YAZI / DÜŞÜNCƏ
YALQIZLAR ZƏKİ VƏ VƏFALI OLANLARDI Tarix : 16 Noyabr 2019, 18:43

 

Təklik yalqızlıq deyil

Tanışlarınız arasında tək yaşayanlar – yalqızlığa meyilli olanlar yəqin ki, var. Əslində, onlar ən sadiq və ağıllı insanlardır. Onların çevrəsi məhdud olur, çox adamla ünsiyyətə can atmırlar. Çünki onlara belə daha rahat və komfortludur. Sizə beləsi ilə dostlaşmaq nəsib olubsa, deməli bəxtiniz gətirib.

Adamların çoxu fərqinə varmadan çox adamla ünsiyyətə, çox adamla dostluğa çalışır. Təkliyə meyilli adamlar kütlədən uzaq olmağa can atır. Onların hansısa şablon söhbətləri eşitməmək, kütləvi xəbərlərdən məlumatsız qalmaq kimi qorxusu yoxdur. Bütün bunlar onlar üçün maraqsızdır. Qəribə səslənsə də tənha adamlar özlərini tənha - yalqız hiss etmirlər. Onlar yalqız olmur, sadəcə öz çevrələrini müəyyənləşdirir, kütləviliyə deyil, seçilmiş adamlarla ünsiyyətə üstünlük verirlər.


Qeybət və mənasız söhbətlər onlara yaddır

Sizin belə dostunuz varsa, deməli, sizin fərqli olduğunuzu hiss edib. Belə insanlar reallığı görən, daha aydın düşünəndir və siz şanslısınız. Kütləyə qarışmayanlar özləri ilə darıxmayan, həyat hadisələrini düzgün mühakimə edən, sağlam düşünə bilənlərdir. Onlar qeybət etməyi, məişət səviyyəli mənasız söhbətlərə qarışmağı sevmir. Bu ətrafa daha düzgün yanaşmaq və anlamaq imkanı verir.

Təklər iç dünyasına üstünlük verənlər – introvert və xarici aləmə münasibətə - üstünlük verənlər - ekstravert olmaqla özləri də fərqlənir. Ümumilikdə isə onların fərdlərə və kütləyə münasibəti oxşardır.


Ekstravertlər asanlıqla ünsiyyət qurmağı, yeni münasibətlər yaratmağı bacarır. Onların münasibətləri, adətən, dayanıqlı olur, daha çox insanlarla əlaqə yaratmaq onları narahat etmir. Amma ətrafında çox adamın olması xətrinə kimlə gəldi dostluq etməyə də can atmırlar. İstənilən münasibətdə müəyyən sərhəd saxlayır, adamı yaxından tanımağa çalışırlar. Həyatlarını saxta təbəssümlər və mənasız adamlarla doldurmaqdansa, tək yaşamağa üstünlük verirlər. Əgər sizə bu tip insanla ünsiyyət nəsib olubsa, deməli, ağlınıza gəlməyən bir çox sınaqdan keçmisiz və özünüzə sədaqətli dost qazanmısız.

 

Giriş ancaq seçilmişlər üçündür


Tək introvertlər fərqlidir.Onlar kütləvi yerlərdə özlərini narahat hiss edir. Onlar üçün bir – neçə adamla sakit bir guşədə vaxt keçirmək daha maraqlı və rahatdır. Çox adamla ünsiyyətə can atmırlar. Onlar yalnız ruhən, iç dunyasına yaxın, intellektual, bilik səviyyəsi, dünyagörüşü onlara uyğun adamlarla münasibət qura bilir, belələrinə dəyər verirlər.


Təkliyə meyilli dostunuz varsa, bəxtiniz gətirib.

Təkliyi sevənlərin ağıla, həqiqi, saxtalıqdan uzaq hisslərə üstünlük verdiyini unutmayın. Beləsi əsil sədaqətli, etibarlı, sevgi dolu dost olur.

Onunla dürüst olun, yalan danışmayın. Səhvinizi, doğru hesab etmədiyiniz hər hansı hərəkəti etiraf edin. Yoxsa, dəyərli birini itirə bilərsiz. Müştəbehlik, saxtalıq, yalan təklərin adlaya bilmədikləri səddir.

Təklik yalqızlıq deyil. 


Çevirdi: Kamalə Abiyeva

qadinkimi.com