SƏNƏT
Yaltaqlığa abidə Tarix : 24 İyul 2020, 10:42

 

 MƏDƏNİ ADAM YALTAQLIQ ETMƏZ

1-ci yazı

Amma mədəni Avropanın lap göbəyində çexiyalı heykəltəraş David Çernı dünyada ilk olaraq yaltaqlığa heykəl qoyub və bu qeyri-adi heykəltəraşlıq nümunəsi Praqada müasir sənət Mərkəzində - Future qalereyasındadır. Mən "Yaltaqlığa Abidə” adlanan bu heykəli keçmiş həyatın qarışıq və ziddiyyətli ruhunu müəyyən mənada bərpa edərək qoruyub saxlamağa çalışan qalereyanın həyətində görmüşəm. Heykəli görmək üçün bilet almaq lazım deyil, sadəcə qalereyanın həyətinə girsən, şərqi avropalının yaratdığı nəhəng fiqurlara baxıb heyrətlənəcəksən.

 

Bəs 2003-cü ildə heykəltəraşın dünya tamaşaçısına təqdim etdiyi unikal abidənin əsas fəlsəfəsi və mənası nədən ibarətdir? Nə üçün mədəni avropalının yuxusuna qəflətən hər biri beş metr hündürlükdə olan iki çılpaq kişinin ağ fiqurlarından ibarət "abidə” girib və sonra... onu gerçəkləşdirib?
 
 
 
 
 
Bir qədər müəmma doğuran suallara cavab verməyə çalışacağam. Hələ görək bu fiqurların əlləri niyə beton divarlara söykənib? Kişi fiqurlar 50 dərəcə yerə əyilib, çılpaq şəkildə dallarını dünyaya göstərir, bədənlərinin arxa nahiyyəsindəki xoşagəlməz dəliklərini ədəbsizcəsinə nümayiş etdirirlər. Heykəltəraş simasız dünyaya yaltaqlığın mahiyyətini və fəlsəfəsini bu cür təxribat xarakterli formada çatdırır, birbaşa demək istəyir ki, insanlar arasında münasibətlərdə yaltaqlıq bu cür görünür. Heykəllərin başı yoxdur, bu da, yumşaq desək, ona işarə edir ki, yaltaq və kölə xislətli adamların başı olmur – həm onlar, həm də onların təsir dairəsinə düşənlər abdal və ağıldan kəm adamlardır. Məgər mədəni və qoca Avropada belə şeylər olur? Özümü əziyyətə salmadan deyim: suala ta qədimdən ataların hazır cavabı var - od olmasa tüstü çıxmaz.
Maraqlıdır ki, kişi fiqurlarında təkcə "baş və beyin” yox, həm də sifətlər görünmür. İlk baxışdan adama elə gəlir ki, məntiqlidir – baş yoxdursa, sifət də olmaz! Lakin burda heykəltəraş daha bir incə istehzalı hökm verir: yaltaq adamın siması olmur, o, sifətini də itirir, özünü bir şəxsiyyət kimi məhv edir!.. 
 

David Çernı bu əsəri ilə yaltaqlığın necə göründüyünü dünyaya söyləyib. Bilmirəm, estetik baxımdan buna sənət nümunəsi demək olarmı? Hər halda, belə bir unikal eybəcərlik insanın insanla münasibətlərində yalnız bir qəbahətin (təkcə bir qəbahətinmi?) "heykəlləşən" halının formasıdır. Bu hal nə qədər heyrət doğursa da, tamaşaçıda müharibə qurbanlarına, mənəvi və əxlaqi dəyərlərə, bəşəriyyətə estetik gözəlliklər və faydalı kəşflər bəxş etmiş insanlara, sevgiyə, ümidə, arzuya, etiqada, mərhəmətə və s. bu kimi fəzilətlərə qoyulmuş abidələrdən aldığımız zərif təəssüratlar oyatmır. Əksinə, ürək bulandırır, iyrənclik yaradır. Bu hələ cansız fiqurların doğurduğu ikrah duyğularıdır. Mən bir anlıq "Yaltaqlığa Abidə"ni qoyuram qırağa, gerçək həyatımıza, ətrafımıza baxıram. Məgər biz hər gün onların - yaltaq və yarınan adamların və onların təsiri altında məmnunluqla xumarlanan idarə, müəssisə, təşkilat və şirkət rəhbərlərinin canlı simasını görmürükmü?

 
Bu gün dünyada hər sahədə sürətli dəyişmələr gedir, o cümlədən bizim vaxtilə "yaxşı" və "pis" sandığımız mənəvi-əxlaqi dəyərlərin rəngi, məzmunu və forması da dəyişir. Tarixən hansısa məqsədə çatmaq üçün yaltaqlıq etmək, boyun əymək, özünü alçaltmaq və s. bu kimi xüsusiyyətlər qəbahət sayılıb, insanı miskin və kölə halına vadar edən ictimai mühit və şərait qınanıb. Alimlər, filosoflar, yazıçılar, sərkərdələr, dövlət xadimləri, ümumiyyətlə, dinlər, müqəddəs Kitablar, irqlərin, cinslərin, millətlərin, dövlətlərin və xalqların üzdə olan simaları insana yaraşmayan, zərərverici və ikrah doğuran qəbahətlərə pis baxıblar. Bunlar haqqında nə qədər desən məsəllər, rəvayətlər, nağıllar, dastanlar, müdrik kəlam və ifadələr var. Nəzəri-elmi araşdırmalar, tövsiyə və məsləhət xarakterli, ədəbi-bədii, tarixi əsərlər, kitablar, filmlər, rəsmlər, sənət nümunələri yetərincədir. Amma bütün bunların, sanki faydası olmur, yenə görürsən ki, insan münasibətləri arasında xoşagəlməz və mənfur hallar baş verir, o cümlədən yaltaqlıq halları da. Nə üçün? Məgər mədəni davranışa qətiyyən yaraşmayan yaltaqlıq və yarınma insanın qanındadır? Bəlkə insan genetik, ya da anadangəlmə elə qəbahətlərlə doğulur? Bəri başdan deyim ki, elm də, din də buna qətiyyətlə "yox!" deyir. Həyat və gerçək təcrübələr isə başqa şeylərdən danışır.

 

 

Yaltaqlıq hər şeydən əvvəl etik davranış məsələsidir. İnsanlar arasındakı rəftar və etik davranış tarixi xarakterlidir, nəticə etibarilə cəmiyyətin maddi həyat şəraitinin məhsuludur. Məlum məsələdir ki, hər bir dövrdə müəyyən mərhələdə cəmiyyətlər öz fərdlərinə bəlli əxlaq normaları, əxlaq prinsipləri, davranış qaydaları diktə edir. İnsanlar bu və ya digər şəkildə normalara əməl etməyə borcludurlar, həm də axı buna məsuliyyət daşıyırlar. Etik normalara düzgün və ya qeyri-düzgün əməl etməkdən çox şey asılıdır. Əlbəttə, insanın davranışında yaltaqlıq kimi qeyri-əxlaqi xüsusiyyətin yaranmasının obyektiv və subyektiv səbəbləri çoxdur. Səbəbsiz heç nə baş vermir. Hər halda, mənim fikrimcə, yaltaqlıq fitri deyil, insan duyğularından kənarda, bəlkə də mühitdə yaranan məhsuldur. Yaltaqlığa təkcə təzahür kimi deyil, həm də mahiyyət kimi baxmaq lazımdır, yəni o, obyektivliklə subyektivliyin qarşılıqlı dialektik vəhdəti kimi başa düşülməlidir. Bütün başqa qəbahətlər kimi, yaltaqlıq da sonradan yaranır, inkişaf edir və nəhayət, xarakterə xas olur.

Qərbin, Şərqin, o cümlədən Avroasiya məkanında yerləşən Azərbaycanın bədii-etik fikrində insanın davranışı ilə bağlı etik məsələlər kifayət qədər qabardılıb. Hələ ustad Nizami Gəncəvi qeyd edirdi ki, insanın bütün qəbahətləri və rəzalətləri öz mənbəyini orta həddin pozulmasından götürür, yəni onlar ifratla bağlıdır; böyük şairimiz Aristotelin "qızıl orta hədd" fikrini "İqbalnamə"də açıq-aşkar dəstəkləyir, ona yeni məzmun verir, həddini bilməyi, həddi aşmamağı tövsiyə edirdi:

Ölçü-biçi bilsən hər işində sən,

Böyük hesabları düz həll edərsən...

Elm və ədəbiyyat yaltaqlığı, yarınmağı birmənalı olaraq ifşa edir, bunu insanın ən iyrənc xüsusiyyəti sayır. Rus yazıçısı Anton Çexovun "Kök və arıq" adlı qısa hekayəsi var - rus cəmiyyətində baş verən bu sosial bəlanın mənzərəsini ustalıqla verib: süjet çox sadədir - vağzalda vaxtilə məktəbdə bir yerdə oxumuş və illərlə bir-birini görməyən iki nəfər rastlaşır. Onlardan biri kökdür, restorandan təzəcə çıxıb, dodaqlarının yağı və suyu hələ qurumayıb, yağlı xörək iyi verir; ikinci personaj isə arıqdır, qatardan təzəcə düşüb, əlləri yüklüdür, çamadan daşıyır. Ondan da qəhvə xıltı qoxusu gəlir. Elə ilk sətirlərin bədii detalları - qoxular iki əks qütblü obrazın sosial statusu barədə təsəvvür yaradır. Əlbəttə, qəhvə xıltının iyi kasıb adamdan gələr... Dostlar qəfil görüşdən heyrətlənir, xoşhallanırlar. Çox mehriban görüşür, ilk anlar biri-birinə xoş və həyəcanlı sözlər deyirlər:"Porfiriya! Əzizim!", "Mişa! Ah, mənim uşaqlıq dostum!". Hətta üç dəfə öpüşürlər...

Adama elə gəlir ki, gözlənilməz görüşdən sonra xatirələrin ucu-bucağı görünməyəcək, köhnə dostlar başlayacaqlar ötən günləri həzin-həzin xatırlamağa... Lakin görüşdən alınan nəşənin ömrü çox qısa olur. Kök adam deyir ki, o, məxfi idarədə işləyən müşavir vəzifəsinə qalxıb. Arıq adamın rəngi dərhal ağarır, donub qalır, az sonra üzündə yaltaq bir gülüş əmələ gəlir. Sanki gözlərindən və üzündən qığılcımlar səpələnir, əzilib-büzülməyə başlayır, o qədər alçalır ki, çamadanları da qırışlanır, arvadının onsuz da uzun olan çənəsi lap uzanır, arxadan gələn oğlu da əsgər kimi farağat durur... Bir rus ailəsinin qəfildən belə qəribə duruma düşməsi və dəyişməsi çox sadə izah edilir: məktəb dostları arasında sosial statusa görə çox böyük fərq var- kök adam yuxarı təbəqəyə, arıq adam isə adi, alt təbəqəyə mənsubdur. Arıq adam dərhal qarşısındakına ağa kimi baxır, onu kübar bilir, nitqi də dərhal dəyişir, alçalır, kəkələyir: "Zat aliləri, icazə verin diqqətinizə çatdırım ki... Möhtərəm cənab...". Beləliklə, arıq adam daha çox ictimai mövqeyə, sosial statusa dəyər verir, özündən yuxarıda duran məmurun qabağında alçalır... Yazıçı demək istəyir ki, bu, qul psixologiyasıdır - qul hər cür alçaqlığa hazırdır...

 


 



 
Kamran Nəzirli 
 
 
 

 
qadinkimi.com