BURA / ORA
Yaponiyanın dəniz qadınları Tarix : 14 Noyabr 2019, 12:39


Yaponiyanın "ama” və ya "dəniz qadınları” adlanan qadın balıqçılığı ənənəsinin tarixi 5000 il bundan əvvələ gedib çıxır. Onlar sərbəst dalğıclar hesab olunur və o zamanlar gözlükdən də istifadə etmirdilər. Bu iş onlar üçün bir gəlir mənbəyidir. Dəniz xiyarı və ya digər dəniz məhsullarını toplayıb sataraq gəlir əldə edirlər. Bu işi görənlərin hamısı qadındır. Onların əksəriyyəti 70, 80 və 90 yaşlarına qədər işlərini davam etdirirlər.

Şimoko Matsumoto (Shimoko) "Balıqçılığa getdiyim günlər səhər 5:00-da yuxudan qalxıram. Buddaya dua etdikdən sonra 7:20-də evdən çıxıram. İlk suya daldıqdan sonra 1 saat və ya 1,5 saat dayanmadan üzürəm. Sən dənizin ərazisinə mütləq bələd olmalısan. Adaya nəzər yetirdiyin zaman balıqları və dəniz xiyarının harda ola biləcəyini təxmin etməlisən” deyir. 


Onlar eyni zamanda qiymətli daş tapmaqları ilə də tanınırlar. 1893-cü ildə Kokiçi (Kokichi) Mikomoto inci yetişdirən ilk insan olur. O, "ama” dalğıclarından tapdıqları qiymətli daşları alır və Toba şəhərində öz biznesini qurur. Bu, biznes tək Yaponiyada deyil, beynəlxalq arenada da səs-küyə səbəb olub. Bu gün dünyanın bir çox yerində butikləri hələ də var. Mikomoto dalğıc qadınlar üçün xüsusi ağ paltar tikilməsini də təklif edir.

Bu gün "ama” dalğıcları Yaponiyaya gedən turistlərin də böyük marağına səbəb olur. Onlar soyuq suda maska taxmadan 60 fut dərinliyə qədər dala bilir və bu işin texnikasının nəsildən-nəsilə keçərək bu günə qədər çatdığını deyirlər. 


Əlbəttə, bu gün Yaponiyada qadınlar üçün iş imkanları kifayət qədər genişdir. Buna görə də qadın dalğıcların da sayında azalmalar müşahidə edilir. Belə ki əgər II dünya müharibəsindən sonra bu rəqəm 20 000 idisə, bu gün 2000-dir.

Niyə məhz kişilərin deyil, qadınların bu işi görməsinin də xüsusi səbəbləri olduğu deyilir. Əsas səbəb isə qadınlarda subkutan adlanan dərialtı yağın kişilərlə müqayisədə daha artıq olduğu və dənizin altında soyuq suya daha çox dözə bildiyi göstərilir. 


"Qadın dənizçilər” bildirirlər ki, hər dəniz məhsulunun öz fəsli var. Məsələn, stridiyanın fəsli apreldən başlayır, sentyabrın 15-nə qədər davam edir. Dəniz xiyarının sezonu noyabra təsadüf edir. Dəniz yosunu sezonu isə martdır. Təcrübəli bir ama 1 və ya 1,5 saata 400-600 dollar arası pul qazana bilər. Bəziləri isə 1000 dollara qədər qazanmağı bacarır. 


Qadinkimi.com