11. Ümumqafqaz Müsəlmanlarının I Bakı Qurultayı
Fevral çevrilişindən sonra Azərbaycanda da inqilabi, azadlıq və milli demokratik hərəkat yeni vüsət aldı. Fevral inqilabının ilk aylarında Azərbaycan siyasi qüvvələrinin gördüyü işlər sırasında iki mühüm tədbir xüsusi qeyd olunmalıdır. Bunlar 1917-ci ilin aprel və may aylarında keçirilən Qafqaz müsəlmanlarının Bakı və Rusiya müsəlmanlarının Moskva qurultaylarıdır. Azərbaycan milli qüvvələri Rusiyanın bütün müsəlman xalqları ilə birlikdə Azərbaycan xalqının da müqəddəratının təyin edilməsi yollarını məhz bu qurultaylarda formalaşdırmağa başlayırlar.
Ərazi muxtariyyəti formasında milli dövlətçiliyin yaranması tələbini özündə ehtiva edən Azərbaycan milli hərəkatının ilk siyasi proqramı Fevral inqilabından az sonra, 1917-ci il aprelin 15-20-də Bakıda keçirilmiş I Ümumqafqaz müsəlmanlar qurultayında qəbul olundu. Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayına Rusiya Müsəlmanları İttifaqı Partiyasının lideri Ə.Topçubaşov sədrlik etmişdir. Rusiya və Azərbaycan müsəlman xalqlarının lideri olan Topçubaşov Qafqazın bütün xalqlarını ümumi vətənin rifahı naminə həmrəyliyə çağırır. Qafqaz müsəlmanlarının siyasi və milli-mədəni amallarını açıq ifadə etmək məqsədilə çağırılan bu ali məclisdə müzakirəyə qoyulan və geniş fikir ayrılığı doğuran əsas məsələlərdən biri Rusiyanın gələcək quruluşu və Azərbaycanın, əsarətdə olan xalqların hüquqları olur. Bu məsələ üzrə məruzəni M. Ə. Rəsulzadə edir. Hələ qurultayın açılışı ərəfəsində M.Rəsulzadə onun məqsəd və vəzifələrini belə müəyyənləşdirirdi: "Bu qurultay hazırda cərəyan edən hadisələrə Qafqaz müsəlmanlarının münasibətini, hiss və duyğularını əks etdirməklə yanaşı, həm də onların siyasi və milli-mədəni tələblərini açıq şəkildə ortaya qoymalıdır”[31].
Qurultayda Azərbaycanın müxtəlif siyası qüvvələri - islamçılardan tutmuş bolşeviklərə qədər bütün rəngarəngliyi ilə təmsil olunsalar da "Azərbaycan Türklərinin siyasi məqsədlərinin” müəyyənləşdirilməsində həlledici rolu, heç şübhəsiz ki, həmin vaxt artıq milli hərəkatın əsas simalarından birinə çevrilmiş M.Rəsulzadə oynadı. Təsadüfi deyil ki, qurultayın gündəliyindəki əsas məsələ olan ölkənin gələcək siyasi quruluşu haqqında məruzə M.Rəsulzadəyə həvalə edilmişdi. Məruzədə ölkədə yaranmış vəziyyəti təhlil edən M.Rəsulzadə konkret dəlillərlə Azərbaycan Türklərinin milli-ərazi muxtariyyəti formasında milli dövlətçiliyinin yaradılması zərurətini əsaslandırdı. M.Rəsulzadə məruzəsində qeyd edirdi ki, Rusiya kimi geniş ərazili çoxmillətli dövlətdə hakimiyyətin mərkəzləşdirilməsi xalqların azad birgəyaşayışı baxımından məqbul deyildir və bu səbəbdən də Rusiyanın dövlət həyatının normal inkişafı üçün yararsızdır. "Teymurləng, Çingiz xan, Makedoniyalı İsgəndər və Roma imperatorlarının timsalında tarix sübut edir ki, dövlətə daxil olan müxtəlif millətlərin möhkəm birliyini onların dövlət ittifaqı haqqında azad ifadə olunmuş arzusundan başqa heç bir qüvvə təmin edə bilməz” [31] deyə o bildirirdi. Bu fikrə əsaslanaraq M.Rəsulzadə Rusiyanın milli azlıqlara öz müqəddəratını təyinetmə hüququnun verilməsi tələbini irəli sürdü. Onun fikrincə, bu yolla, bir-birindən ayrılmış Rusiya xalqları daha sonra federativ demokratik respublika formasında dövlət ittifaqı təşkil edə bilərlər. Xarici siyasət, sülh və müharibə problemləri, eləcə də federal təyinatlı əmlakın (gömrük, dəmir yolları, poçt, teleqraf və b.) idarə olunması istisna olmaqla bütün digər məsələlər muxtariyyətin idarəetmə orqanlarının səlahiyyətinə verilir, federal orqanların səlahiyyətinə daxil olan məsələlərin həlli üçün isə bütün ərazi muxtariyyətlərinin nümayəndələrindən ibarət vahid ittifaq şurasının yaradılması nəzərdə tutulurdu [31]. Rusiya kimi geniş ərazilərə malik, çoxmillətli dövlətdə hakimiyyətin mərkəzləşdirilməsi prinsipinin xalqların azad birgə yaşayışı baxımından məqbul olmadığını bildirən məruzəçi milli müqəddəratın azad surətdə təyin olunması hüququnu əsas götürərək ərazi muxtariyyəti ideyasını irəli sürür. Qurultayda islamçı və sosialist yönümlü qüvvələrin nümayəndələri bu ideyaya qarşı çıxırlar. İslamçılar ərazi muxtariyyəti tərəfdarlarını Rusiyanın müsəlman xalqlarının birliyini pozmaqda, sosialistlər, o cümlədən bolşeviklər isə inqilabi hərəkatı parçalamaqda günahlandırırlar. Uzun və qızğın müzakirələrdən sonra qurultay səsvermə yolu ilə M.Ə.Rəsulzadənin məruzəsi üzrə qətnamə qəbul edir: "Federativ əsaslarla demokratik respublika qurulması Rusiya dövlət quruluşunun müsəlman xalqlarının mənafeyini təmin edən ən münasib forma hesab olunsun” [31]. Rəsulzadənin yazdığına görə Müsavat Partiyası Rusiyanın federativ muxtariyyətlərə bölünməsini istəməklə Azərbaycan muxtariyyətini də siyasi bir çağırış olaraq ortaya atmışdı. ... Müsavat Partiyası bütün türk elləri üçün, eləcədə Azərbaycan üçün milli muxtariyyət tələb edirdi. Bu yolla Qafqazlı türk yazıçıların, şairlərin ayrı-ayrı çağlarda gizli də olsa söylədikləri müstəqillik ideyası I dünya müharibəsi illərində aydınların düşüncəsində biçimlənərək İnqilab günlərində siyasi bir çağırış formasına girir, bütünlüklə müstəqillik çağırışına əsaslanan siyasi proqrama çevrilir [15.s.56]. Beləliklə də, Rusiya imperiyasının müsəlman və türk xalqlarının milli-azadlıq mücadiləsi tarixində ilk dəfə olaraq məhz azərbaycanlılar milli-ərazi muxtariyyəti tələbini irəli sürdülər. M. B. Məmmədzadə "Milli Azərbaycan Hərəkatı” əsərində yazdığına görə M.Ə. Rəsulzadənin məruzəsi əsasında Qafqaz Müsəlmanları Qurultayının qəbul etdiyi qərarlar Müsavat Partiyasının 1917-ci ilin oktyabrında Bakıda çağırılan birinci konqresində qəbul edilmiş proqrama əsaslanmışdır. Proqramda "1. Rusiya dövlətinin şəkli idarəsi milli məhəlli muxtariyyətlər əsası üzərində qurulan federativ xalq cümhuriyyətlərindən ibarət olacaqdır...3.Müəyyən əraziyə malik olan, yəni Rusiya dövlətinin hər hansı bir hissəsində çoxluq təşkil edən hər bir millətə muxtariyyət hüququ verilməlidir. Azərbaycan,Türküstan,Qırğızıstan, Başqırdıstan kimi türk ölkələri ərazi muxtariyyəti almalıdırlar. Krım tatarlarına, Rusiyada yaşayan başqa Türk millətlərinə ərazi və milli muxtariyyət verilməlidir...” [7.s.188].
12. Rusiya Müsəlmanlarının Moskva Qurultayı
Bakı qurultayından 10 gün sonra, 1917-ci il mayın 1- 11 arasında Moskvada Rusiya müsəlmanlarının qurultayı öz işinə başlayır. Bakı milyonçusu Şəmsi Əsədullayevin Moskva müsəlmanlarına bağışladığı binada keçirilən, 11 gün davam edən və 600-ə qədər nümayəndənin, o cümlədən 100 qadının iştirak etdiyi Moskva qurultayının gündəliyinə 13 məsələ daxil edilsə də, qurultayın mərkəzi məsələsi Bakı qurultayında olduğu kimi, yenə də Rusiyanın siyasi - dövlət quruluşu olur. M.B.Məmmədzadənin yazdığına görə, Qurultayın 3 may iclasında Əhməd Saleh "Milli –mədəni muxtariyyət haqqını qazanmağın daha məqsədə uyğun olduğunu, məhəlli federasiya sisteminin müsəlmanları parçalayacağını, federasiya qurulduğu təqdirdə Rusiya müsəlmanlarının birliyi yerinə, Kazanlılıq, Qazaxlılıq, Kırımlılıq, Başqırtlıq, Taciklilik, Azərbaycanlılıq kimi hisslər doğacağını, müsəlmanların qəbilələrə ayrılmasına səbəb olacağını söyləyərək, 1. Rusiyanın ədəmi-mərkəziyyət (mədəni muxtariyyət) üsuluna dayanan bir xalq cümhuriyyəti olmalıdır. 2. Müsəlmanların milli-mədəni muxtariyyəti Rusiya konstitusiyası ilə qarantiya altına alınmalıdır təklifini etdi [23.s.34]. Qurultayda söz alan Rəsulzadə İslamiyyətdə bir millət birliyi anlayışı olmadığını söyləyərək, "Biz Türk-tatar qövmləri hər nəqədər eyni soydan gələn Türk oğlu Türk olmaqla bərabər, ayrı şivələrə və çeşidli özünəməxsusluqlara da sahib olduğumuz inkar edilməz...Hər kəs təbii yolunda yürüməlidir. Türk çaylarının axıb töküldüyü bir dəniz vardır. Bu dəniz Türk dənizidir. Məhz bu səbəblə muxtariyyət əsasına dayanan Azərbaycan ilə Dağıstan, Türküstan, Qırğızıstan kimi ayrı, məhəlli xüsusiyyətlərə sahib Türk qövmləri üçün muxtariyyət istəyirik” deyə öz fikrini bildirmişdir [23.s.34]. Qurultayda çıxış edən M.Ə. Rəsulzadə " Bu gün Rusiya idari formasyonu altındakı xalqların demokrtik bir ölkə statusunda yaşaması gərəkməkdədir. Yer kürəsinin altıda birini tutan bu torpaqların, Kamçatkadan Qaradənizə, Arxangelskidən İran sərhədlərinə qədər 170 milyon əhalisiylə çox millətli bir dövlət mərkəzi ( mərkəzləşmiş şəkildə - Q) idarə oluna bilməz. Ona görə Rusiya dövlətinin idarə şəkli federasyon olmalıdır” ideyasını irəli sürdü [27.s.52]
Qurultayda M.Ə.Rəsulzadə və milliyyətcə osetin olan Əhməd Salikov Rusiyanın gələcəyi və Rusiya Türk-müsəlmanlarının statusu haqqında gedən müzakirələrə iki qətnamə layihəsi çıxarırlar. M.Ə.Rəsulzadənin "milli-ərazi federasiya prinsipləri əsasında demokratik respublika yaradılması" ideyası qarşısında Ə.Salikov "Rusiya xalqlarına milli-mədəni muxtariyyət verilməklə unitar dövlətin saxlanılması" təklifini irəli sürür. Hər iki layihə səsə qoyulur və böyük səs çoxluğu ilə (446/271) M.Ə.Rəsulzadənin təklif etdiyi qətnamə qəbul edilir. Beləliklə, Rusiya müsəlmanlarının qabaqcıl nümayəndələri Rusiyanın milli-federativ respublikaya çevrilməsi və müsəlman əhalisi yaşayan vilayətlərə muxtariyyət verilməsi ideyasını günün tələbi kimi irəli sürürlər.
M.Rəsulzadə Rusiyanın müsəlman xalqları arasında millət quruculuğu proseslərinin inkişafının strateji istiqamətini düzgün müəyyənləşdirməklə yanaşı, öz ictimai-siyasi fəaliyyəti ilə həmin prosesləri əsaslı şəkildə sürətləndirmiş oldu. Məhz onun səyləri nəticəsində Rusiya müsəlmanlarının Moskva qurultayında vahid müsəlman milləti ideyası deyil, ölkənin müxtəlif müsəlman və türk xalqlarının ayrı-ayrı müstəqil millətlər kimi formalaşması layihəsi qalib gəldi. Bu baxımdan M.Rəsulzadə ümumrusiya miqyasındakı fəaliyyətiylə ilk dəfə olaraq Rusiyanın digər müsəlman və türk xalqları arasında millət quruculuğu proseslərinin inkişafına təkan vermiş oldu. Həmin andan etibarən M.Rəsulzadə əslində ümumrusiya miqyaslı siyasi xadimə çevrilmiş oldu. Məşhur tatar ziyalılarından olan Abdulla Taymas sonralar yazırdı ki, M.Rəsulzadənin I Ümumrusiya qurultayındakı parlaq çıxışı nümayəndələrə böyük təsir etmiş oldu. A.Taymasın sözlərinə görə, həmin çıxış sayəsində M. Ə. Rəsulzadəni "bütün Rusiya türklüyü tanımış, artıq O, sadəcə Azərbaycan türkçülüyünün deyil, bütün Rusiya türkçülüyünün əzizi olmuşdur” [13.s.153]. Zəki Vəlidi Toğan M.Ə.Rəsulzadə haqqında xatirələrində yazır: "Moskvada toplanan Ümumrusiya Müsəlmanları Konqresinə azərbaycanlı Əlimərdan Bəy Topçubaşı başçılıq edirdi. Emin bəy danışırdı. Bütün Konqresə azərbaycanlıların hakim olduğu görülür və Azərbaycan liderlik edirdi. Emin bəyin sıx-sıx alqışlanan həyəcanlı danışmaları 700 nəfərlik konqres nümayəndəliərindən 600-nü onun proqramı ətrafında birləşdirdi. Əgər 700 nəfər içərisində Əmin Bəy və dostları olmasaydılar, konqres istiqlal və muxtariyyat tezisinə rəy verməzdi” [25.s.54]. Beləliklə qeyd edə bilərik ki, Azərbaycan Milli Hərəkatının birinci mərhələsi Ə.B.Topçubaşovun liderliyində "Rusiya müsəlmanları İttifaqı” Partiyasının fəaliyyəti ilə həyata keçirilərək başa çatmış, mübarizənin ikinci mərhələsi M.Ə.Rəsulzadə liderliyində "Müsavat” Partiyasının öndərliyi ilə həyata keçirilməyə başlamışdır.
Rusiya Müsəlmanlarının Bakı və Moskva qurultaylarında Milli Azərbaycan davasının keyfiyyətcə yeni ikinci mərhələsi başlanmışdır. Milli Hərəkat . Ə.B.Topçubaşov mərhələsindən M.Ə.Rəsulzadə mərhələsinə keçid etmişdir. Türklük, İslam və Çağdaşlıq zəminində istiqlal ideyalarının formalaşmasında Qafqaz müsəlmanlarının 1917-ci ilin aprelində Bakıda və Ümumrusiya müsəlmanlarının həmin ilin may ayında Moskvada toplanmış qurultaylarının böyük təsiri olmuşdur. Azərbaycan milli qüvvələri Rusiyanın bütün türk-müsəlman xalqları ilə birlikdə Azərbaycan xalqının da müqəddəratının təyin edilməsi yollarını məhz bu qurultaylarda formalaşdırmağa başlamışlar. Məhz bu qurultaylarda alınmış sosial-siyasi, sosial –mədəni qərarlar Azərbaycan Cümhuriyyətinin yaradılmasına zəmin hazırlamışdır.
Bu qurultayların sənədlərində M.Ə.Rəsulzadənin unitar, despotik Çar Rusiyasının milli muxtariyyətlərə əsaslanan federativ dövlətə çevrilməsi ideyaları əsas götürülmüşdü. Qeyd etməliyik ki, 1917-ci ilin payızında Bakıda qurulmuş "Rusiyada müsəlmanlıq” və Yelizavetpoldakı "İttihadi-İslam” təşkilatları da ərazi muxtariyyəti ideyasını müdafiə edir, Müvəqqəti Burja Hökümətinin unitar Rusiya qurmaq planlarına və bolşeviklərin qondarma beynəlmiləlçilik çağırışına qarşı çıxırdılar. 1917-ci il mart ayının sonlarında Yelizavetpolda (indiki Gəncədə) Nəsib bəy Yusifbəyli başda olmaqla "Türk ədəmi mərkəziyyət” (federalist) partiyası yaradıldı. Qafqaz müsəlmanlarının 1917-ci il aprelin 15-20-də keçirilmiş qurultayında "Türk ədəmi-mərkəziyyət” partiyası ilə "Musavat” partiyasının eyni siyasi proqramlara malik oduqları bəlli oldu ki, bu da onların birləşməsinin əsasını qoydu. 1917-ci ilin iyununda həmin partiyalar "Türk ədəmi-mərkəziyyət Musavat” partiyası adı altında birləşdilər və bu gələcəkdə istiqlal uğrunda mübarizə aparan qüvvələrin vahid şəkildə birləşməsində, təşkilatlanmasında mühüm addım olmuşdur. Beləliklə, M.Ə. Rəsulzadınin "Azərbaycan davası” məqaləsində yazdığı kimi "Tarixi və kültürəl dəyərlərlə ortaya çıxan və özündə Türkçülük məfkurəsi daşıyan milliyyətçi kəsimlər siyasi mənada müstəqil Azərbaycan istiqlalını (qarşıya- .Q) məqsəd qoydular [27.s.14].
13. Milli Mübarizənin M.Ə.Rəsulzadə öndərliyində ikinci mərhələsi
Qeyd edək ki, Azərbaycanda ilk siyasi təşkilatlanma 1900-cü ildə başlamışdır. Neft sənayesində çalışan qeyri-müsəlmanların yaratdığı sosial-demokrat proqramlı bu təşkilat (RSDFP) Rusiya sosial-demikratlarının Bakı filialı idi. Eyni zamanda Bakıda İskra qəzetini çıxaran qrup formalaşmışdı. İskra qəzeti Avropadakı Lenin tərəfdarları tərəfindən çıxarılaraq İran yolu ilə Qafqaza keçirilirdi. 1903-cü ildə Rus-sosial demokratlarının Avropada keçirilən II qurultayında parçalanma başlandı və azlığda qalanlar Menşevik, çoxluqda qalanlar bolşevik adlandırılmağa başladı. Parçalanma Bakı komitəsində də gerçəkləşdi. Bakıda Rusiyanın təsiri ilə yayılmaqda olan Sol Sosialist ideologiyanı mənimsəyən Türk-müsəlmanların da təşkilatları formalaşmağa başlandı.
XX əsrdə Azərbaycan sosialistləri M.Ə.Rəsulzadə liderliyində, Şərq-müsəlman aləmində ilk siyasi sosial-demokrat Hümmət təşkilatını qurdular. Hümmətin qurucuları arasında N.Nərimanov, M.Əzizbəyov, S.M.Əfəndiyev, Əsədullah Axundov, Dadaş Bünyadzadə, Zeynal Zeynalov kimi sosialist ziyalılar var idi. RSDFP –da baş verən fikir ixtilaflarından sonra, M.Əfəndiyev, Ağa Axundov, M.Əzizbəyov RSDFP-də, qalanları isə Hümmət təşkilatında birləşdilər. Hümmət təşkilatında iki qrup, milliyyətçi-sosialistlər (M.Ə.Rəsulzadə, M.H. Hacınski) və sosial-demekratlar (S.M.Əfəndiyev) var idi. Hümmət partiyasının qəzetlərində (Hümmət, Davət-Koç, İrşad, Təkamül,Yoldaş) milliyyətçi sosialistlər "milli vəhdət”, "öz müqəddaratını təyin etmə haqqı” , sosial demokratlar "heç bir etnik ayrılıq etmədən bütün millətlərin əzilən siniflərinin despotizm və kapitalizmə qarşı mübarizə” ideyalarını müdafiə edirdilər. Rusiyada 1907-ci il inqilabının məğlubiyyətlə nəticələnməsindən sonra artan təqiblərdən xilas olmaq üçün Hümmət təşkilatının bir çox üzvləri xarici ölkələrə qaçmaq məcburiyyətində qaldılar. Xaricə qaçanlar arasında M.Ə.Rəsulzadə də var idi. "Rəsulzadə 1908-ci ildə gizlicə sərhəddi keçərək İrana getdi.1908-1913-cü illərdə Rəsulzadə öncə İranda, sonra isə Türkiyədə oldu və hər iki ölkədə baş verən inqilabları (İranda Məşrutə inqilabı və Osmanlıda Gənc Türklər hərəkatı) yaxından müşahidə etmək, zaman-zaman da içində yer almaq fürsəti əldə etdi. Rəsulzadənin sosialist inqilabı ideyalarından bütünlüklə ayrılmasında bu iki ölkədə həyata keçirilən inqilabların böyük rolu olmuşdur. Bu inqilablar nəticəsində Rəsulzadə Rusiya və Avropa ölkələri siyasətində "Şərqdə bir Türk Problemi” nin olduğunu [22.s.525]. Türk-müsəlman coğrafiyalarının Avropa və Rusiya arasında paylaşıldığını və bu məqsədlə Türklərə qarşı soyqırım və etnik təmizləmə aparıldığını, erməni , fars, ərəb, yunan, və digər etnik kimliklərin və xristian azlıqların türklər əleyhinə silahlandırıldığını müşahidə etmişdir. Rəsulzadə Türk-Qacar və Osmanlı imperatorluğunda həyata keçirilən inqilabların və modernləşmə proseslərinin əslində imperatorluğun parçalanmasını önləmək, Avropa tərzində modernləşərək daha da gücləndirilməsinə nail olmaqla Avropa-Rus müstəmləkəçiliyinə qarşı müqavimət göstərmək gücündə olmağı hədəf aldığını dərk etmişdir. İranda İngilis və Rusiyanın hegemonluq mübarizəsi və sömürgə siyasəti nəticəsində Qacar bürokratiyasının çürüməsi və bunun nəticəsində gizli şəkildə təşkilatlandırılan və xüsusilə Hindistandakı İngilis kontrolundakı parsi misyonerlərin rəhbərliyi ilə bütün İran dilli qrupların və azlıqların tək bir kimlik "fars kimiliyi” altında Türklərə qarşı birləşdirmə fəaliyyətləri , Osmanlıda isə Gənc Türklərə qədər türklərə "ögey övlad” münasibətinin göstərilməsi, Avropanın Türklərin hakim olduğu bütün yaxın və orta şərq coğrafiyasında qeyri türk ünsürlərə verdiyi böyük dəstəyin, Qafqazdakı türklərə qarşı həyata keçirilən soyqırım və etnik təmizləmə siyasətilə eyni olduğunu qavraması çətin olmadı [22.s.525]. Bu üzdən Rəsulzadə siyasi platformasında və məfkurəsində yeni yol cızdı. Sosialist və S.M. Əfəndiyev tərəfindən Müsəlman-Türklər arasında yayılması istənilən "sinif mübarizəsi”nə, "internasionalizm”ə , əsaslanan "əməkçi şüarlar”dan vaz keçərək, Milliyyətçi, türkçü siyasi platformanı qəbul etdi və həyatının sonuna qədər Avropa və Rus işğalçılığına qarşı "şərqdə türk məsələsi”ni müdafiə etdi. Məhz buna görə də İranda və Türkiyədə olarkən məqalələr şəklində yazaraq "Səbilürrəşad” dərgisində yaydığı, sonralar isə kitab şəklində nəşr etdirdiyi "Qafqaz Türkləri”, "İran Türkləri” adlı əsərlərində "Orta Şərqdə hakim və çoxluq olan bir Türk kimliyinin” görməzlikdən gəlindiyinə diqqətləri çəkdi. Rəsulzadə Qafqaz türklərinin sosial, siyasi, mədəni sahələrdə bütünləşməsində və millətləşməsində rol oynayan böyük lider kimi, Qafqaz Türklərinin Orta Şərq türkləri ilə (İran, Tacikistan,Əfqanıstan,Türküstan,Türkiyə, İraq, Suriya, Misir və s ölkələrdə yaşayan Türklər) eyni ortaq mədəni və kimlik dəyərlərini paylaşdıqlrını və eyni etno-sosio-mədəni özəlliklərə malik bir millət olduqlarını bütün əsərlərində və siysi fəaliyyətində xüsusi vurğulamışdır [22.s.525]. M.Ə.Rəsulzadə 1910-1913-cü illərdə Türkiyədə yə olduğu müddətdə Türkiyə İtaliya və Trablusqərb savaşlarında idi. İtaliya ilə Trablus qərb savaşları, Osmanlının Xristian təbələrinin, balkanların, ərəblərin Osmanlıya üsyanları nəticəsində Osmanlıda formalaşmış, Qərbçilik (Tənzimat), Osmanlıçılıq, İslamçılıq fikir axınlarından ikisi iflasa ugramış, Osmanlıçılq və İslamçılıq ideyalarından vaz keçilmiş, Türkçülük, Turançlq, çagdaşlıq ideyaları aktuallıq kəsb etməyə başlamışdı. Əhməd Agaoglu, Əli Bəy Hüseynzadə, Ziya Gökalp,Yusuf Akçuranın fəal çalışmaları, Hüseynzadə Əli bəyin "Turan” şeri, Ziya Gökalpın "Turan mənzuməsi” (Vətən türklərə nə Turkiyədir nə Türküstan,Vətən böyük və müəbbət bir ölkədir ki, Turan), Xalidə Adıvarın "Yeni Turan”əsəri, Ömər Seyfəddinin "Yeni Turan dövləti” kitabları ilə Osmanlıçılıq fikri Türkçülük və Turançılıq ideyalrı ilə əvəz olunmuşdu.Yusuf Akçuranın liderliyi ilə qurulmuş "Türk Ocagı” dərnəyi və onun nəşri olan "Türk Yurdu” dərgisi siyasi Türkçülük məfkurəsinin formalaşmasında böyük rol oynayırdı.Türkiyəyə gələn M. Ə. Rəsulzadə "Türk Ocağı” nın ideallarına sarılmış, Əli Bəy Hüseynzadə, Yusuf Akçura, Ziya Gökalp ideyalarını siyasi fəaliyyətinin əsas məqsədinə çevirir, Yusuf Akçuranın xahişi ilə Türk Yurdu dərgisində "İran Türkləri” seriya məqalələrini çap etdirir, Şeyx Cəmaləddin Əfqaninin "Vəhdəti Cinsiyyə və dil birliyinin həqiqi mahiyyəti”əsərini tərcümə edərək Türk Yurdu dərgisində çap etdirir və bu əsərin təsiri ilə O, Türkçülük , millətçilik məfkurəsini mənimsəyir, və Azərbaycanda bu ideyanın əsas ideoloquna çevrilir. Eyni zamanda M.Ə.Rəsulzadə Ziya Gökalpın "Türk Yurdu”nda nəşr olunan "Türkləşmək, İslamlaşmaq, Çagdaşlaşmaq” məqalələrinin təsiri altında qalmış və bu siyasi doktrinləri 1915-ci ildə Bakıda nəşr etdiyi "Açıq söz”qəzetində əsas hədəf kimi təblig etməyə başlamışdır [23.s.27]. Bu ideyalar sonralar M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi Müsavat partiyasının proqramı, Türkiyə Cümhuriyyətinin və Azərbaycan Cümhuriyyətinin ideologiyası, Dövlət bayragımızın təml fəlsəfəsi olmuşdur
H.Baykaranın fikrincə, Qafqaz müsəlmanlarını "ümmətçilik”dən "millətçiliy”ə yönəldən, onları "türkçülük-millətçilik”, "Azərbaycan” ideyası ətrafında birləşdirən və "Açıq söz” qəzetində bunu təbliğ edən "Müsavat”ın lideri M.Ə.Rəsulzadə olmuşdur [7.s.192]. M.Ə. Rəsulzadə 1914-cü ildə nəşr etdiyi "Dirilik” dərgisində "Milli dirilik” məqaləsini yayınlamaqla Azərbaycan türklərinin siyasi düşüncəsində Ümmət dövrünü qapatmış, millət dövrünü başlatmışdır. Rəsulzadə Milli Dirilik adlı məqaləsində etnik birliklərin üç mərhələli iyerarxiyadan təşkil olunduğunu yazmışdı: Qövmiyyət , Milliyyət və Millət. ..Rəsulzadənin fikrincə qövmiyyət-narodnost (xalq) sadəcə nəsil və dil birliyini əhatə edir. Onun fikrincə eyni əcdaddan gələn və eyni dildə dnışan kiçik bir əşirət və ya qövmə qövmiyyət anlayışı tətbiq oluna bilər. Qövmiyyətlə müqayisədə milliyyət etnik birliklərin daha yüksək inkişaf mərhələsini təşkil edir. Beləki, Milliyyət üçün qan qohumluğu artıq önəmini itirir. Dil və kültür birliyi ön plana çıxır. Millət isə Rəsulzadəyə görə dil birliyi, adət və əxlaq birliyi, tarixi ənənələr və dini inanc birliklərinin birləşməsindən ibarət təşkilatlanmış bir bütündür [18.s.183]. Rəsulzadə yazırdı. Millət dövlət olmaq əzmində olan milliyyətdir [18.s.188]. 1915-ci ildə Türkiyədən Bakıya qayıtmış və nəşr etdiyi "Açıq söz” qəzeti ilə "Müsəlman” və "Tatar” kəlmələrini "Türk” kəlməsi ilə dəyişdirməyə nail oldu, millətə Sən Türksən, Rus Hakimiyyətinə biz Türkük deyə xitab etdi [18.s.187]. Müsavat partiyasının 1917-ci ildə toplanan birinci konqresində "türkçülük-millətçilik” ideyası belə qeyd olunurdu. "Yalnız din birliyi müasir mənada bir milləti təşkil edə bilməz. Milləti müəyyən edən müştərək əlamətlərdən başlıcası dil, adət və ədəbiyyatdır. Bu baxımdan bütün türklər bir millətdir”. "Təbii, dövlətin milli olduğu, millətin də yalnız dinlə deyil, başlıca dilə istinad etməsi qənaətinə gələrək bugünkü gün dağınıq olan türk dünyasının bir gün birləşəcəyinə və müttəfiq bir türk aləmi təşkil edəcəyinə inanırıq” [7.s.186-187].
14. Milli Muxtariyyət ideyasından Milli İstiqlal Hərəkatına keçid
23 fevral 1917-ci ildə Rusiyada baş verən burjua-demokratik inqilabı nəticəsində çarlıq rejimi devrildi. 28 fevralda Dövlət Duması Rusiyanı idarə etmək məqsədilə Müvəqqəti Hökümət qurdu. Müvəqqəti hökümətin qərarı ilə 3 mart 1917-ci ildə başında Rus Kadet V.A. Xarlamov, üzvləri Türk kadet M..Cəfərov, Gürcü sosial-demokrat K.Abaşidze, erməni kadet M.Papacanov, Rus kadet P.Pereverzevdən ibarət Cənubi Qafqaz Xüsusi idarəsi OZAKOM yaradıldı. 5 martdan etibarən OZAKOM-un sədrliyinə Gürcü menşevik A.Çhenkeli gətirildi. Bununla birlikdə burjaziya hökümətinə qarşı olan bolşeviklər və sol yönümlü təşkilatlar fəhlə.kəndli və əsgər millətvəkillərindən təşkil edilmmiş Qafqaz Komitəsini qurdular. 5 martda Bolşeviklərin Qafqaz Komitəsinin Bakı İdarəetmə Komitəsi qurulmuşdu. Bu dövrdə Rusiyada Burjua Müvəqqəti hökümətə tabe olan OZAKOM Bakıda bu höküməti tanımayan fəhlə, kəndli, əsgər millətvəkillərindən ibarət inqilabçı Sol proqrama malik Bakı Soveti rəhbərliyi altında Bakıda ikihakimiyyətlilik hökm sürürdü. Bu dövrdə bütün Rusiyada və Qafqazda fəaliyyət göstərən Rus mərkəzli internasionalist və Rus millətçiliyi siyasi görüşlərini əsas alan bolşevik, menşevik və Es er partiyalarının proqramında Qafqaz Türklərinin gələcəyi və milli məsələlər haqqında müddəalar əks olunmamışdı. Türk-Müsəlmanlarının gələcəyinin və milli müqəddəratının təsbiti və təhlükəsizliyinin qorunması məqsədilə Müsavat partiyası rəhbərliyində 1917-ci ilin martında Bakı Müsəlman ictimai təşkilatlarının müvəqqəti komitəsi-BMİTMK quruldu. Bu Komitə əsasında Türk müsəlman əhalinin milli demokratik təşkilatı olan Müsavat partiyası gücləndirildi. Gəncədə isə Nəsib Bəy Yusifbəyli öndərliyində Türk federalist Partiyası quruldu. Rusiya Müsəlmanlarının Tələbləri 1917-ci ildə Bakıda keçirilmiş Qfqaz müsəlmanları qurultayında və Moskvada keçirilmiş Rusiya Müsəlmanları qurultayında irəli sürüldü. 1917-ci il oktyabrında Leninin liderliyində bilşeviklər silahlı üsyan edərək Müvəqqəti höküməti devirdilər. Bakıda fəaliyyət göstərən sol görüşlü bolşeviklər Peterburqda qələbə çalan Bolşevik inqilabının təsiri ilə 2 noyabrda Bakı Sovetinin yeni konfransını keçirərək Bakıda Sovet İdarəçiliyinin qurulduğunu elan etdilər. Rusiyada bolşeviklərin qurduğu Rusiya Sovet Federal Sosialist Cümhuriyyəti xalq Komissarları Sovetinə (RSFSC XKS) birləşmək istəməyən Gürcü Menşeviklər, Müsavat, Daşnaksütyun və Es er partiyaları Rusiya Bolşevik Hökümətini tanımadıqlarını elan etdilər və Tiflisdə Müstəqil Cənubi Qafqaz idarəçiliyi qurdular. 11 noyabr 1917-ci ildə bu qurumun Cənubi Qafqaz Komissarlığı adı ilə fəaliyyət göstərəcəyi elan edildi. Quruma Gürcüstandan . Gekeçkori (sədr), A. Çxenkeli, Azərbaycandan F.X.Xoyski, M..Ceferov, H.Melikaslanovdan ibarət rəhbər heyəti nin başçılıq edəcəyi açıqlandı. 1918-ci ilin 22 yanvarında Müstəqil Cənubi Qafqaz İdarəçiliyi Cənubi Qafqazdan Rusiya Müəssisələr Məclisinə seçilmiş millət vəkillərinin toplantısının qərarı ilə Cənubi Qafqaz Seyminə çevrildi. Seymin açılış iclası 1918-ci ilin fevralın 25-də Tiflisdə oldu və Gürcü Gegeçkori öndərliyində Cənubi Qafqaz Hökümətinin qurulması qərara alındı. Cənubi Qafqaz Seymində Azərbaycandan M.Ə.Rəsulzadənin rəhbərliyi altında Müsavat, İttihad, Hümmət və Müsəlman sosialistlər blokundan cəmi 44 millət vəkili təmsil olunurdu. Beləliklə qeyd etməliyik ki, 1918-ci ilin əvvəllərində Cənubi Qafqazda iki idarəetmə sistemi fəaliyyət göstərirdi. Çar dövrünün inzibati bölgüsü əsasında mövcud olan Bakı Valiliyində Rusiya Bolşevik Hökümətinə bağlı olan Bakı Soveti , Cənubi Qafqazın geri qlan hissəsində isə Cənubi Qafqaz Seym höküməti hakim idi [15.s.57].
Rusiyada bolşevik çevrilişi nəticəsində əldə etdiyi höküməti gücləndirmək və fəhlə kəndli diktatorluğuna əsaslanan Sovet sosializm cəmiyyəti qurmaq üçün vaxt qazanmaq məqsədilə Lenin İngiltərə-Rusiya-Fransa-ABŞ dövlətlərinin, Almaniya-Avstriya-Macarıstan- Osmanlı – Bolqarıstan birləşmiş dövlətlərinə qarşı apardığı müharibədən Rusiyanın çıxması siyasətini dəstəkləməyə başladı. Rusiya müharibədən çıxmaq məqsədilə 3 mart 1918-ci ildə İttifaq dövlətləri ilə Brest –Litivsk Müqaviləsini bağladı [26.s.42]. Brest Litovsk müqaviləsi zamanı Ermənilərin Türkiyə Ermənistanı adlandırdıqları Qars, Batum, Ərdahan bölgələrinin ermənilərə verilməsi tələbi rədd edildi. Erməniləri dəstəkləyən Rusiya bu bölgələrin Osmanlı tabeçiliyində qalmasını rəsmən təsdiq etdi. Müqaviləyə əsasən Rusiya işğal etdiyi Şərqi Anadolu torpaqlarını Rus-erməni hərbi birləşmələrindən boşaltmalı, öz ordularını geri çəkməli idi. Müqaviləyə əsasən Rusiya öz ordularını Qars, Ərdəhan, Batumdan çıxaracaq və bu bölgələrdə 1877-1878-ci illərdə baş vermiş Türk-Rus müharibəsinə qədərki sərhəd xətti bərpa olunacaqdı [20.s.276]. Bu müqavilə bağlanarkən Batuma ərazi iddiası sürən Gürcülərə və Şərqi Anadoluya iddia edən ermənilər qarşı Türk-Müsəlman Fraksiyası Türkiyəni dəstəkləmişdir [15.s.59]. Türkiyə ilə Cənubi Qafqaz Seyminin Batum və Trabzon konfransları zamanı M.Ə.Rəsulzadə liderliyində Seymin Müsəlman Fraksiyası " Cənubi Qafqaz türkləri ilə Osmanlı Türklərinin həyat mənafeləri və siyasətləri bir-birinə bağlı olduğundan, Cənubi Qafqazın siyasi müqəddəratını həll edərkən Osmanlı siyasətinə uyğun hərəkət etmək lazımdır” qərarı qəbul edilmişdir [23.s.40]. 5 dekabr 1917-ci ildə Cənubi Qafqaz komissarlığı ilə Osmanlı Türkiyəsi arasında bağlanmış müqaviləyə əsasən Qafqaz sərhədlərindən geri çəkilən Rus əsgərləri Rusiyaya Bakı üzərindən qayıtmalı idi. Geri qayıdarkən Rus hərbi birləşmələri silahlarını Erməni və Gürcülərə və Bakıdakı Bolşevik hökümətinə təslim etdikləri üçün Azərbaycan Türkləri silahlı bolşeviklər və ermənilər qarşısında müdafiəsiz qaldılar. Rusiyaya geri qayıdan , aralarında malakanların da olduğu ermənilərdən ibarət olan Çar Ordu birlikləri Qafqazda keçdikləri bölgələrdə türk-müsəlmanlara qarşı kütləvi soyqırımlar həyata keçirirdilər. "1917-ci ilin dekabrından 1918-ci ilə qədər Türklərin yaşadığı 197 kənd yandırılmış və əhalisi qətl edilmişdi. Andranik və Hayk Bjşkyanın rəhbərlik etdikləri Erməni silahlı dəstələri İrəvan qəzasının 32 kəndində 3015 ailəni (19.005 nəfər), Üç Kilsə (Eçmiəzdin) qəzasında 84 kəndi və 5493 ailəni (35.784 nəfər), Yeni Bəyazid qəzasında 7 kəndi və 668 ailəni (4.649 nəfər) yandırmış və qətl etmişlər [1.s. 6]. Osmanlı torpaqlarını tərk edən erməni və rus hərbi birlikləri Şaumyan liderliyində qurulmuş Bakı Komissarlığının tabeliyinə keçirdi. Bu dövrdə Bakı Soveti qeyri müsəlmanlardan, rus dilli xalqlardan ibarət Qızıl Ordu birlikləri formalaşddırmaqda idi. Şaumyanın rəhbərliyi ilə Bakı Komissarlığında İnqilabı Müdafiə Komitələri adlı silahlı ordu formalaşdırıldı. Daşnaksütyun və Erməni Milli Şurası da Şaumyanla birləşərək Bakıda 31 mart 1918-ci ildə Türk-Müsəlmanlara qarşı soyqırım həyata keçirildi. Bakıda Soyqırım aprelin 2-nə qədər davam etdi. Rus-Erməni hərbi birləşmələri Salyan, Ələt, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Gəncə, Qarabağ, Zəngəzur, Vedibasar, Basarkeçər, Göyçə bölgələrində mart soyqırımlarını davam etdirdi. Təkcə Bakıda 30 min, Şamaxıda 8 min insan öldürülmüş 72 kənd yandırılmışdı. Azərbaycan türklərinə qarşı həyata keçirilən Erməni-bolşevik qətliamlarının məqsədi yerli türk-müsəlmanları soyqırıma uğratmaq və bütün Azərbaycanı ələ keçirərək burada "Cənubi Qafqaz Erməni dövləti” yaratmaq idi. "Türkiyə Ermənistanı” qurmaq planlarını həyata keçirə bilməyən Ermənilər Cənubi Qafqazda Erməni Dövləti qurmaq məqsədilə Osmanlıda Türklərə qarşı həyata keçirdikləri soyqırımları Şaumyanın rəhbərliyi ilə qurulmuş 20.000 erməni-rus hərbi birləşməsi vasitəsilə Azərbaycanda davam etdirirdilər [21.s.145]. Cənubi Qafqazda Türk-müsəlmanlara qarşı həyata keçirilən soyqırımlar və bu soyqırımların qarşısını almaq məqsəilə Cənubi Qafqaz Seyminin Türk fraksiyasının Osmanlı höküməti ilə Trabzon və Batum müqavilələrinin bağlanmasının Ermənilər və Gürcülər arasında narazılıq doğurması, həmçinin Gürcü, Erməni və Türk milli maraqlarının qarşıdurması nəticəsində Cənubi Qafqaz Seymi özünü buraxdı. 27 may 1918-ci ildə Seymin Türk –müsəlman Fraksiyası öz iclasını keçirərək Azərbaycanın Müstəqilliyi haqqında qərar qəbul etdi və M.Ə.Rəsulzadə başqanlığında Milli Şuranın yaradıldığını bəyan etdi. 1918-ci il mayın 28-də Milli Şura 6 bənddən ibarət "Azərbaycan Dövlətçiliyi tarixində ilk Konstitusiya aktı-İstiqlal Aktını qəbul etməklə Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını elan etdi [14.s.308] və İstiqlal Bəyannaməsi ilə Azərbaycan Türklərinin maarifçilik hərəkatının ideallarından yoğrulmuş Türk, Azərbaycan Cümhuriyyət idealının gerçəkləşdiyini bütün dünyaya bəyan etdi.
15. Millət-Dövlət quruculuğu prosesi. Azərbaycan cümhuriyyətinin sosial ideyaları. Ərəbləşmə, Farslaşma, Ruslaşma prosesinə son qoyulması. Türk Kimliyinə qayıdış
Dünya tarixinin ən demokratik dövlət qurumlarından biri, türk-müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AХС) qısa bir müddətdə (1918-1920) həyata keçirdiyi yeni cəmiyyət quruculuğu yönündəki fəaliyyətlər diqqəti cəlb etmək¬dədir. "Azərbaycan Xalq cümhuriyyətinin qurulması ilə başlayan yeni cəmiyyət quruculuğu prosesi milliyyətçilik ideologiyasının təsiri altında həyata keçirilirdi. Türkçülük dövlət siyasətinin əsasını təşkil edirdi. Cümhuriyyət hökümətinin milli təhsil siyasəti bu missiya ətrafında formalaşmışdır. Təhsil hədəf və strategiya kimi yeni cəmiyyət quruculuğunda iki prosesi həyata keçirəcəkdi.1) Ümmətdən millətə keçid prosesində milli mədəniyyəti cəmiyyətin bütün təbəqələrinə aşılamaq surəti ilə dildə və düşüncədə uyumlu bir birlik, bütünlük meydana gətirmək, ortaq sosio-mədəni dünyagörüş formalaşdırmaq. 2) Milli mədəniyyət ətrafında sıx birləşməklə millətləşmə prosesini sürətləndirməli və tamamlamalı. Bu məqsədlə ilk olaraq millətləşmə prosesinin təməl daşlarından olan dil və tarix seçilmişdi [24.s.133]. Hökümətin qəbul etdiyi 27 iyun 1918-ci il tarixli qanunla "Dövlət dili Türk dili” elan edildi. Türk dilinin dövlət dili elan edilməsi haqqında qərara əsasən, ölkədə məhkəmə, inzibati idarəçilik və digər vəzifələri dövlət dilində həyata keçirilməkdə idi [3.s.162]. 18-ci il dekabrın 27-də ADR-in hərbi naziri Səməd bəy Mehmandarovun 34 saylı əmri ilə türk dili orduda da döv¬lət dili qəbul edilmişdi. Türk dilinin sözün əsl mənasında döv¬lət dili kimi işlənməsi təcrübəsi geniş şəkildə ilk Azərbaycan Parlamentinin dilində əksini tapmışdır. Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türk¬cəsi idi və rəsmi sənədləşmə işləri dövlət dilində tərtib edilirdi [3.s.162]. Eyni zamanda 24 avqust 1918-ci il tarixli "Xalq Təhsili haqqında” qanunla ilk, orta və ali məktəblərdə təhsilin türk dilində həyata keçirilməsinə qərar verildi. Bununla bərabər Təhsil nazirliyi tərəfindən qəbul olunan qərarla 7 oktyabr 1919-cu ildə məktəb müdürlərinə göndərilən təlimatnamələrdə əlifba, hazırlıq və birinci siniflərdə təhsil almaq istəyən türk gənclərinə yalnız türkcə oxuyabiləcəkləri xüsusi bildirilməkdə idi. Hökümətin 23 avqust 1919 tarixli qərarı ilə "Rusiyanın koloniya siyasətinə haqq qazandırdığı və Azərbaycanın müstəqilliyinə qarşı olması” səbəbilə Rus tarixi və coğrafiya dərslərinin keçilməsi qadağan edildi [22.s.593]. Üzeyir Hacıbəyli Azərbaycan qəzetində "Artıq yetər” başlıqlı məqaləsində bu qərarları "Azərbaycan Türklərinin milli mənfəətlərinə uyğun qərarlar” adlandırıraraq alqışlayardı. Məktəblərdə tədris edilən dərs proqramlarında Türk Tarixi,Türk Coğrafiyası,Türk dili və ədəbiyyatının öyrədilməsinə xüsusi önəm verildi. Tədris proqramlarında, "Bəlli bir coğrafiyada eyni dövlət çatısı altında yaşayan bir xalqın tarixi deyil, dil və mədəniyyət birliyinə sahib olan, Asiyanın geniş ərazisinə yayılmış bütün bir Türk millətinin tarixinə” xüsusi önəm verilməklə ümumi bir Türk anlayışı aşılanmaqda idi [22.s.591]. Azərbaycan Demokratik Respublikası yarandığı ilk gün¬dən xalq maarifinin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirirdi. 1918-ci il iyulun 23-də Azərbaycan Hökuməti ölkənin tədris müəssisələri üçün Türkiyədən müəllim kadrları dəvət etmək və dərs vəsaiti tədarükü haqqında xüsusi qərar qəbul etdi. Türkiyə həyatı ilə yaxşı tanış olan Əhməd bəy Ağayevin bu məqsədlə İstanbula ezam edilməsi Xalq Maarif Nazirliyinə tövsiyə olundu [3.s.167].Türkiyədən 50 nəfərə yaxın müəllim dəvət edildi. 1919-cu ildə "Türk əlifbası”, "Təzə elmi-hesab”, "İkinci il”, "Yeni məktəb”, "Ədəbiyyat dərslə¬ri”, "Müntəxəbat”, "Türk çələngi”, "Tarixi-təbii”, "Rəhbər cəbr” dərslikləri nəşr olundu [3.s.167]. Azərbaycanla osmanlı höküməti arasında razılaşmaya əsaslanaraq 1919-cu ildə 50 nəfər tələbə Osmanlıda oxumağa göndərildi.
1918-ci ildə Qori müəllimlər seminariyası Tiflisdən Qazax şəhərinə köçürülmüşdü və onun müdürlüyünə ilk "Türk ədəbiyyatı taixi” əsərini yazmış məşhur pedaqoq Firudun bəy Köçərli təyin olunmuşdu [22.s.591]. Azərbaycan parlamenti 1919-cu il sentyabrın 1-də Bakıda dövlət universitetinin açılması haqqında qanunla bərabər, 1919-1920-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında da qərar qəbul etdi. Milli hökumət Xalq Maarifi Nazirliyi qarşısında, üç ali məktəbin - Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması məsələsini qoymuşdu. Lakin o dövrdəki tarixi şərait yalnız bir ali məktəbin - Bakı Dövlət Universitetinin açılmasına imkan verdi. 1919-cu il noyabrın 15-də universitetin auditoriyalarında ilk mühazirələr başlandı. "Osmanlı yazarı İsmail Hikmət Universitetin açılması ilə bağlı yazısında "Tarixdə Atina universitetinin yeni bir Yunanıstan ortaya çıxardığını kim inkar edə bilər...Bir məmləkətdə bir millətin siyasi və milli həyatında darülfünunların və akadmiyaların ortaya çıxmasını inkişaf və yüksəliş kimi qiymətləndirmişdir [22.s.593]. "1919-cu il sentyabrın 15-dən etibarən Bakı, Gəncə, Şuşa, Nuxa, Zaqatala və Qazaxda yaş¬lılar üçün türk dilini öyrədən kurslar açıldı. 1919-cu ildə Bakıda Türk tarix və mədəniyyətini öyrənmək məqsədilə "müsəlman Şərqini öyrənən cəmiyyət” tə¬sis edilmişdi [3.s.168]. Cəmiyyətin başlıca məqsədi Azərbaycan, Türkiyə,Türküstan, İran kimi Türk ölkələrinin tarixi, mədəniyyəti, coğrafiyası, ekologiyası, etnoqrafiyası haqqında elmi tədqiqatların aparılması və bu ölkələrlə Azərbaycanın sosio-mədəni bağlarını gücləndirmək, qarşılıqlı mədəni mübadiləsini təmin etmək idi [22.s..595]. Xalqın qədim dövr mədəniyyətini araşdırmaq məqsədilə 1920-ci ilin əvvəllərində Xalq Maarifi Nazirliyində arxeologiya şöbəsi ya¬radılmışdı. Rus imperiyasının ruslaştırdığı Azərbaycan toponimləri bərpa olunmuş, 6 minə yaxın kənd, qəsəbə, şəhər, yer adları bərpa edilmiş, Rus işğalından sonra Yelizavetpol adlanan Gəncə şəhərinin adı özünə qaytarılmışdı.
Azərbaycan cümhuriyyətinin mənimsədiyi milliyyətçi düşüncənin ideoloji təşkilatları arasında Türkçülüyün və Türk kimliyinin alovlu müdafiəçiləri Əhməd Ağaoğlu və Əlibəy Hüseynzadənin də qurucuları arasında olduğu 1912-ci ildə İstanbulda qurulmuş "Türk ocaqları” təşkilatının missiyasını davam etdirən "Bakı ocağı”olmuşdur. "Bakı ocağı”nın məqsədi "Osmanlı Türkləri ilə Azərbaycan Türklərinin inteqrasiyasına nail olmaq və mədəni əlaqələri inkişaf etdirmək” idi [24.s.138]. "Bakı Ocağı”nın qurucuları arasında Abdulla Şaiq, A,Kazımzadə, Nağıyev, Mikayılov kimi milliyyətçilər var idi. 1919-cu ildə Müsavat partiyasının qərarı ilə, Türk ocaqlarının Bakı şöbəsi yaradıldı və M.Ə.Rəsulzadə, G.R.Şərifzadə, Ş.Rüstəmbəyov, R.Ağabəyov, M.Şıxzamanov şöbənin aktiv təmsilçiləri kimi türkçülük düşüncəsinin cəmiyyətin bütün təbəqələri arasında yayılmasına çalışırdılar.
Bu dövrdə eyni məqsədlə "Müəllimlər birliyi”, "Cəmiyyət birliyi”, "Müsəlman Tələbələr Birliyi”, "Qurtuluş”, "Turan”, "Yaşıl qələmlər” ədəbi birliyi, İslam incəsənətini və mədəniyyətini mühafizə cəmiyyəti, və təşkilatlar fəaliyyət göstərirdi [22.s.595]. Hökumət xalqın milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayan muzeylərin, dövlət və kütləvi kitabxanalarının, digər maarif və sənət ocaqlarının açılması sahəsində də bir sıra tədbirlər həyata keçirmişdi. .Milli kitabxananın yaradılması məqsədilə, Azərbaycana aid kitabları, qəzet və jurnalları, əlyazmaları və digər qaynaq¬ları toplamaq üçün Hökumət tərəfindən İstanbul, Qahirə, Bey¬rut və Avropanın bir sıra paytaxt şəhərlərinə mütəxəssislər ezam edildi. Parlamentin 1919-cu il sentyabrın 18-də qəbul etdiyi qanuna görə, xalq məktəbləri kitabxanalarına türk dilində yeni kitablar almaq üçün dövlət xəzinəsindən Xalq Maarifi Nazirliyinin sərəncamına 1 milyon manat verildi [3.s.169]. 1919-cu ilin dekabrında "İstiqlal” muzeyinin açılması Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə oldu. Muzeyin açılışının Azərbaycan Parlamentinin fəaliyyətinin bir illiyi gününə - 7 dekabra təsadüf etməsi də rəmzi məna kəsb edirdi.
Azərbaycan mətbuatı tarixində 1918-1920-ci illər, bütün əvvəlki dövrlərə nisbətən, ən yüksək inkişaf mərhələsidir. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından, milli mədəniyyətin mühüm tərkib hissəsi kimi, Azərbaycan həyatının canlı salnaməsinə çevrildi [3.s.163]. ADR dövründə "İstiqlal” (1918-1920), "Azərbaycan” (1918-1929), "Övraqi-nəfısə” (1919), "Müsəlmanlıq” (1917- 1919), "Qurtuluş” (1920), "Mədəniyyət” (1920), "Gənclər yurdu” (1918), "Şeypur” (1918-1919), "Zənbur” (1919) kimi milli istiqlal ideyalı mətbuat orqanları nəşr olunmuşdur. Milli istiqlal elan edildikdən sonra, milli mətbuatın əsas vəzifəsi milli dövlətin qorunub saxlanmasından, daxili və xarici təhlükələrə qarşı ideoloji mübarizə aparmaqdan ibarət idi. Bu məqsədlə, 1918-ci ildə nəşrə başlayan və müxtəlif vaxtlarda redaktorları Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahim olan "Azərbaycan” qəzetiııin mühüm rolu olmuşdur. "Azərbaycan”ın başlıca məramı yenicə qurulmuş milli Hökuməti müdafiə etmək idi. Cümhuriy¬yətin bütün ictimai-siyasi, iqtisadi və mədəni təsisatlarının ta¬rixi mənzərəsi bu qəzetdə öz əksini tapmışdır. Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Xəlil İbrahim, Fərhad Ağazadə, Hacı İbrahim Qasımov, Məhəmməd ağa Şahtaxtlı, Adil xan Ziyadxanov, Əlabbas Müznib, Şəfiqə Əfəndizadə, İstanbulda təhsil alan Əmin Abid və digər ziyalıların "Azərbaycan” qəzetinin səhifələrində dərc olunan mə-qalələri, əsərləri Azərbaycan tarixinin, mədəniyyətinin, maarifinin inkişafına, milli şüurun oyanmasına, milli özünüdərkin təşəkkülünə yardım etmiş, azərbaycançılıq, istiqlalçılıq, türkçülük, islamçılıq, müasirlik məfkurəsinin təbliğində mühüm rol oynamışdır. Qəzet səhifələrində Məhəmməd Hadi, Əhməd Cavad, Seyid Hüseyn, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli və başqa vətənpərvər, yurdsevər şair və ədiblərin milli müstəqillik hissləri aşılayan, "vətən qayğısı və millət duyğusunu hər şeydən üstün tutmağa” çağıran əsərlərinə geniş yer verilirdi [3.s.164]. Azərbaycanın 1918-1920-ci illərdəki dövriü mətbuatı əhalinin müxtəlif zümrələrinin maraqlarını əks etdirirdi. Belə ki, gənclərə məxsus "Gənclər yurdu”, tələbə və müəllimlərə aid "Əfkari-müəllimin”, elm və incəsənət xadimlərinin "Mədəniyyət” kimi qəzet və dərgiləri nəşr olunurdu. 1919-cu il martın 11-də nəşrə başlayan "Övraqi-nəfısə” dərgisi Azərbaycan mətbuatı tarixində ədəbiyyat və incəsənətdən bəhs edən ilk dövri mətbuat orqanı idi. 1919-cu ilin mart- avqust aylarında Bakıda cəmi 6 nömrəsi nəşr edilmiş həmin jurnalın redaktoru Əli Abbas Milznib, naşiri bəstəkar Zülfuqar bəy Hacıbəyli, rəssamı Əzim Əzimzadə idi. Dərginin səhifələrində Firidun bər Köçərli, Abdulla Şaiq, Camo bəy Cəbrayıl- bəyli, Zülftiqar Hacıbəyli, Əlabbas Müznib, Əmin Abid. Məhəmməd Hadi və başqa millətlər çıxış edirdilər. İlk nömrəsi 1920-ci ilin əvvəlində çıxmış "Qurtuluş” dərgisi da ədəbi-mədəni sahədə xeyli iş görmüş, Azərbaycan xalqının milli mədəniyyətinin təbliğinə çalışmışdır. Vətənpər-vər və milliyyətçi ziyalılardan Abdulla Şaiq, Hüseyn Cavid, Salman Mümtaz, Feyzulla Sacid, Əli Yusif, Əbdürrəhman Dai və başqaları bu dərgi ilə əməkdaşlıq etmişlər [3.s.165]. Ümumiyyətlə, 1918-1920-ci illərin mətbuatı o dövrə qədərki Azərbaycan milli mətbuatının - "Əkinçi” (1875-1877), "Ziya” (1879-1880), "Ziyayi-Qafqaziyyə” (1880-1884), "Kəşkül” (1883-1891), "Şərqi-Rus” (1903-1905), "Həyat” (1905- 1906), "İrşad" (1906), "Füyuzat” (1906-1907) və sair qəzet və jurnalların demokratik ənənələrinin yekun mərhələsi idi [3.s.165]. ADR dövründə ədəbi prosesi tənzim edənlər və yara¬danlar - Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədza-də, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir və Ceyhun bəy Hacıbəyli qardaşları, Hüseyn Cavid, Cəlil Məm¬mədquluzadə. Məhəmməd Hadi, Əhməd Cavad, Abdulla Şaiq, Salman mümtaz, Əlabbas Müznib və başqaları idilər. Xüsusən, "Cümhuriyyət şairi” Əhməd Cavadın, Əli Yusif, Ümmügülsüm, Əmin Abid (Gültəkin), Cəfər Cabbarlı, Bədri Seyidzadə, Mürşid, Davud (Ağamirzadə), Əli Şövqi kimi gənclərin şeirləri el arasında sürətlə yayılır, marşa, himnə, nəğməyə çevrilirdi. Azərbaycanın istiqlalına, milli dövlətə, bayrağa və gerbə, türkçülük idealına, ümumbəşəri və islami dəyərlərə həsr olunmuş ən yaxşı ədəbi-bədii, elmi-publisistik, fəlsəfi-tarixi əsərlər məhz ADR dövründə yaranmışdır. Azərbaycanın tam müstəqilliyi və istiqlalı ideyası əksər ziyalıları bir bayraq altında bir¬ləşdirir və ədəbi hərəkat da ən çox bu yöndə irəliləyirdi. İstiqlal hərəkatının ideoloqları Avropada və Rusiyada vüsət tapan xristian birliyi hərəkatı müqabilində "türkləşmə, islamlaşma və müasirləşmə” ideyasını irəli sürür və onun qələbəsinə çalışırdılar. Bu ideya Azərbaycanda siyasi, sosioloji və fəlsəfi istiqamətə yönəlir, azərbaycançılıq təlimi ilə qaynayıb-qarışırdı.
ADR yarandığı gündən istiqlal hərəkatı fədailəri, ziyalılar milli mənlik şüurunun, milli ruhun və ideologiyanın dirçəldilməsi sahəsində, tarixi və milli varislik ənənələrinin təbliği və tədqiqində önəmli rol oynadılar. 1918-ci ilin sonlarında Bakıda "Türk gecələri” konsertlərinin təşkili də bununla əlaqədar idi. Geniş proqramlı "Türk gecələri”ndə türk xalqlarının musiqisinə və ədəbiyyatına geniş yer verilir, "Azərbaycanın müstəqilliyi”, "Türk qadınının dünyası”, "Türk tipləri", "Milli birlik” və s. tamaşalar göstərilir, tatarlar, Osmanlı türkləri, Azərbaycan və Türkiyə şair və yazıçıları, artist və rəssamlan iştirak edirdilər [24.s.139]. Gecələrdə türk xalqlarının etnoqrafiyasına və məişətinə həsr olunmuş "Türk ocağı”, "Türkmən çadrası”, "Atəşgah”, "Şərq salonları" kimi sərgilər nümayiş etdirilirdi. "Türk gecələri” konsertlərində Azərbaycan Hökumətinin üzvləri və digər siyasi xadimlər də iştirak edirdilər. Görkəmli teatr və musiqi xadimləri Hüseyn¬qulu Sarabski, Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Cahangir Zeynalov, Sidqi Ruhulla, Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyli və başqaları müxtəlif teatr və konsert tamaşaları təşkil edirdilər [3.s.172]. Ümumilikdə, fikrimizcə Azərbaycan Cümhuriyyətinin mədəniyyət quruculuğu cümhuriyyət ideyaları təməlində yeni bir Türk Dövləti, Türk cəmiyyəti və Türk insan tipi yetişdirmək idi. Bu yeni Türk İnsan tipinin siyasi və milli fəlsəfəsi Avropa Maarifçilik ideyaları , liberal dmokratik dəyərləri ilə Türk-İslam Şərq (Osmanlı, Səfəvi, Babur, Şeybani) inancının Tövhid (oxu: Allahın Təkliyinə iman) , kollektiv iradə (oxu: Çingiz xan və Qara Yusif Qanunnamələri) , sosial həmrəylik (oxu: Əxilik, Solidarizm), Ədalətli idarəetmə (oxu: Nizami Gəncəvi yaradıcılığı), irfan mədəniyyəti (oxu: Sufizm), mənəvi-əxlaqi yüksəlişi əsas alaraq İnsandan İşraqa çevrilən asket insan tipi (oxu: Şəms Təbrizi Qanunları, Ş. Sührəvərdi İşraqiliyi, Ələvilik (Vəhdət - əl Vücud), Qızılbaşlıq, Muğam) dəyərləri ilə sintezləşərək , Oğuz xaqanın "Ey Türk Özünə dön. Sən Özünə dönəndə böyük olursan!”, Ə. B. Topçubaşovun "Yaşa və başqalarını da yaşamağa qoy!”, M.Ə. Rəsulzadənin, "İnsanlara hürriyyət, Millətlərə istiqlal!”, Ə. B. Hüseynzadənin "Türkləşmək, İslamlaşmaq, Çağdaşlaşmaq” ideyalarında əks olunmuşdur.
Nəticə
Tarixi faktlar göstərir ki, Azərbaycanda istiqlal ideyası müxtəlif inkişaf mərhələləri keçmişdir. 1870-ci illərdən M.F.Axundovla başlayaraq, H.B.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Sabir, Ü.Hacıbəyli və bir çox maarifçilərin, H.Z.Tağıyev başda olmaqla Türk burjaziyası və aydınlarının fəaliyyəti ilə yüksəliş mərhələsi keçirmiş marifçilik hərəkatı 1905-1907-ci illər I Rus İnqilabı nəticəsində Çar Nikolayın qəbul etdiyi "Azadlıq Manifestinin” imzalanması ilə yeni siyasi mərhələyə qədəm qoymuşdur. Rusiya işğalı altında olan Türk-Müsəlman xalqları Çar Manifestində elan olunan azadlıqlardan bəhrələnmək məqsədilə geniş mübarizəyə başlamışlar. Cənubi Qafqaz Türkləri Çar Rusiyasından öz milli haqlarını tələb etmək məqsədilə Ə.B.Topçubaşovun liderliyi ilə "Rusiya Müsəlmanları İttifaqı”Partiyası yaratmışlar. Eyni zamanda Rusiya Dövlət Dumasında Ə.B.Topçubaşov liderliyində "Türk-Müsəlman Fraksiyası” fəaliyyət göstərmişdir. Rusiya Türk müsəlmanlarının haqları uğrunda mübarizə 1917-ci il fevral-burja inqilabına qədər Rusiya müsəlmanları İttifaqı Partiyası və Dövlət Dumasındakı Türk Müsəlman Fraksiyası vasitəsilə sivil, demokratik, qanuni – leqal yollarla Ə.B.Topçubaşov liderliyində həyata keçirilmişdir.
1917-ci il Rusiyada gerçəkləşən Fevral-burjua inqilabından sonra Rusiya Türklərinin gələcəyi və müqəddəratı ilə bağlı Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayında və 1917-ci ildə Moskvada keçirilən Rusiya müsəlmanlarının Moskva qurultayında Azərbaycan Milli Hərəkatı M.Ə.Rəsulzadənin liderliyi ilə yeni bir siyasi mərhələyə qədəm qoymuşdur. M. Ə. Rəsulzadə liderliyində Azərbaycan xalqı Rusiyanın xalqların ərazi muxtariyyətinə əsaslanmaqla federativ bir dövlət quruluşuna çevrilməsi uğrunda mübarizəyə başlamışlar. 1917-ci il mayın əvvəllərinə kimi "Musavat” partiyasının liderləri və onların tərəfdarları Rusiya bolşevik hərəkatının millətlərə milli müqəddarat hüququnun verilməsi tələblərinə uyğun olaraq Rusiya imperiyası tərkibində Azərbaycana mədəni-milli muxtariyyat verilməsini tələb etmişlər. 1917-ci ilin yazında Ümumrusiya müsəlmanlarının Moskva qurultayında M.Ə.Rəsulzadənin məruzəsi əsasında müsəlman vilayətlərinə ərazi muxtariyyatı verilməsi tələbi irəli sürüldü. Qurultay nümayəndələrinin əksəriyyəti (717 nəfərdən 446-sı) Rusiyanın federativ respublikaya çevrilməsi lehinə səs verdi. Federalistlər Əhməd Salikov başda olmaqla tatar milli ziyalılarının müdafiə etdiyi unitaristlər üzərində qələbə çaldılar. 1917-ci ilin oktyabrında Rusiyada Leninin rəhbərliyi ilə baş verən bolşevik çevrilişindən sonra isə Azərbaycan Türkləri M.Ə.Rəsulzadə öndərliyində Milli İstiqlal uğrunda mübarizəyə qədəm qoymuşdur.
Tarixi faktlar göstərir ki, Azərbaycan İstiqlal ideyasının təbliğində və inkişafında "Hümmət” (1904), "Mücahid” (1905), "İttifaqi-müsliman” (1906), "Ədalət” (1916), "İrşad” (1917), "Türk-ədəmi mərkəziyyət” (1917) və bu kimi milli-demokratik və sosial-demokratik partiyaların, xüsusilə” müsəlman demokratik "Musavat” partiyasının müstəsna rolu olmuşdu.
Bakıda 1918-ci ildə Rusiya Bolşevik Hökümətinin Bakı komitəsinin (Bakı Komissarlığı) sədri Şaumyanın rəhbərliyi ilə Türk-Müsəlmanlara qarşı Erməni-Rus birləşmələri tərəfindən törədilmiş mart kütləvi soyqırımı istiqlalın aparıcı qüvvəsi olan "Müsavat” partiyasının milli dövlətçilik ideyalarına güclü təsir göstərdi, onu Rusiya imperiyasını demokratik-federativ respublikaya çevirmək, burada millətlərə muxtariyyət hüququ vermək ideyasından imtina etməyə, bundan sonra tam dövlət müstəqilliyi xəttini əsas götürməyə, "Müstəqil Azərbaycan” ideyasını irəli sürməyə məcbur etdi.
1918-ci ildə mayın 28-də M.Ə. Rəsulzadə öndərliyində Azərbaycan Milli şurası Azərbaycanın İstiqlalını elan etmişdir.
Azərbaycan Xalq cümhuriyyətinin qurulması ilə başlayan yeni dövlət və cəmiyyət quruculuğu prosesi milliyyətçilik ideologiyasının təsiri altında həyata keçirilmişdir Türkçülük dövlət siyasətinin əsasını təşkil etmişdir. Cümhuriyyət hökümətinin milli təhsil siyasəti ilə yeni cəmiyyət quruculuğu iki prosesi həyata keçirməyi qarşıya məqsəd qoymuşdu. 1) Ümmətdən millətə keçid prosesində milli mədəniyyəti cəmiyyətin bütün təbəqələrinə aşılamaq surəti ilə dildə və düşüncədə uyumlu bir birlik, bütünlük meydana gətirmək, ortaq sosio-mədəni dünyagörüş formalaşdırmaq. 2) Milli mədəniyyət ətrafında sıx birləşməklə millətləşmə prosesini sürətləndirməli və tamamlamalı. Bu məqsədlə ilk olaraq millətləşmə prosesinin təməl daşlarından olan dil və tarix şüurunun təkmilləşdirilməsi qərara alınmışdı. Hökümətin qəbul etdiyi 27 iyun 1918-ci il tarixli qanunla "Dövlət dili Türk dili” elan edildi. 1919-cu ilin dekabrında "İstiqlal” muzeyinin açılması Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə oldu. Məktəblərdə tədris edilən dərs proqramlarında Türk Tarixi,Türk Coğrafiyası,Türk dili və ədəbiyyatının öyrədilməsinə xüsusi önəm verildi. Tədris proqramlarında, "Bəlli bir coğrafiyada eyni dövlət çatısı altında yaşayan bir xalqın tarixi deyil, dil və mədəniyyət birliyinə sahib olan, Asiyanın geniş ərazisinə yayılmış bütün bir Türk millətinin tarixinə” xüsusi önəm verilməklə ümumi bir Türk anlayışı aşılanmaqda idi.
Azərbaycan Cümhuriyyətinin mədəniyyət quruculuğunda əsas hədəf cümhuriyyət ideyaları təməlində yeni bir Türk Dövləti, Türk cəmiyyəti və Türk insan tipi yetişdirmək idi. Bu yeni Türk İnsan tipinin siyasi və milli fəlsəfəsi Avropa Maarifçilik ideyaları , liberal dmokratik dəyərləri ilə Türk-İslam Şərq (Osmanlı, Səfəvi, Babur, Şeybani) inancının Tövhid (oxu: Allahın Təkliyinə iman) , kollektiv iradə (oxu: Çingiz xan və Qara Yusif Qanunnamələri) , sosial həmrəylik ( oxu: Əxilik, Solidarizm), Ədalətli idarəetmə (oxu: Nizami Gəncəvi yaradıcılığı), irfan mədəniyyəti (oxu: Sufizm), mənəvi-əxlaqi yüksəlişi əsas alaraq İnsandan İşraqa çevrilən asket insan tipi (oxu: Şəms Təbrizi Qanunları, Ş. Sührəvərdi İşraqiliyi, Ələvilik (Vəhdət əl Vücud), Qızılbaşlıq, Muğam) dəyərləri ilə sintezləşərək , Oğuz xaqanın "Ey Türk Özünə dön. Sən Özünə dönəndə böyük olursan!”, Ə. B. Topçubaşovun "Yaşa və başqalarını da yaşamağa qoy!”, M.Ə. Rəsulzadənin , "İnsanlara hürriyyət, Millətlərə istiqlal!”, Ə. B. Hüseynzadənin "Türkləşmək, İslamlaşmaq, Çağdaşlaşmaq” ideyalarında əks olunmuşdur.
İstifadə edilmiş ədəbiyyat:
Abışov V.Ş. Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər). Bakı, Nurlan, 2007, 163 s.
Bigiev Musa Carullah. İslahat əsasları. Petroqrad, 1915, Rusiya Müsəlmanlar İttifaqının birinci qurultayının qərarı.15.08.1905.// TRMA, f.199.s.1, İ.722, v.13 (arxası-14; Ə.B.Topçubaşov. Rusiyada Müsəlman qurultayları.// Arcives d`Ali Mardan-bey Toptchibachi, carton n 7. CERCEC,EHESS,Paris,p.9-10, M.Dж.Бигиев.Основы реформы. 177 s.
Əhmədova. T. Azərbaycan Demokratik Respublikası dövründə sosial-mədəni vəziyyət/ Sosial kulturalogiya. Ali məktəblər üçün dərslik. M.C.Manafovanın redaktəsi ilə. Bakı. 2010. 259 s.
Həsənli Cəmil. Tarixi şəxsiyyətin Tarixi. Əlimərdanbəy Topçubasov. Azərbaycan Diplomatik Akademiyası. Bakı-2013. 587 s.
Həyat, 1905-ci il. 7 iyun № 1.
Həyat, 1906, 2 iyul.
Hüseyn Baykara. Azərbaycan İstiqlal mübarizəsi tarixi. Bakı. Azərnəşr, 1992. 276 s.
Kaspi” qəzeti, № 57, 30 mart 1905-ci il.
Mehmet Sara. Quzey və Güney Azərbaycan türklərinin tarixi. Bakı, "Şərq-Qərb”, 2010. 724 s.
Mış. M.İ. Hüquq xəbərləri. 1906-cı il, səh. 132. http://www.rasulzade.org/ideology/5_14.html
Qaraqoyunlu Yasəmən. Azərbaycan ziyalılarının Rusiya müsəlmanlarının birləşməsində oynadığı rol / Tarixi və milli-mənəvi dəyərlər kontekstində Azərbaycan Milli Kimliyi. Bakı. Elm və Təhsil. 2014. 391 s.
Qraf Vitte. Xatirələr. II cild, Berlin, 1922-ci il, səh. 1-2.http://www.rasulzade.org/ideology/5_14.html
Qurbanov. Ş. Cəmaləddin Əfqani və Türk Dünyası. Bakı, 1996. 220 s.
Rafael Ayvaz oğlu Əhmədli. Azərbaycan dövlətçilik fəlsəfəsi.Bakı, "Nurlan”, 2008. 360 s.
Rəsulzadə M. Ə. Qafqaz Türkləri. Bakı. Təknur. 2012. 111 s.
Topçibaşı Əlimərdan bəy (Tərcümeyi-hal,1862-1934)// Qurtuluş, 1934, dekabr, sayı 2, s.48.
Xəqani Məmmədov AYDINLARIMIZIN İSTİQLAL MÜCADİLƏSİ s 56. 93 s. http://www.anl.az/el/Kitab/2017/Azf-293781.pdf
Balayev Aydın. Mehmet Emin Resulzade/Azərbaycan Türklerinin önderleri. Düşleyen Ahmet Obalı. Editör prof. Dr. Nesib Nesibli. Türkiye Türkçesine aktaranlar. Orhan Uravelli, Selçuk Alkın. Ankara . Berikan Yayınevi . 2017. 524 s.
Hasanlı Cemil. Ali Merdan Topçubaşı. Azərbaycan Türklerinin önderleri. Düşleyen Ahmet Obalı. Editör prof. Dr.Nesib Nesibli. Türkiye Türkçesine aktaranlar.Orhan Uravelli, Selçuk Alkın. Ankara . Berikan Yayınevi . 2017. 524 səh. 524 s.
İrevanlı Sevil Abbasoğlu. Kafkaslardakı Kıyım ve sürgünler. Batı Azerbaycanda Rus ve Ermenilerin yaptığı soykırım. Türk dünyası araştırmaları Vakfı. Istanbul-2015. 520 s.
Karakoyunlu Yasemen. Hocalı Soykırımının tarihi-siyasi sebepleri/Türk Dünyası araştırmaları. Karabağ özel sayısı. İstanbul. Ocak-Şubat 2017. Sayı 226. 240 s.
Mehmetov İsmail. Türk Kafkasında Siyasi ve Etnik Yapı.Eski çağlardan günümüze Azerbaycan Tarihi. Eklemler, Notlandırma ve Düzenlemelerle Türkce yayına Hazırlayanlar Ekber N.Necef-Şamil Necefov. Ötüken. İstanbul. 2009. 853 s.
Sebahattin Şimşir. Mehmet Emin Resulzade. Hayatı ve Şahsiyeti. İstanbul, 2012. 189 s.
Süleymanlı Ebülfəz. Milletleşme Sürecinde Azerbaycan Türkleri. Rus İşğalından Günümüzə Sosiolojik Bir Deyerlendirme. Ötüken. İstanbul. 2006. 372 s.
Toğan Z.V. M.E. Resulzade - Turaneli dergisi. Ankara 1955. s.54
Şenel Adnan. Bolşevik devriminin Rusyadakı Türk Esirlerine Etkisi//Türk Yurdu. Ankara. Ekim 2017. Sayı 362. 95 s.
Yagublu Nesiman. Ankara.Ocak. 2015. Mehmet Emin Resulzade Ansiklopedisi. 503 s.
Бигиев. M. Дж. Основы реформы. Вступительная статья, перевод с татарского языка и примечания И.Ф. Гимадеева PAX ISLAMICA 1/2008 13 s. http://docplayer.ru/60380924-Musa-dzharullah-bigiev-osnovy-reform.html Усманова Д.М., Михайлов А.Ю. И87 Ислам и православие в позднеимперской России: Институты и социально-правовой статус (на примере Волго-Уральского региона) / Д.М. Усманова, А.Ю. Михайлов. – Казань: Яз, 2014. – 188 s. https://kpfu.ru/portal/docs/F_188139479/2.pdf
Ибрагимов. Татары в ревалюции 1905 года. Пер.с тат. Г. Мухаммедовой. Под ред. Г.Ф.Линсцера. Казан, 1926. 259 s.
Kacпий, 1907, 1 фвраля.
Kacпий, 1917, 19 апреля.
Kacпий, 1906, 1 июня.
Усманова. Д. Мусулманские представители в Российском парламенте.1906-1916 гг. М., 2005. 583 s.