan xoşbəxtlik gətirən gül istədi və o da aldı. Məgər onlar xoşbəxt deyildilər? Məgər bu iyirmi beş ildə Mətanət həmişə demirdimi ki, biz xoşbəxtik, bəxtəvərik? Gözəl-göyçək qız övladımız var...Əvvəllər heç nəyimiz yox idi, indi var... hər şeyimiz var... Nə istəyiblər eləmişəm... Məgər biz xoşbəxt deyilik? O nə söz idi maşında mənə dedi? Yox, burda nəsə var? Yəqin nəsə var? Dayan bir!
Kişi dalğın-dalğın əynini dəyişdi. Aytən evdəydi, həmişəki kimi kompüterinin qabağında oturub gələn mesajları oxuyurdu. Ata elə bil ilk dəfəydi qızına fikir verirdi, arvadının sözlərinə, hər bir hərəkətinə ilk dəfəydi göz qoyurdu. Danışmırdı, dinməz-söyləməz hər şeyə göz qoyurdu. İndi evdə hər şey - hərəkət, səs, qoxu, hava, əşyalar... ona şübhəli gəlirdi. Görünür, o, bunlar barədə heç vaxt düşünməyib. Onun əvəzinə düşünüblər: arvadı və qızı Aytən...Daha kim vardı ki?
Arvadının ovqatı birdən-birə dəyişdi; evə girən kimi bardağa su doldurdu, bənövşə dəstələrini suyun içinə qoydu və qonaq otağındakı pəncərənin qabağında yerləşdirdi. Onlara xeyli baxdı, dərindən nəfəs aldı, bundan sonra gəlib əynini dəyişdi...
Yaxşı ya pis hadisə hər an insanı izləyir, insan özü də bilmədən hər zaman o hadisəni gözləyir. İnsanın başına gələcək hadisələri elə insan özü qabaqcadan hazırlayır. Əlbəttə, kişi qətiyyən bu barədə düşünə bilməzdi. Kişi yatağa girəndə ayrı şeylər barədə düşünürdü. Fikirləşirdi ki, görəsən o, arvadının daha hansı arzusunu yerinə yetirməyib? Görəsən, ana-bala yenə nədən danışırlar? Bəlkə ondan xəbərsiz nəsə bir hadisə baş verib? Aytən də neçə gündür key kimi gəzir. Elə bil evdə ondan başqa adam-zad yoxdu. "Hə", "Yox"dan başqa heç nə danışmır. Bir yandan da Mətanətin Jozefina gülləri... Görəsən arvadı nə üçün məhz bu güllərə yatan güllər dedi? Bu ağır fikirlər kişinin başını şişirtdi. O, yerində qurcalana-qurcalana iztirab çəkirdi. Yox, onun heç bir qısqanclıq dərdi yox idi, amma qəflətən beynində oyanan ağır və əzablı fikirlərin qəlbinə amansız hücumları onu karıxdırmışdı. Əməlli-başlı karıxdırmışdı.
İki saat ötdü. Aytənin otağından işıq gəlirdi. Mətanət hələ də ordaydı. Əri dözə bilmədi, yerindən durub ayaqları ucunda dəhlizə çıxdı. Qonaq otağına girib işıqları yandırdı. Bayaq arvadının suya qoyduğu ağ bənövşələrin boynu büküldü. Ağ gecə güllərinin bihuşedici ətri otağı başına götürmüşdü. Düşündü: görəsən , bu gecə gülləri nə üçün ağ rəngdədi? Bəlkə onlar gözə çarpmaq istəyirlər, hə? Axı onlar kimə və nə üçün görünmək istəyirlər? Niyə bütün günü yatır və məhz gecələr, qaranlıq düşəndə oyanırlar?
Qəribədi, ömründə birinci dəfədi ki, kişi güllər barədə düşünür! Hardan girdi beyninə? "Vallah, bu Mətanət də bekar qalıb e! Yatan gül...Yox bir, Joze...Cülyetta bənövşəsi...Günümüzə bax də! İşim-gücüm tökülüb...Mən nə hayda....".
Bu vaxt əl telefonu cingildədi.
-Aaaaloooo...- deyə başladı otaqda var-gəl eləməyə...-Hə...Hüsüü... Nooldu, boşaltdınız vaqonları?..Necə? Əəəəə, eşşək beyni yemisən?...Bə kim qoymur, əəə? Kim? Bonopart? Çaşmısan, əəə?...
Kişinin ağzı köpükləndi, ayağı yanmış köpəyə bənzəyirdi, bir yerdə qərar tuta bilmədi, başladı hiddətlənməyə:
-Əəəəəə... Ona de ki...Gələrəm onun şalvarını...Dəyyus...Bonopart qoymur! Bonopart kimdi, ə? Ver görüm ona telefonu! (Üz-gözü qızarır, telefonu sağ qulağından sol qulağına aparır). Əəəə, Bonopart... Qaradı... Taxta Qara....Hə... Sən o lüt Kitayın oğlu döyülsən? Nə? Dədən adını dəyişdirib? Nə qoyub? Milton? Baaaaaa... Bə sən ha vaxt dəyişirsən aduvu? Baaaaa! Hindi nə qoymusan? Napoleon? Baaaaa! Saqqalın ağarsın! Çöyür tatı, vur tatı!!! Bəri bax... Yaxşı.... Bonopart Napoleon...Sən zad elə... Ver görüm Hüsüyə...(bir anlıq üzünün qırışığı açılır, bığaltı gülür). Hüsüüüüü...bə denən qara qızın dərdi var də... beş dənə ver göydən soxsun gözünə! Həəəə.... Boşaldın, aparın yığın anbara... Səhər danışarıq...
Telefon susdu. Qara da susdu. Güldü. Deyəsən, qəzəbi də soyumuşdu. Maraqlı gündü...Günün hökmünə bax da! Yatan gül....Jozefina...Bənövşə... Bonopart...Taxta... Napoleon...
Necə oldusa, kişi başladı qəhqəhəylə gülməyə. Onun səsinə arvadı və qızı qonaq otağına yürüdülər.
-Ata, noolub, bu axşam vaxtı...- deyə qızı gülə-gülə soruşdu.
-Yəqin yadına yenə Rufa müəlliməsi düşüb...- arvadı pəncərə qabağına gedib bayaq suya qoyduğu bənövşə dəstələrinə baxdı.
-Vallah, bu gün doğurdan da maraqlı gündü ye...- ata divana yayxınıb əl telefonunu oynatmağa başladı.-Allahın işini bilmək olmur ki?! Gör nə qədər təzə şey eşitdim... Gör kimlər yadıma düşdü?! Rufa müəllimə...Kitayın oğlu Bonopart... Jozefina...Bunlar hamısı sənin işlərindi, doxtur! (arvadı həkim idi, hərdən ona belə müraciət edirdi). Sən o bənövşələri mənə aldırmasaydın...
- Ata, yaxşı ki alıbsan...- deyə qızı atasının böyründə oturub onu qucaqladı. -Mən bənövşələri sevirəm!
-Həəəə? Sabah səninçün bir vaqon bənövşə alaram!- kişi şəstlə qızının yanağından öpdü və gözucu arvadına baxdı. Arvadı onlara fikir vermirdi, deyəsən ürəyində güllərlə danışırdı, bardaqların yerlərini dəyişdirir, gül dəstələrini ehtiyatla yanbayan düzürdü ki, bir-birlərinə toxunmasınlar.
-Bilirsən, ata, mən oxumuşam ki, bu gecə bənövşəsi günəş batandan sonra ətir buraxır... oyanır...
-Qızım, bu gün sən nə yaxşı dilli olmusan?!- ata sevindi və arvadıyla maşındakı söhbəti yadına salanda bir qədər narahat göründü.-Bunları hardan bilirsən?
-Orta məktəbdən yadımda qalıb...Güllərin tozlanmasına kömək edən həşəratlar var- biz onları görmürük, amma onlar özlərinə lazım olan bitkiləri görürlər, xüsusən ağ güllər gecələr daha yaxşı görünür; onlardan gələn güclü qoxu isə həşəratları lazımi istiqamətə yönləndirir. Gecə bənövşəsi də belədir...Ağ zanbaqlar...Gülünbahar çiçəyi, quduzotu, qətran çiçəyi, turşəng, sarmaşıq gülü...Güllər zamana görə açılır, yumulur, solur, məhv olur...
-Mənim ağıllı qızım...- atası qürurlandı, elə bil qəzəbindən ağzı köpüklənən bayaqkı kişi deyildi. Ata ilk dəfəydi ki, qızıyla belə yaxından təmas qururdu. Söhbətə ana da qoşuldu, dedi ki, onun yadına gəlir: nənəsi belə şeyləri daha yaxşı bilərdi. Təəssüf ki, indiki cavanlar bu gün oxduqlarını sabah yaddan çıxarırlar.
-Çünki kitab oxumurlar!- ana ucadan əlavə etdi. - Kitab vərəqlərindən insan enerji alır, müsbət enerji! Amma sən...Gözlərini zilləyibsən kompüterə...və telefona....ona görə kor olub gedirsən!- bunu qızına dedi, çünki Aytən artıq neçə illər idi ki, eynək taxırdı və bu da onun gözəlliyinə xələl gətirirdi. Hər halda, ana belə düşünürdü. Ona elə gəlirdi ki, bəlkə də qızı bu səbəbdən indiyədək evdə qalıb.
-Heç narahat olma, doxtur, inşallah, bu Jozefina sortunun bir xeyri olar!-əri ona göz vurdu və arvad hiss elədi ki, bunu kinayə ilə dedi. Amma gördü ki, Aytən başını atasının çiyninə qoydu, atası qızının saçlarını tumarlamağa başladı.
Hələ belə şey olmamışdı bu evdə.
-Doxtur, sən axı mənə Jozefinadan danışmadın?- deyə əri ikibaşlı sual verdi, sonra əyilib bir də qızının alnından öpdü. Aytən ruhlandı və:
-Ata, Jozefina Napoleonun arvadı olub...- deyə anasının yerinə dərhal cavab verdi.
-Bilirəm, qızım...bilirəm...
-Məni dolamısan?- arvadı yarızarafat, yarıciddi dönüb mətbəxə getdi. Amma açıq qalmış qapıdan qızıyla əri arasında gedən söhbətə qulaq kəsilmişdi.
-Əslində o, general Boqarne adında kral hakimiyyəti tərəfdarının arvadı olub...- deyə qızı həvəslə danışmağa başladı.-Napoleon o generalı edam elətdirir, Jozefinanı da türməyə salır...
Qara qəflətən diksindi. Bu, maraqdan da ola bilərdi. Sonra gördü ki, arvadı əlində sini çay gətirdi, stolun üstünə ləbləbi, qara kişmiş, mer-meyvə qoydu, sakitcə oturub ayaqlarını bir-birinin üstünə aşırdı, ata və qızın söhbətinin ardına qulaq asmağa başladı.
-Görürsən?- ata anaya göz vurdu.- Bəs deyirsən kitab oxumurlar?
-Ata, maraqlı deyilsə, danışmayım...- Aytən elə bil nazlandı.
-Danış, qızım, mən çoxdandı belə şeyləri eşitmirəm...
Ana dinmirdi, ürəyində sevinirdi. Çaydan bir qurtum içdi və düşündü ki, görəsən, bu günkü həyat yuxu deyil ki?!
-Hə... deməli...- Aytən davam elədi,-Jozefina türmədə olarkən dustaqlardan birinin qızı ona bir dəstə bənövşə gətirir...Təsəvvür edirsiz: öz edamını gözləyən bir qadın bənövşə çiçəkləri alır. Ertəsi gün isə Jozefina azad olunur. Görürsüz? Bənövşə Jozefinaya azadlıq gətirdi!
-Çayınızı soyutmayın, gəlin süfrə arxasına!-ana sanki əmr elədi. Ata ilə qızı əmrə müntəzir keçib oturdular süfrə başında. Ata hələ də maraq dolu baxışlarını qızına zilləmişdi. Onun baxışlarında maraqla yanaşı sual, müəmma, ehtiras, yanğı, qorxu, mərhəmət, amansız qəddarlıq, əzab, iztirab...hər şey...qarışmışdı bir-birinə. Hövsələsini basa bilmədi, soruşdu:
-Axırı necə oldu?
-Hələ axırına çox var, ata! Deməli, azad olunandan dərhal sonra Jozefina türmənin qapısı ağzına gəlir və bir dəstə bənövşə gətirir, gözətçidən xahiş edir ki, bu gülləri içəridə yatan xəstə bir dustağa- Fransa taxt-tacının varisi XVİİ Lüdovikə versinlər. Onun xahişi yerinə yetirilsə də, şahzadə bir aydan sonra türmədə vəfat edir və onu elə gecəylə dəfn edirlər. Jozefina şahzadənin qəbrinin üstündə bənövşə çiçəkləri əkdirir...
-A qızım, belə ağır şeyləri danışma, sən allah! Gecə vaxtıdı...- anası narahat oldu.
-Yox, qoy danışsın...- əri arvadının sözünü kəsdi.-Davam elə, qızım...
-Jozefina hər gün o qəbrin üstünə təzə-tər bənövşələr qoyur...Gizlicə...Bir dəfə Jozefinanı bala dəvət edirlər. Gənc general Bonopart da həmin balda olur, Jozefinanı görür, ondan əl çəkmir...Qadının əynində sadə bir don olur, lakin yaxasında və başında ətirli bənövşə çiçəkləri...Fransanın gələcək imperatoru balın sonunda Jozefinanı karetaya ötürür, qadın karetaya oturanda onun yaxasındakı bənövşələr Napoleonun ayaqları altına düşür. Gənc general cəld əyilib gülü götürür, onu ehtirasla dodaqlarına aparıb öpür...
Ata-ana və qız yerlərini dəyişmişdilər. İndi ailə divanda oturmuşdu, Aytən atasıyla anasının arasındaydı, başını yenə atasının çiyninə qoyub pəncərə qabağındakı ağ çiçəklərə baxır, hərdən anasının nəvazişli əlini saçlarında hiss edirdi. Bu evdə hələ belə şey olmamışdı! Möcüzə baş vermişdi. Hər şey tərsinə baş verirdi. Ata-ana uşaq olmuşdu. Doğrudur, Aytən özü də uşaq deyildi, xeyli yaşı vardı. O, ata-anasına nağıl danışırdı. Qız yaşından xeyli böyük olmuşdu, valideynlərinin hər ikisini ağır və iztirablı həyatdan aralayıb uşaqlaşdırmışdı. Onlar Aytənə itaətlə qulaq asır, arabir mürgülü gözlərini açıb bərəldir, maraqla hekayətin ardını gözləyirdilər.
-Bəs sonrası nə oldu?- bu dəfə ana soruşdu.
-Sonrası da... düz bir il ötdü...Jozefina Napoleona ərə gedir... Toy günü qadını təzə-tər bənövşələrlə bəzəyirlər. Əlində də bənövşə dəstəsi tutur. Jozefina Napoleona deyir:
-Heç vaxt bənövşəni unutma! Toy günümüzün vaxtını da yadında saxla! Hər il toy günümüzdə mənə bənövşə bağışla! Bənövşələr bizim xoşbəxt həyatımızın uzunömürlü olmasına zəmanət verəcəklər!..
Qız yerini bir qədər də rahatlayıb qıçlarını bir-birinin üstünə aşırdı. Bir gözü anasında, bir gözü isə atasında idi. İndi atası xumarlanır, anası isə ayaqlarını qatdayıb belini divanın sağ küncündəki balışa söykəmişdi; gözləri gah yumulur, gah da açılırdı. Amma qulaqlarını dik tutmuşdu, hekayəti axıradək dinləmək həvəsini söndürə bilmirdi. Əslində qadının içində xəfif yaz mehi əsirdi, qəlbinə ilıq, sanki özünə də təptəzə görünən duyğular dolmağa başlayırdı. Ana nigarançılığı qadın lətafəti ilə əvəz olunmuş, həkim sayıqlığı uşaq marağıyla üz-üzə dayanmışdı. Əri divanın sol küncünə yayxındı, başını qolunun altına qoyub xumar gözlərini qızından çəkə bilmədi. Birdən yuxulu-yuxulu mızıldadı:
-Qızım, görən o Bonopart bizim kənddəki qonşumuz lüt Kitayın oğlu deyil ki?! Bayaq beş yüz dollarımı qamarladı...Dilənçi oğlu dilənçi!
Ana və qızı gülüşdülər. Ananın yuxusu qaçdı. Aytən atasını nəvazişli baxışlarıyla süzüb dedi:
-Ata, sən evdə heç vaxt ciddi olmursan! Heç olmasa bu gün...bu gün işdən ayrıl... bizim yanımızda ol...
-Qızım, sizinləyəm... Danış görüm o köpəyoğlunun axırı nooldu?- atası dirsəklənib gözünü ovuşdurmağa başladı.
-Napoleon arvadının xahişini heç vaxt unutmurdu. Hər dəfə yürüşə gedir, qayıdanda ona bənövşə gətirirdi. Lakin bir dəfə...yürüşdən gec qayıtdı...Gecəydi. Parisdə heç bir yerdə bənövşə tapa bilmədi. O, Tampl türməsinin yanında qoca bir arvad gördü. Arvadın qabağında bir səbət bənövşə vardı. Napoleon sevindi, arvada heç nə demədi, ovcuna pul basıb o səbəti götürdü... Və gətirib arvadına verdi.
-Bunları hardan aldın?- Jozefina soruşdu və qorxa-qorxa ərinə baxdı. Və biləndə ki, əri gülləri Tampl türməsinin qabağında duran arvaddan alıb, bayılır. Jozefina hesab etmişdi ki, bu, pis əlamətdir: Napoleonun aldığı çiçəklər şahzadənin qəbrinin üstündən götürülmüş bənövşələr idi. Çox keçmir ki, Napoleon Jozefinadan ayrılır...
...Qız yavaşca durub işığı söndürdü. Evə qaranlıq çökdü. Ata-anası divanda hərəsi bir küncdə yuxulamışdı. Necə oldusa, gözünə pəncərə qabağındakı ağ çiçək dəstələri sataşdı. Yaxına gəldi, məst oldu. Ürəyi fərəhdən döyünməyə başladı. Bənövşələr oyanmışdı, aram-aram nəfəs alırdılar.
Qadinkimi.com