SEVGİ
Xoşbəxt olmaq üçün güvənəcəyimiz insana ehtiyacımız varmış… ARAŞDIRMA Tarix : 24 Noyabr 2022, 16:44

Xoşbəxt olduğunuz və ya (pafosu bir az azaldaq) özünüzü yaxşı hiss etdiyiniz, güldüyünüz və ya gülümsədiyiniz vaxtları xatırlayın. Bu yaddaşı təzələyin və incəlikləri xatırlamağa çalışın.


Çox güman ki, başqa insanlarla birlikdə olduğunuz zamanları xatırladınız. Mən adətən xizək sürdükdən sonra əlimdə bir stəkan viski ilə yanan kamin qarşısında, dostlarımın əhatəsində, kiçik bir evdə oturduğumu xatırlayıram.


Mən dünyanın hər yerində dinləyiciləri yaxşı şeyləri xatırlamağa dəvət etdikdə, əksər hallarda onlar başqa insanlarla birgə olduqları vaxtları xatırlayırlar. Bu, əlbəttə ki, bizim xoşbəxtliyimiz üçün başqalarının birbaşa önəmini sübut etmir. Amma rəqəm və məlumatların vizual şəkildə izlənib yadda saxlanılması bizim üçün daha asan olur.


Bəs bu nədən xəbər verir? 


İnsanların dostları, həmkarları və ya ailəsi ilə söhbət etmək üçün nə qədər tez-tez görüşdüyünə baxdıqda aydın bir nümunə tapırıq. Nə qədər çox insanla görüşsə, bir o qədər xoşbəxt olur. Halbuki kəmiyyət başqa, keyfiyyət isə tamam başqa anlayışdır.


Demək olar ki, adamla dolu otaqda özünü tənha hiss edə bilən tək mən deyiləm. 


Biz başqalarıyla görüşə bilərik və onlarla ünsiyyət də qurarıq, lakin sual budur: həqiqətən də bizim ünsiyyətimiz alınırmı? 


Mən sizi anlayırammı?  Siz məni anlaya bilirsinizmi? Mənə özünüzü gizlətməyə gərək duymadan güvənirsinizmi? Sizə yaxınlaşmağa icazə verirsinizmi? 


Rəqəmlər bunu göstərə bilər. Şəxsi məsələlər barədə nə qədər çox insanla danışa biliriksə, bir o qədər xoşbəxtik. 


Deməli, təklik xoşbəxtliyə ziyan verir.  Möhtəşəm kəşfdi, elə deyilmi? İki min ildən də əvvəl Aristotel insanın sosial heyvan olduğunu deyib, 1940-cı illərdə Maslounun ehtiyaclar piramidası da göstərdi ki, sevgi və aid olma istəyi yalnız təhlükəsizlik bazasından və fizioloji ehtiyaclardan sonra gəlir.


Geniş statistik məlumatlara əsaslanan xoşbəxtliklə bağlı müasir araşdırmalar da bu tapıntıları təsdiqləyir. Birləşmiş Millətlər Təşkilatının Dünya Xoşbəxtlik Reytinqinə görə, dünya ölkələri arasında xoşbəxtlik fərqinin təxminən dörddə üçü altı amildən asılıdır.


Bunlardan biri sosial dəstəkdir (digər beşinə sonrakı fəsillərdə toxunulacaq).


Sosial dəstəyin səviyyəsini qiymətləndirmək üçün insanlardan ehtiyac yaranarsa, güvənəcəkləri bir kimsənin olub-olmaması soruşulur. Bu, çox kobud ikili hesablama üsuludur, lakin bizim əlimizdə olan və dünyanın hər yerindən əldə edilən məlumat göstərir ki, həqiqətən bu, xoşbəxtlik səviyyəsini müəyyən edir.


Mayk Vikinq "Ən xoşbəxt adamlar axtarışında” kitabından


Tərcümə: Aysel Alizada